Tarix sübut edir ki, media orqanları tərəfindən işıqlandırılan materiallar hər zaman ictimaiyyət tərəfindən artan maraqla qarşılanır. Son illər aparılan təhlillər göstərir ki, bu fikir xüsusilə ekoloji problemlərlə bağlı nəşrlərə aiddir. Məhz ekoloji gündəm əhalinin davranış niyyətlərini formalaşdırır, fəallıq dərəcəsini müəyyən edir və ekoloji düşüncə mədəniyyətini yaradır.
Qeyd edək ki, ekoloji fəallıq məsələləri bu gün elmin və sənayenin müxtəlif sahələrində tədqiqatlar aparan dünya alimləri tərəfindən araşdırılır. Aparılan tədqiqatlar arasında rəqəmsal mühitdə ekoloji fəallıq və sosial mediada “yaşıl” jurnalistika xüsusilə diqqət çəkir.
Sirr deyil ki, internet kommunikasiyanın kütləvi inkişafı kontekstində ünsiyyət prosesi haqqında ənənəvi mülahizələr dəyişib. İnternet media üçün sosial şəbəkələr vasitəsilə auditoriya ilə təmaslar çox vacibdir: informasiyanın qarşılıqlı əlaqəsi anlayışı müasir informasiya mühitinin xüsusiyyətlərinə cavab verir.
Bu konsepsiya ənənəvi media vasitələrinin transformasiyasının və kommunikasiyanın internetə keçidinin əsasını təşkil edir. Bu zaman media vasitəçi rolunu oynayır və istifadəçi aktivliyinə təkan verir. Onlayn media üçün sosial şəbəkələrə keçid auditoriyanı genişləndirmək və saxlamaq və ekoloji problemləri aktuallaşdırmaq deməkdir.
“Yaşıl” jurnalistikanın tarixinə nəzər salsaq, ilk öncə qeyd etməliyik ki, onun formalaşması və inkişafı problemi ilk dəfə 1986-cı ildə, Çernobıl AES-in nüvə reaktorunda partlayış xəbəri ilə dünyanı şoka salan zaman ictimai müzakirəyə çıxarılıb. Mütəxəssislərin qənaətincə, bu hadisədən sonra ictimaiyyət informasiya vakuumunun yaratdığı böyük ekoloji gərginlik yaşadı. Jurnalistlər səriştəsizliyi, texniki vasitələrin (internet və mobil rabitə) olmaması, ekoloji məlumatların məxfiliyi ucbatından informasiyaya olan sosial tələbatı ödəyə bilmirdilər.
Yuxarıda qeyd etdiyimiz kimi, ətraf mühit problemi son illərdə populyarlıq qazanmışdır. Cəmiyyətimiz tərəqqiyə doğru irəlilədikcə bəşəriyyət getdikcə daha çox ekoloji problemlə üzləşir. Bu problemlə bağlı məlumatlılıq ekspertlər, tədqiqatçılar, jurnalist və dünyanın hər yerindən hər kəsin müzakirəsini və təhlilini artırır. Sosial şəbəkələrdə çox vaxt bu məsələdən danışılır. Təşkilat, hökumət, korporasiya və fərdlər bu platformadan bu mövzuda danışmaq üçün istifadə edirlər.
Sosial şəbəkələrin inkişafı ilə dövlət orqanları və müxtəlif səviyyəli məmurlar əhali ilə ünsiyyət siyasətini yenidən qurmaq, ictimaiyyətlə dialoqa getmək, sosial şəbəkələrdə internet saytları, hesablar yaratmaq, əhali ilə vasitəçisiz ünsiyyət qurmaq məcburiyyətində qalırlar. Ünsiyyət sosial media platformasında müxtəlif formalarda ola bilər – istifadəçilər öz fikirlərini, təcrübələrini və biliklərini bölüşə, bir-biri ilə qarşılıqlı əlaqə yarada, xəbər və məlumat paylaşa bilərlər.
Ekoloji problemlər və qlobal iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində media yalnız informasiya əlaqələrinin iştirakçısı olmaqla yanaşı, cəmiyyətin, ələlxüsus gənclərin bu istiqamətdə fəallaşması üçün mühüm həlledici əhəmiyyət kəsb edir.
Sosial media materiallarının təhlili və istifadəçilərin fəallığına görə deyə bilərik ki, ekologiyanın mühafizəsi məsələləri daha çox gənc nəslin marağına səbəb olur. Bunu analoji oxşar auditoriyadan geniş cavab tapan çoxsaylı sosial media xəbərləri və müvafiq istiqamətdə digər paylaşımlar sübut edir.
YAQUT QASIMOVA
Akademik Mustafa Topçubaşov adına
Elmi Cərrahiyyə Mərkəzinin Mətbuat xidmətinin rəhbəri






