Azərbaycanın Avropa Siyasi Birliyi üzvlərinin enerji və milli təhlükəsizliyində mühüm rolu - ŞƏRH

Nərmin Qocamanlı
Azərbaycanın Avropa Siyasi Birliyi üzvlərinin enerji və milli təhlükəsizliyində mühüm rolu - ŞƏRH

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Avropa Siyasi Birliyinin sammitində iştirakı və bu çərçivədə keçirdiyi çoxsaylı görüşlər, ayrı-ayrı siyasi liderlərlə təmasları bir daha göstərdi ki, Avropa liderləri Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıqları qəbul edir və həmin reallıqlardan irəli gələn əməkdaşlıq imkanlarına əhəmiyyət verirlər".

Operativ Media xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.

Deputat bildirib ki, onlar Azərbaycanın regionda 30 illik işğala son qoyaraq yaratdığı yeni status-kvonu əsas götürən əməkdaşlıqda yer almağa maraq göstərirlər:

Sözügedən əməkdaşlıq çoxşaxəlidir və həm regionda, həm də onun hüdudlarını aşan ərazilərdə sülhə, sabitliyə və rifaha xidmət edir. Bu əməkdaşlıq nəqliyyat-logistika, iqtisadiyyat, enerji, iqlim dəyişikliyi ilə mübarizə kimi sahələrlə yanaşı siyasi münasibətlər və təhlükəsizlik məsələlərini də əhatə edir".

Uzun müddət belə bir fikir formalaşdırılmışdı ki, Avropa İttifaqının regionla münasibətlərində ön planda Ermənistan dayanır və bəzi dairələr bölgədə bölücü xətlər çəkməyə, nifaq üçün zəmin yaratmağa çalışırlar. Lakin Azərbaycan malik olduğu əməkdaşlıq potensialı ilə bu fikirlərin əsassız olduğunu sübut etdi və regionda söz sahibi olduğunu bir daha təsdiqlədi".

Rizvan Nəbiyevin sözlərinə görə, bu fakt onu göstərir ki, Azərbaycan öz xarici siyasətində milli maraqlara əsaslanan, şaxələndirilmiş və məqsədyönlü bir kurs həyata keçirir:

"Bu kurs sülhə, sabitliyə və əməkdaşlığa xidmət edir. Məhz bu səbəbdən Avropa siyasi liderləri Azərbaycan Prezidenti ilə təmaslarda maraqlıdır və bu marağın əsasında Azərbaycanın qazandığı təcrübə və uğurlar dayanır.

Aktual bir nümunə kimi, bütün Avropa və ümumilikdə Qərb ölkələrinin aylardır intensiv cəhdlərinə baxmayaraq Rusiya-Ukrayna münaqişəsində atəşkəsə belə nail ola bilməməsi fonunda, Azərbaycanın öz imkanları və iradəsi ilə 30 illik işğala son qoyaraq regionda sülh və sabitlik yaratması xüsusi önəm daşıyır. Bu sülh və sabitlik beynəlxalq sülhün və təhlükəsizliyin tərkib hissəsinə çevrilmiş, əməkdaşlıq üçün yeni imkanların yaranmasına zəmin yaratmışdır".

O, bildirib ki, Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiq edib: "Prezident İlham Əliyevin düşünülmüş xarici siyasət strategiyası çərçivəsində həyata keçirilən iqtisadi və enerji sahəsində əməkdaşlıqdan təkcə region dövlətləri deyil, daha geniş coğrafiyada yerləşən ölkələr də bəhrələnir. Beləliklə, Azərbaycan Avropa Siyasi Birliyində təmsil olunan bir çox ölkənin enerji təhlükəsizliyinin və nəticə etibarilə milli təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Azərbaycanın yaratdığı yeni siyasi reallıqlar, həm Avropa ölkələri ilə münasibətlərdə, həm də şərqə doğru əlaqələrin inkişafında geniş potensialın mövcud olduğunu nümayiş etdirdi.

Millət vəkili vurğulayıb ki, Avropa İttifaqının Orta Asiya və Çinlə münasibətlərində Azərbaycanın malik olduğu əlverişli coğrafi mövqe və inkişaf etmiş nəqliyyat infrastrukturu daha da önəm qazanıb:

"Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində imzalanmış hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinə dair Birgə Bəyanatda bu məqam öz əksini tapıb: Çin–Avropa–Çin Transxəzər Ekspres marşrutunun yaradılması, marşrut boyunca birgə müəssisələrin təsis olunması və həmin ölkələrlə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi nəzərdə tutulub.

Avropa Siyasi Birliyi yalnız Avropa İttifaqına üzv dövlətləri deyil, bütövlükdə ümum-Avropa məkanını təmsil edən ölkələri bir araya gətirir: yəni iyirmi yeddi Aİ üzvü və əlavə olaraq iyirmi dövlət. Azərbaycan bu ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq həyata keçirir".

Deputat xatırladıb ki, bu dövlətlər arasında zaman-zaman Azərbaycana qarşı çıxan və ölkənin uğurlarını qəbul etməyənlər də olub:

"Lakin bu gün həmin dövlətlər belə Azərbaycanın yaratdığı yeni əməkdaşlıq imkanlarının üstünlüklərini qəbul edir və Azərbaycanın yalnız regionda deyil, həm Qərb, həm Şərq ölkələri ilə, eləcə də Yaxın Şərqdə Türkiyə ilə tandem şəklində həyata keçirdiyi sabitlik yönümlü siyasətə hörmətlə yanaşırlar.

Bütün bu məqamların ümumi analizi belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycan bu gün “orta güc” kimi özünü təsdiqləyib. Malik olduğu siyasi və iqtisadi resurslar, əlverişli coğrafi mövqe və bu amillərdən irəli gələn üstünlüklər nəticəsində ölkəmiz sülhə, əməkdaşlığa və sabitliyə əhəmiyyətli töhfə verir.

Avropa İttifaqının yeni siyasi rəhbərliyinin, Enerji məsələləri üzrə komissarın, xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndənin Bakıya səfərləri, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Tiranada Prezident İlham Əliyevlə keçirdikləri görüşlər Azərbaycanın artan siyasi və iqtisadi nüfuzunun təsdiqidir və ölkəmizlə əməkdaşlığa verilən dəyərin bariz göstəricisidir".

Digər xəbərlər