Çimərlik mövsümü başlayır: qiymətlər necədir?

Nərmin Qocamanlı
Çimərlik mövsümü başlayır: qiymətlər necədir?

Azərbaycanda çimərlik mövsümü rəsmi olaraq iyun ayının 15-də açılır. Çimərlik mövsümünə sayılı günlər qaldığından artıq əksər restoran və iaşə obyekləri tam hazır vəziyyətə gətirilib. Stol-stul dəstləri düzülüb, abadlıq işləri yekunlaşıb. 

“Operativ Media” dənizkənarı obyektlərdə qiymətləri araşdırıb.

Novxanı çimərliyində yerləşən istirahət mərkəzlərindən birinin administratoru İbrahim Novruzov deyir ki, obyekt ərazisindən insanların daxil olaraq, dənizdə çimməsinə heç bir məhdudiyyət tətbiq etmirlər.

“Xidmət qiymətləri növünə görə dəyişir. Məsələn stol-stul dəsti, üzərinin kölgəliyi ilə birlikdə adam sayına görə, 10-30 manata veriləcək. Ötən il ilə müqayisədə bu il yemək qiymətlərində də ciddi dəyişiklik gözlənilmir. Kabablarımızın qiymətləri hər il olduğu kimidir. Qiymətlər 6 manatdan başlayır 8 manata qədər dəyişir. Qutablar 1 manat, 1 manat 50 qəpikdir. Salatlar 3- 5 manat civarında dəyişir. Alkoqolsuz içkilər isə 3 manatadır”.

Novxanı ərazisində olan akvaparklara giriş isə 30 manatdır. Qiymətə çətirli şezlonq, hovuz və duş daxildir. 

Bilgəh çimərliyində isə stol-stul dəsti 10 manatadır. Bu qiymət yalnız stol üçün nəzərdə tutulub. Əlavə lejanka isə hər bir şəxs üçün 5 manatdır. Bu ərazidə olan akvapark həftə içi giriş qiyməti 30 manat, həftəsonu isə 40 manatdır. 

Şüvəlan çimərliyində isə akvapark girişi həftəiçi 35 manat, həftəsonu 40 manatdır. İaşə obyektlərində qiymətlər isə 15 manatdan başlayır.

Pirşağı çimərliyində dənizkənarı besetka götürmək istəyənlər isə 30 manat ödəməlidirlər. Obyekt sahibləri deyir ki, masa və lejanka üçün 20 manat ödəmək lazımdır. Tələbat isə daha çox besetkalara olur. Ümumiyyətlə bu çimərliyin qumu müalicəvi hesab edildiyindən hər il xarici turistlər də bura üz tutur.

Şıx çimərliyindəki akvaparklara giriş 10 manatdan başlayır. Hovuzdan istifadə üçün isə əlavə ödəniş tələb olunur. Həm hovuz, həm çimərlik üçün giriş 15 manatdır. 

İstirahətə gələnlərin özləri ilə qida gətirmələrinə gəldikdə isə, bildirildi ki, bəzi qida məhsulları ilə restoran ərazisinə daxil olmaq qadağandır. Bəzi istirahət mərkəzləri qarpız, günəbaxan tumu və spirtli içkilərlə girişə məhdudiyyət tətbiq edir. Akvaparkların böyük əksəriyyəti isə ümumiyyətlə qida ilə girişə qadağa tətbiq edir.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən dənizdə icazə verilən bütün hissələrdə insanların çimərlikdən istifadə etməsinə pulsuz şərait yaradılmalıdır. Bununla yanaşı son iki ildir ki, paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilər tullantılardan təmizlənərək həmin yerlərdə pulsuz ictimai çimərliklər yaradılıb. Dənizə üz tutanlar bu çimərliklərdən də yararlana bilərlər.

Digər xəbərlər