Menyu

Peşə təhsilinə maraq artır: İşəgötürənlər hansı kadrları axtarır?

Ayşən Sadıxzadə
Peşə təhsilinə maraq artır: İşəgötürənlər hansı kadrları axtarır?
6 dəq oxu

Əmək bazarında baş verən dəyişikliklər, yeni texnologiyaların tətbiqi və iqtisadiyyatın müxtəlif sahələrində ixtisaslı kadrlara artan tələbat peşə təhsilinin əhəmiyyətini getdikcə artırır. Müasir dövrdə yalnız nəzəri biliklərə yiyələnmək kifayət etmir. İşəgötürənlər konkret peşə bacarıqlarına, praktiki təcrübəyə və müasir texnologiyalarla işləmək qabiliyyətinə malik mütəxəssislərə üstünlük verirlər. Bu baxımdan peşə təhsili müəssisələrində kadr hazırlığının əmək bazarının real tələblərinə uyğunlaşdırılması əsas məsələlərdən birinə çevrilib.

Azərbaycanda peşə təhsilinin inkişafı, yeni ixtisasların yaradılması və tədris proqramlarının müasirləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bununla yanaşı, hazırlanan mütəxəssislərin işəgötürənlərin tələblərinə nə dərəcədə cavab verməsi, məzunların ixtisasları üzrə işlə təmin olunması və təhsil müəssisələri ilə özəl sektor arasında əməkdaşlığın səviyyəsi aktual olaraq qalır. Bəs Azərbaycanda peşə təhsili əmək bazarının dəyişən tələblərinə nə dərəcədə uyğunlaşdırılıb? Hansı sahələrdə ixtisaslı kadrlara daha çox ehtiyac var və mövcud təhsil sistemi bu tələbatı qarşılaya bilirmi?

Peşə təhsilinə maraq 4 ildə 77 faiz artıb

Azərbaycanda peşə təhsilinə maraq son illərdə əhəmiyyətli dərəcədə yüksəlib. 2022-ci illə müqayisədə 2026-cı ildə peşə təhsili alanların sayı 47 faiz, bu sahədə təhsil almaq üçün müraciət edənlərin sayı isə 77 faiz artıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Operativ Media-ya verilən məlumata görə, 2022-ci ildə ölkədə peşə təhsili alanların sayı 19 min nəfər olub. 2026-cı ildə bu göstərici 47 faiz artaraq 28 min nəfərə çatıb.

Peşə təhsili almaq istəyənlərin sayında da nəzərəçarpan artım qeydə alınıb. Belə ki, 2022-ci ildə bu məqsədlə 29 min nəfər müraciət etmişdisə, 2026-cı ildə müraciətlərin sayı 77 faiz artaraq 52 min nəfər olub.

Agentlikdən bildirilib ki, qəbul planında ən çox yer ayrılan ixtisaslar arasında aşpaz, bərbər-vizajist-manikürçü, dərzi, elektrik montyoru, əməliyyatçı mühasib, elektrik-qaz qaynaqçısı, kompüterlərin təmiri və xidməti üzrə texnik, qrafik dizayner, dayə, avtomobillərin təmiri çilingəri və bitkiçilik mütəxəssisi kimi peşələr yer alır.

Qeyd olunub ki, peşə təhsili müəssisələrinə qəbul planı hər il həmin müəssisələrdən daxil olan sifarişlər əsasında formalaşdırılır. Bu zaman müvafiq regionun əmək bazarındakı tələbat, işəgötürənlərin mövqeyi, müəssisənin maddi-texniki bazası və infrastrukturunun seçilmiş ixtisas üzrə tədris aparmağa uyğunluğu, eləcə də zəruri kadr potensialının mövcudluğu nəzərə alınır.

Hazırlanmış qəbul planı layihəsi İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin rəyləri nəzərə alınmaqla təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilir. Qəbul planı Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiqlənir.

Peşə təhsilində kadr hazırlığı və yeni tələblər

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Azərbaycanda peşə təhsilinin inkişafı istiqamətində mühüm addımlar atıldığını bildirib.

Onun sözlərinə görə, peşəkar kadrların hazırlanması ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Qarabağda aparılan quruculuq işləri və qarşıdakı inkişaf perspektivləri müxtəlif peşə sahələri üzrə mütəxəssislərə tələbatı daha da artırır.

Deputat dülgərlik, tikişçilik, dərzilik, saat ustalığı və digər sənət sahələri üzrə ixtisaslı kadrlara ehtiyac olduğunu vurğulayıb.

O qeyd edib ki, əsas məsələlərdən biri bütün peşələr üzrə standartların daha qısa müddətdə hazırlanmasıdır. Bu, strateji əhəmiyyət daşıyan istiqamətlərdən biridir. Eyni zamanda, peşə təhsilinin inkişafı üçün zəruri şəraitin yaradılması da vacibdir.

C.Məmmədovun fikrincə, əmək bazarında müxtəlif peşələrə ciddi tələbat olsa da, insanların ixtisas seçimi zamanı düzgün istiqamət müəyyənləşdirməsi xüsusi əhəmiyyət daşıyır. Gənclər seçim edərkən əmək bazarının ehtiyaclarını və gələcək məşğulluq imkanlarını nəzərə almalı, tələbat olan sahələrə yönəlməlidirlər. Yalnız bu halda peşə təhsili real nəticələr verə bilər.

Əmək bazarında hansı ixtisaslara ehtiyac var?

Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov iqtisadiyyatın şaxələndirilməsi, sürətli rəqəmsallaşma və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin əmək bazarının strukturunda ciddi dəyişikliklərə səbəb olduğunu bildirib.

Onun sözlərinə görə, hazırda işəgötürənlər yalnız ali təhsil diplomuna deyil, konkret praktiki bacarıqlara malik mütəxəssislərə daha çox üstünlük verirlər. Mövcud statistika və vakansiyaların təhlili əmək bazarında tələbatın əsasən iki istiqamətdə cəmləşdiyini göstərir: rəqəmsal sahələr və real sektorun texniki peşələri.

İ.Orucov qeyd edib ki, informasiya texnologiyaları, proqramlaşdırma, kibertəhlükəsizlik, İT dəstək, maliyyə-mühasibatlıq və rəqəmsal marketinqlə yanaşı, tikinti, sənaye, aqrar sektor və xidmət sahələrində də mütəxəssislərə böyük ehtiyac var. Xüsusilə elektrik montyorları, qaynaqçılar, inşaat və avadanlıq ustaları, kənd təsərrüfatı texnoloqları, aşpazlar, turizm və iaşə xidməti üzrə mütəxəssislər əmək bazarında axtarılan kadrlar sırasındadır.

Ekspertin sözlərinə görə, peşə təhsili müəssisələrində kadr hazırlığı da bu tələblərə uyğunlaşdırılır. Son illərdə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən qəbul planının əmək bazarının real sifarişləri əsasında formalaşdırılması bu istiqamətdə atılan addımlardandır.

O bildirib ki, rəsmi məlumatlara əsasən, ölkə üzrə fəaliyyət göstərən 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə 40 minə yaxın tələbə təhsil alır. Qəbul planının 74 faizini isə dövlət sifarişli yerlər təşkil edir.

İ.Orucov diqqətə çatdırıb ki, ənənəvi peşələrlə yanaşı, əmək bazarının yeni tələblərinə uyğun olaraq geodeziya və kartoqrafiya, satınalmaların təşkili, qida emalı texnologiyaları, alternativ enerji avadanlıqlarının istismarı, proqramlaşdırma və istixana operatorluğu kimi ixtisaslar da tədris proqramlarına daxil edilib.

Onun fikrincə, həyata keçirilən islahatlar həm təhsilin keyfiyyətinin yüksəldilməsi, həm də məzunların məşğulluq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bu istiqamətdə dual peşə təhsili modelinin tətbiqi xüsusi rol oynayır. Hazırda bu model 33 müəssisədə 53 ixtisas üzrə həyata keçirilir.

Ekspert bildirib ki, dual təhsil modeli tələbələrə nəzəri bilikləri təhsil müəssisələrində, praktiki bacarıqları isə birbaşa özəl şirkətlərdə və istehsalat müəssisələrində qazanmaq imkanı verir. İşəgötürənlərlə əməkdaşlıq, eləcə də müasir avadanlıqlarla təchiz olunmuş peşə mərkəzləri məzunların əmək bazarına daha hazırlıqlı daxil olmasına şərait yaradır. Bununla belə, regionlardakı bəzi müəssisələrin maddi-texniki bazasının yenilənməsi və özəl sektorun kadr hazırlığında daha fəal iştirakı vacib məsələlər olaraq qalır.

Rəqəmsal və ənənəvi peşələrə tələbat artır

İnsan resursları üzrə ekspert Aytən Şamxəlilqızı da əmək bazarında tələblərin dəyişdiyini və bir sıra sahələrdə peşəkar kadrlara ehtiyacın artdığını bildirib.

Onun sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi, yeni layihələrin həyata keçirilməsi və rəqəmsallaşma prosesləri həm müasir texnoloji ixtisaslara, həm də ənənəvi peşələrə tələbatı artırır. Bəzi sahələrdə işəgötürənlərin ixtisaslı kadrlara ehtiyacı mövcud təklifi üstələyir.

Ekspert ilk növbədə informasiya texnologiyaları sektoruna diqqət çəkib. O qeyd edib ki, proqram təminatı mühəndislərinə, kibertəhlükəsizlik mütəxəssislərinə və data analitiklərinə ciddi ehtiyac var. Xüsusilə bu sahələrdə nəzəri biliklərlə yanaşı, praktiki təcrübəyə və müasir texnologiyalarla işləmək bacarığına malik mütəxəssislər daha çox axtarılır. Rəqəmsallaşmanın genişlənməsi şirkətlərin və müxtəlif qurumların bu istiqamətdə kadr tələbatını artırır.

A.Şamxəlilqızı yaşıl enerji və bərpaolunan enerji sektorunun da perspektivli istiqamətlərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu sahədə layihələrin genişlənməsi mühəndislərə, texniki işçilərə və müvafiq istiqamətlər üzrə ixtisaslaşmış kadrlara ehtiyacı artırır. Gələcəkdə də bu sahədə peşəkar mütəxəssislərə tələbatın davam edəcəyi gözlənilir.

Ekspert ənənəvi texniki peşələrin də əmək bazarında əhəmiyyətini qoruduğunu bildirib. Belə ki, tikinti və sənaye sektorunda qaynaqçılara, elektrik montajçılarına, ağır texnika operatorlarına və müxtəlif istiqamətlər üzrə ustalara ehtiyac var. Bu peşələr üzrə ixtisaslı və iş təcrübəsinə malik kadrların hazırlanması müəssisələrin fəaliyyətində mühüm rol oynayır.

Xidmət sektorunda da peşəkar mütəxəssislərə tələbat artır. Turizm və otelçilik sahəsinin inkişafı aşpazlara, xidmət personalına və xarici dil bilən mütəxəssislərə ehtiyacı gücləndirir. Bu sahədə çalışanlardan yalnız peşə bacarıqları deyil, həm də yüksək xidmət mədəniyyəti və düzgün ünsiyyət qurmaq qabiliyyəti tələb olunur.

A.Şamxəlilqızı kənd təsərrüfatında da müasir aqronomlara və aqrotexnika üzrə mütəxəssislərə ehtiyac olduğunu vurğulayıb. Onun fikrincə, ümumilikdə əmək bazarında həm yüksək texnologiyalarla bağlı ixtisaslara, həm də praktiki bacarıq tələb edən ənənəvi peşələrə tələbat mövcuddur. Buna görə də ixtisas seçimi zamanı yalnız müasir tendensiyalar deyil, əmək bazarının real ehtiyacları və gələcək məşğulluq imkanları da nəzərə alınmalıdır.

Qeyd: Material Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması istiqaməti üzrə hazırlanıb.

Əlaqəli Xəbərlər