Bu gün Şərqin ilk dünyəvi demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən bəri Respublika Günü kimi qeyd edilən bu gün 2021-ci il 15 oktyabrdan etibarən Müstəqillik Günü kimi qeyd olunur.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, türkoloq alim Faiq Ələkbərli "Operativ Media"ya bildirib ki, 1918-ci ilin mayın 28-də qurulmuş Azərbaycan Cümhuriyyəti həm türkçülüyümüzün, həm Azərbaycanlığımızın yenidən dirçəlişidir:
“Yəni biz tarix boyunca bu coğrafiyada bir çox türk dövlətləri, hətta imperiyaları belə qura bilmişik. Bu ərazilərdə Manna, Midiya, Səlcuqlar, Xəzərlər, Baharlılar, Bayandurlar, Səfəvilər, Əfşarlar, Qacarlar və başqa yeni dövlətlər olub. Bu böyük dövlətlərimiz son dönəmlərdə zəifləyərək süquta uğradılar. 1918-ci ilin mayın 28-də qurulmuş Azərbaycan dövləti bizim üçün yenidən bir ümid işığı oldu. Məhəmməd Xiyabani təbiri ilə desək, külə dönmüş Azərbaycan içərisində yenidən bir qığılcım doğdu. Şübhəsiz ki, bunun başında da əsas duranlardan biri Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Məhz Rəsulzadənin həm irəli görüşlü, çox müdrik bir siyasətçi olması nəticəsində hüquqi, demokratik, milli, sosial bir dövlət quruldu və dövlətə Azərbaycan adı verildi. O dönəmin şərtləri ilə, yəni sosializm, demokratiya, liberalizm, milliyyətçilik, islamçılıq kimi ziddiyyətli dönəmlərdə məhz milli demokratik bir dövlət qurmaq, doğrudan da, çox böyük bir hadisə idi. Məhəmməd Əmin Rəsulzadə başda olmaqla bu dövləti quran kişilər onu elə bir ruhda və ideologiyada qurdular ki, yəni 100 illər boyu yaşayacaq bir dövlət mahiyyətini təşkil edirdi. Bayrağımızın türklüyümüzü, çağdaşlığımızı, islamlığımızı ifadə etməsi, adımızın tarixi, bütün bunlar cəmləşib bu gün bizi dünyada 50-60 milyonluq xalq kimi tanıdıb.
Böyük və bütöv bir Azərbaycanı ortaya qoymaq üçün mayın 28-də çox önəmli addım atıldı. Baxmayaraq ki, dövləti quranların bir əsgəri, bir polisi yox idi. Ancaq vaxtilə böyük dövlətlərimizdə, təbii ki, bütün bunlar var idi. Ancaq 1918-ci ildə bizi güneydə, quzeydə elə bir hala gətirdilər ki, biz özümüz özümüzü az qala inkar etmək həddinə gəlib çatmışdıq. Hər halda külümüzdən qığılcımlar doğular və bu qığılcımlar bütöv, milli demokratik Azərbaycanı ortaya qoydu. 1991-ci ildə müstəqilliyimizi bərpa etdik. Daha sonra 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda böyük addımlar atıldı.
Antiterror hərbi əməliyyatları nəticəsində xeyli dərəcədə Azərbaycanımızın quzeyindəki torpaqlarımıza sahib çıxdıq. Zaman bizimdir, yol bizimdir. Ümid edirəm, 50- 60 milyonluq xalq kimi Azərbaycanın haqq etdiyi bütün torpaqlardan üçrəngli bayrağımız dalğalanacaq və Azərbaycan türkləri onun kölgəsində inam və qətiyyətlə yaşamağa davam edəcək”.
Sevinc İbrahimzadə