Hindistanın ən böyük Rusiya nefti alıcısı olan Reliance Industries Ltd şirkəti ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara riayət edəcəyini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, şirkət sanksiya tələblərinə əməl etməklə yanaşı, mövcud neft tədarükçüləri ilə əlaqələri qorumağa çalışacaq.
Milyarder Mukeş Ambaninin nəzarətində olan Reliance şirkəti Qərbi Hindistanın Qucarat ştatındakı Camnaqar şəhərində dünyanın ən iri neft emalı kompleksini idarə edir.
Şirkət “Rosneft” ilə gündə təxminən 500 min barrel xam neftin alınması barədə uzunmüddətli müqavilə imzalayıb və bəzi hallarda vasitəçilər vasitəsilə də Rusiya nefti alır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu həftə “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
Yeni qaydalara əsasən, bu şirkətlərlə əməkdaşlıq edən bütün tərəfdaşlar 21 noyabra qədər əlaqələrini dayandırmalıdır.






