"Onlar imtahanda verilən şablon suallara fokuslanır" - Sürücülük kurslarının fəaliyyəti necədir?

Nərmin Qocamanlı
"Onlar imtahanda verilən şablon suallara fokuslanır" - Sürücülük kurslarının fəaliyyəti necədir?

Həyatımızı avtomobilsiz, nəqliyyatsız təsəvvür etmək mümkün deyil. Avtomobildən şəxsi istifadə üçün sürücülük qaydalarını bilmək mütləqdir. Bu işdə bizə sürücülük kursları kömək edir.  Azərbaycanda hər il 60 - 70 min nəfərdən çox şəxs sürücülük vəsiqəsi alır. Sürücülük vəsiqəsinin verilməsi ilə bağlı bir çox nöqsanlar müşahidə edilir. Ən çox nöqsanlar isə sürücü hazırlığı ilə məşğul olan kurslardır. Vətəndaş isə bəzən bu kursların kifayət qədər yaxşı olmadığından şikayətlənir. Bəzi vətəndaşlar qeyd edir ki, bu kursların əksəriyyətində sürücü hazırlığından söz gedə bilməz.

Hazırda sürücülük kurslarının fəaliyyəti necə qiymətləndirmək olar?

Məsələ ilə bağlı "Operativ Media"ya açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, sürücülük kurslarında daha çox nəzəri biliklər öyrədilir:

"Ölkədə fəaliyyət göstərən sürücülük kurslarından zaman-zaman şikayətlər olur. Çünki sürücülük kurslarında daha çox nəzəri biliklər öyrədilir. İxtisas yönümlü kurslarda sırf nəzəri və şablon suallar yox, ümumi  avtomobilin idarəsi üçün lazim olan hər şey öyrədilməlidir. Qəza zamanı avtomobilin idarə edilməsi, baş vermiş hansısa hadisə zamanı yaranan fəsadların aradan qaldırılması üçün sürücülük kurslarında dərslər keçirilməlidir. Ola bilər ki, baş vermiş qəzadan sonra avtomobildə yanğın hadisəsi baş versin. Sürücü bu zaman nə edəcəyini bilməlidir. Buna görə də bu sahədə ümumi biliklərə sahib olmalıdır". 

Ekspert bildirib ki, vətəndaşlar arasında narazılığa səbəb olan əsas məsələ kursların sadəcə imtahan zamanı verilən şablon suallara fokuslanmasıdır:

"Vətəndaşlar arasında narazılığa səbəb olan əsas məsələ odur ki, kurslar daha çox sürücülük imtahanına düşəcək sablon suallar üzərində fokuslanır. Bu kurslarda daha çox cərimələr və nişanların öyrədilməsi həyata keçirilir. Düzdür, bu da çox vacib elementdir.  Amma nəzərə almalıyıq ki, nəqliyyat vasitəsini sürən şəxs bütün hadisələrə, risklərə qarşı adekvat olmalıdır. Burada söhbət sadəcə sükanı idarə etməkdən getmir. Sürücü əgər zərurət yaranarsa cüzi təmir işlərini də bilməli, müəyyən kiçik nasazlıqları aradan qaldırmalıdır. Sürücülük kursları sözün həqiqi mənasında bilik mənbəyi olmalıdır. Yalnız bu halda biz uğurlu sürücülük kurslarının fəaliyyətindən danışa bilərik".

Gülcahan Məmmədova

 

Digər xəbərlər