Alman şirkətləri 100 milyard avro itirə bilər

Avropada dondurulmuş Rusiya aktivlərinin Ukraynaya ötürülməsi Almaniya üçün ciddi iqtisadi itkilərə səbəb ola bilər.
Operativ Media xəbər verir ki, bu barədə Alman-Rusiya Xarici Ticarət Palatasının rəhbəri Mattias Şepp məlumat verib.
Onun sözlərinə görə, Moskvanın cavab tədbirləri nəticəsində Almaniyanın Rusiyaya yatırdığı təxminən 100 milyard avro dəyərində sərmayə təhlükə altına düşəcək.
“Almaniya Rusiyaya digər ölkələrdən daha çox sərmayə yatırıb. Buna görə də Rusiya Mərkəzi Bankının vəsaitlərindən Ukraynaya silah alınması üçün istifadə planı həyata keçərsə, ən çox itirən ölkə Almaniya olacaq,” – deyə Şepp vurğulayıb.
O bildirib ki, söhbət əsasən Almaniyanın Rusiyadakı zavod və şirkətlərindən – xüsusilə “Uniper” və “Wintershall Dea” kimi firmalardan gedir.
Bu müəssisələr Moskva tərəfindən xarici idarəetməyə verilib və onların hesabları dondurulub.
Ekspertin fikrincə, aktivlərin Ukraynaya verilməsi qərarı yalnız siyasi deyil, həm də Alman biznesi üçün ciddi iqtisadi fəsadlar doğura bilər.