Vitinya: “Qızıl top” yenə PSJ futbolçusuna verilməlidir
PSJ-nin yarımmüdafiəçisi Vitinya UEFA Superkuboku uğrunda "Aston Villa"ya qarşı keçiriləcək qarşılaşmadan öncə 2026-cı ildə "Qızıl top" mükafatına yenidən Paris klubunun təmsilçisinin layiq görülməli olduğunu bəyan edib.
Operativ Media xəbər verir ki, portuqaliyalı futbolçu bu il nüfuzlu mükafata iddialı çoxlu güclü oyunçunun olduğunu diqqətə çatdırıb.
O, Çempionlar Liqasındakı çıxışına görə Xviça Kvaratsxeliya, uğurlu mövsüm keçirən Usman Dembele və bütün turnirlərdə zəfər qazanan Fabian Ruisin adlarını çəkərək mükafatın məhz PSJ üzvünə təqdim edilməsinin məntiqəuyğun olacağını vurğulayıb.
Xatırladaq ki, ötən mövsüm Fransa təmsilçisi Çempionlar Liqası, Liqa 1, Fransa Superkuboku, Qitələrarası Kubok və UEFA Superkubokunun qalibi olub. 2025-ci ildə isə "Qızıl top" mükafatını məhz parislilərin vingeri Usman Dembele qazanıb.
Qeyd edək ki, "PSJ" – "Aston Villa" matçı avqustun 12-də Zaltsburqda baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.