Azərbaycan və BƏƏ arasında iqtisadi tərəfdaşlıq müzakirə olunub - YENİLƏNİB

admin
Azərbaycan və BƏƏ arasında iqtisadi tərəfdaşlıq müzakirə olunub - YENİLƏNİB
Mikayıl Cabbarov Məhəmməd Həssən Əl Suveydi ilə görüşüb.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında qarşılıqlı investisiyaların artırılması imkanları nəzərdən keçirilib.

Operativ Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun BƏƏ-nin investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həsən Əl Suveydi ilə görüşündə aparlıb.

Görüşdə Azərbaycanla BƏƏ arasında dostluq və qardaşlıq əlaqələri vurğulanıb, iqtisadi-ticarət tərəfdaşlığının genişləndiyi qeyd olunub. BƏƏ-nin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyaların əhəmiyyəti diqqətə çatdırılıb.

Bildirilib ki, ölkəmizin əlverişli biznes mühiti, strateji coğrafi mövqeyi, zəngin resursları, həmçinin qeyri-neft sənayesinin sürətlə inkişafı investorlar üçün cəlbedici imkanlar yaradır. Bu imkanlardan səmərəli istifadə etməklə investisiya əlaqələrinin təşviqi, biznes subyektləri arasında tərəfdaşlığın genişləndirilməsi vacib əhəmiyyət kəsb edir.

Tərəflər iki ölkə arasında iqtisadi inteqrasiyanın daha da gücləndirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı investisiyaların artırılması imkanlarını nəzərdən keçiriblər.

***

11:38

İqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həssən Əl Suveydi ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.

"BƏƏ-nin investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həssən Əl Suveydi ilə faydalı fikir mübadiləsi apardıq. Ölkələrimiz arasında iqtisadi inteqrasiyanın daha da gücləndirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı investisiyaların artırılması imkanlarını nəzərdən keçirdik. Biznes subyektləri arasında tərəfdaşlığın vacibliyini vurğuladıq", - deyə paylaşımda qeyd olunub.

Digər xəbərlər