Menyu

Avstriya Xarici İşlər Nazirliyinin saytına kiberhücum olub

Operativ Media
Avstriya Xarici İşlər Nazirliyinin saytına kiberhücum olub
1 dəq oxu

Avstriya Xarici İşlər Nazirliyi rəsmi veb-saytına kiberhücum edildiyini açıqlayıb. Hücum nəticəsində kiberdələduzlar nazirlik əməkdaşlarının və xaricdəki diplomatik nümayəndəliklərin rəsmi əlaqə məlumatlarına çıxış əldə ediblər.

Operativ Media xəbər verir ki, bu barədə nazirliyin bəyanatına istinadən Avstriya Mətbuat Agentliyi (APA) məlumat yayıb.

Sənədə əsasən, xarici podratçı tərəfindən idarə olunan veb-sayta icazəsiz müdaxilə noyabrın 12-dən 13-nə keçən gecə qeydə alınıb. Hadisə “Microsoft” sistemlərində baş verən qlobal nasazlıqla eyni vaxta təsadüf edib. İcazəsiz giriş noyabrın 13-də aşkarlanaraq dərhal bloklanıb.

Ekspert qrupunun araşdırması zamanı məlum olub ki, hakerlər XİN-in mərkəzi aparatının, eləcə də Avstriyanın xaricdəki diplomatik nümayəndəliklərinin əməkdaşlarının adları və işgüzar əlaqə məlumatları əks olunan qeydlərə daxil olublar. Bununla belə, nazirlik insident zamanı heç bir məxfi və ya fərdi məlumatın oğurlanmadığını bildirib.

Nazirlik xarici podratçı ilə birgə sistemin mühafizəsi üçün təxirəsalınmaz tədbirlər görüldüyünü və hadisəyə ciddi yanaşıldığını vurğulayıb. İnsidentlə əlaqədar təhlükəsizlik sistemlərində əlavə texniki yoxlamalar aparılıb.

Qeyd edək ki, Avstriya Xarici İşlər Nazirliyi bundan əvvəl də kiberhücumların hədəfi olub. 2020-ci ilin əvvəlində qurum fevral ayınadək davam edən genişmiqyaslı kiberhücuma məruz qalıb, 2022-ci ilin aprelində isə fişinq məktubları vasitəsilə hücum cəhdləri qeydə alınıb.

Əlaqəli Xəbərlər