"Apple" Çində işləmək üçün tərəfdaş tapmalı olacaq
Nərmin Qocamanlı
"Apple" regionda öz smartfonlarında süni intellekt (AI) funksiyalarını işə salmaq üçün Çin tərəfdaşı tapmalı olacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb.
Bildirilib ki, WWDC 2024 sərgisində elan edilən "Apple Intelligence AI" funksiyaları Çində tam işləməyəcək. Buna görə də şirkət süni intellekt modelini dəyişməli və onu öz AI modelləri ilə təmin etmək üçün ölkədə tərəfdaşlar tapmalı olacaq.
"Apple" hazırda "Baidu", "Alibaba Group" və "Baichuan AI" ilə danışıqlar aparır.
WSJ-nin məlumatına görə, Çin 2024-cü ilin ortalarına qədər 117 generativ süni intellekt modelini və ya alətini sertifikatlaşdırıb. Üstəlik, onların arasında ölkədən kənarda yaradılan bir dənə də olsun məhsul yoxdur. Buna görə də, Çin səlahiyyətlilərinin "Apple Intelligence"i təsdiqləmə ehtimalı olduqca aşağı olaraq qalır.