Menyu

Tarixi dövlətçilik ənənələrindən müasirliyə uzanan yol - 28 May Müstəqillik Günü

Tarixi dövlətçilik ənənələrindən müasirliyə uzanan yol - 28 May Müstəqillik Günü

"1918-ci ilin may ayında artıq Qafqazda üç dövlətin yaradılması məsələsi böyük dövlətlərin razılığı ilə gündəmə gəlmişdi. Batum danışıqları zamanı bu yeni dövlətlərin adları ilə bağlı da ciddi müzakirələr aparıldı. Azərbaycan tərəfi yeni qurulacaq dövlətin adını “Azərbaycan Türk Cümhuriyyəti” kimi təklif etdi və ay-ulduzlu qırmızı bayrağı da təqdim olundu. Lakin bu təklif ciddi narazılıqlara səbəb oldu. Hətta Batumda olan Ənvər paşa da bu adla dövlətin yaranmasının mümkün olmayacağını bildirdi. Osmanlı tərəfi “Türk” adını daşıyan artıq bir dövlətin olduğunu əsas gətirərək, Azərbaycanın bu adı dəyişməsini təklif etdi.

Bu çətin şəraitdə M.Ə. Rəsulzadə Tiflisdə olan Fətəli Xan Xoyskiyə yazaraq, “Azərbaycan Türk Cümhuriyyəti” adının qəbul edilməsinə ciddi maneələr olduğunu qeyd edir və dövlətin “Azərbaycan Xalq Cümhuriyyəti” adı ilə elan olunmasını təklif edir. Nəhayət, 1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurasının birinci iclası keçirilir və “Misaqi-milli” (Əqdnamə) adlanan tarixi sənəddə dövlətin adı Azərbaycan Xalq Cümhuriyyəti olaraq qeyd edilir. Lakin sonrakı sənədlərdə daha çox “Azərbaycan Cümhuriyyəti” ifadəsi işlədilməyə başladı".

 

Bu barədə tarixçi Zaur Əliyev “Operativ Media”ya bildirib.  

O, qeyd edir ki, tarix antik dövrdən 1918-ci ilə qədər dövlətlərin ad və format baxımından son nöqtəsi “Azərbaycan Cümhuriyyəti” adı ilə tamamlanmışdır. Bir sözlə 28 may 1918-ci ilə gedən yol qədim dövlətçilik ənənələrimizin davamı idi:

"Təsəvvür edin: neftin və milyonların səltənətində fikir adamları – “Difai” təşkilatı ilə başlanan yolda – torpaqlarımıza göz dikən güclərə qarşı sipər olub dövlətçiliyimizi “Azərbaycan Cümhuriyyəti” adı ilə möhürlədilər. O dövrdə Britaniya təsiri altında olan, farslaşmağa başlayan Qacar dövləti, Rusiya, Amerika, Britaniya, Almaniya, Fransa, İtaliya kimi qüvvələr ölkəmizin sərvətlərini ələ keçirmək uğrunda bir-biri ilə mübarizə aparsalar da, bir məsələdə həmrəy idilər: Azərbaycan dövləti yaradılmasın!

Amma Rəsulzadə, Xoyski, Yusifbəyli, Şeyxzamanlı, Topçubaşov, Üzeyir bəy Hacıbəyli, Əhməd bəy Ağaoğlu və digər fədakarlar bu planlara qarşı bir sipər oldular. Bu sipərin içində Azərbaycan dövləti quruldu.

Bayrağımız tarix boyu mövcud olmuş dövlətlərimizin – Səfəvilər, Səlcuqlar, Xəzərlər, Hürrəmilər, xanlıqlar, Albaniya və başqalarının – bayraqlarından rəng alaraq formalaşdı. Ay-ulduzlu, üçrəngli bayrağımız tarix səhnəsinə çıxdı. Dövlət gerbimizdə də bu elementlər öz əksini tapdı.

Cəmi 23 ay…

Bu 23 ay ərzində Azərbaycan dünya siyasi xəritəsində demokratik dəyərlər əsasında fəaliyyət göstərən üçüncü dövlət idi. O dövrdə yalnız Amerika və Fransada bu səviyyədə demokratik sistem mövcud idi. Dövlətimizin qarşısında çoxlu düşmənlər vardı. Tanınmaq üçün bizə ağır şərtlər qoyurdular: İrəvanı müvəqqəti verin, Gürcüstana və Rusiyaya güzəştə gedin. Məcburi güzəştlər olsa da dünya Azərbaycan Cümhuriyyətinin varlığını qəbul etdi.

Bu qısa zaman ərzində nələr baş vermədi ki…

– Bakı Dövlət Universiteti yaradıldı,

– təhsil və mədəniyyət inkişaf etdi,

– mətbuat və fikir azadlığı təmin olundu,

– qadınlara səsvermə hüququ verildi,

– korrupsiya azaldıldı,

– incəsənət çiçəkləndi,

– 45 minlik güclü ordu quruldu,

– vergi və gömrük sistemləri təşkil olundu,

– beynəlxalq əlaqələr quruldu və daha nələr…

Ancaq ərazi məsələsi dövlətin əsas siyasi prioriteti idi.

Cümhuriyyət dövründə bu sahədə qarşıda duran beş əsas məsələ vardı:

1. Naxçıvanın Azərbaycan Cümhuriyyətinə birləşdirilməsi və Amerikanın oranı Ermənistana vermək planının qarşısının alınması – (nail olundu).

2. Borçalıdan kütləvi məktublarla gələn birləşmə müraciətlərinə cavab verilməsi – (reallaşmadı).

3. Dərbəndin Azərbaycan torpaqlarına birləşdirilməsi – (təxminən 60% irəliləyişə baxmayaraq baş tutmadı).

4. İrəvanın Azərbaycana geri qaytarılması – (Naxçıvandakı ABŞ konsulunun fəaliyyəti və Zəngəzurdan qoşunlarımızın çıxarılması ilə baş tutmadı).

5. İranın Azərbaycan türkləri yaşayan ərazilərinin – xüsusən Təbrizin – müqavilə əsasında birləşdirilməsi – (Bolşeviklərin İran rejiminə dəstəyi səbəbindən baş tutmadı).

Bu planları həyata keçirməyə imkan verilmədi. Amerika, Rusiya, Fransa, Almaniya, İtaliya kimi dövlətlər bu istiqamətdə əngəllər yaratdılar. Çünki Şərqdə güclü və demokratik Azərbaycan dövlətinin varlığı onların maraqlarına zidd idi.

Dövlətimizin gəlirləri artdıqca, siyasi kursu möhkəmləndikcə, torpaqlar azad edildikcə düşmənlər daha qanlı planlar qurmağa başladılar. Nəhayət, qırmızı iblis – Sovet Rusiyası – işğal planını həyata keçirdi. Amma bu işğal da onlara bahalı başa gəldi. Gəncə, Quba, Xaçmaz, Şirvan, Qazax, Naxçıvan – hər bölgədə son gülləyə qədər mübarizə aparıldı. Torpağın hər qarışında bir şəhidin qanı axdı.

Amma bitmədi…

Mühacirətdə davam etdi. Sovet dövründə də davam etdi. Nəhayət, 1991-ci ildə üçrəngli bayraq yenidən səmalarda ucaldı.

2020-ci ildən isə xəyallar gerçəyə çevrildi. Tarixi qəhrəmanlarımızın ruhu ordumuzun hər əsgərinin formasında canlandı və ərazilərimiz bərpa olundu. Düşmənlər İlahi gücün təcəllasını və xalqın əzmini bir daha gördü. Dövlətimiz ayaqda möhkəm dayanaraq qalib olduğunu sübut etdi".

 

Teqlər:

"Tarixi d\u00f6vl\u0259t\u00e7ilik \u0259n\u0259n\u0259l\u0259rind\u0259n m\u00fcasirliy\u0259 uzanan yol - 28 May M\u00fcst\u0259qillik G\u00fcn\u00fc"

Əlaqəli Xəbərlər