Menyu

COP31 yekun sənəd qəbul edilmədən başa çatıb

Operativ Media
COP31 yekun sənəd qəbul edilmədən başa çatıb
1 dəq oxu

Antalyada keçirilən BMT-nin COP31 iqlim konfransı tarixində ən uzunmüddətli tədbir olub və 2009-cu ildən bəri ilk dəfə yekun sənəd qəbul edilmədən başa çatıb.

Operativ Media xəbər verir ki, bu barədə T24 portalı məlumat yayıb.

Portalın şərhinə görə, Antalyada həllini tapmayan məsələlər Bonn şəhərində keçiriləcək aralıq görüşlərdə, daha sonra isə Efiopiyanın paytaxtı Addis-Ababada təşkil olunacaq COP32 konfransında müzakirə ediləcək.

Türkiyə hakimiyyəti COP31-in nəticələri ilə bağlı hələlik açıqlama verməyib. Konfransın yekun plenar iclasında çıxış edən sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim naziri Murat Kurum yekun qətnamə layihəsi üzrə konsensusa nail olunmadığını bildirib.

Türkiyə və Avstraliyanın təqdim etdiyi 94 bənddən ibarət üçüncü yekun deklarasiya layihəsində dünya üzrə qlobal istiləşmənin 1,5 dərəcə Selsi həddini aşmaq təhlükəsinin olduğu qeyd edilib. Sənəddə həmçinin Türkiyənin 2035-ci ilədək elektrik enerjisinin dünya enerji balansındakı payının 35 faizə çatdırılması təşəbbüsü dəstəklənib.

Layihədə bərpaolunan enerji mənbələrinin inkişafı, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliklərinə uyğunlaşmaq üçün yardım göstərilməsi də nəzərdə tutulub. Bununla belə, yekun variantdan maliyyələşmənin həcmi ilə bağlı müddəa çıxarılıb. Əvvəlki müzakirələrdə bu məqsədlə ildə 120 milyard dollar ayrılması təklif edilmişdi.

Antalyada 102 ölkənin liderləri və nümayəndələrinin iştirakı ilə keçirilən konfrans noyabrın 9-da başlayıb və noyabrın 20-də başa çatmalı idi. Yekun deklarasiya layihəsində qlobal istiləşməyə səbəb olan kömür, neft və qazdan mərhələli imtina ilə bağlı birbaşa çağırış və öhdəliklərin yer almaması səbəbindən tədbirin müddəti uzadılıb.

Yekun sənəddə yalnız Dubayda keçirilən COP28-də əldə olunmuş və fosil yanacaqlardan keçidin nəzərdə tutulduğu əvvəlki razılaşmaya istinad edilib. Oksijen (Oksijen) qəzeti daha əvvəl Avropa İttifaqının bir neçə üzvü də daxil olmaqla, 11 ölkənin deklarasiyanı imzalamaqdan imtina etdiyini yazıb.

Əlaqəli Xəbərlər