"Məktəblərdə IX sinifdən sonrakı tədris proqramı yenidən qurulmalıdır" – Ekspert
Müasir Azərbaycan ailəsinin büdcəsində və gündəlik qayğılarında ən böyük paylardan birini əlavə təhsil xərcləri təşkil edir. Məktəb yaşlı uşağı olan hər bir valideyn erkən siniflərdən başlayaraq eyni sual qarşısında qalır: övladının gələcəyini yalnız məktəb təhsilinə etibar etmək, yoxsa böyük maliyyə xərcləri bahasına repetitor hazırlığına başlamaq?
Mövzu ilə bağlı Operativ Media-ya danışan təhsil ekserti Ramin Nurəliyevin sözlərinə görə, hazırkı təhsil sistemi valideynlərin yükünü azaltmağa imkan verən vəziyyətdə deyil:
"İstər-istəməz valideyn övladının universitetə qəbul olunması üçün müxtəlif alternativ yollar axtarır və bu yollardan istifadə edir. Bunun üçün də müəyyən maliyyə vəsaiti xərclənir. Artıq bu, cəmiyyətdə qeyri-adi hal kimi qəbul edilmir".
O bildirib ki, bunun üçün ilk növbədə təhsil sistemində əsaslı dəyişikliklər edilməlidir:
“Təhsil sistemi dəyişmədikcə, xüsusilə məktəblərdə IX sinifdən sonrakı mərhələdə tədris proqramı ali məktəbə hazırlıq istiqamətində daha məqsədyönlü qurulmadıqca və qəbul imtahanlarının formatı, məzmunu və tələbləri təkmilləşdirilmədikcə bu proses davam edəcək.
Burada məqsəd yalnız qəbul imtahanlarını asanlaşdırmaq deyil. Əsas məsələ məktəbdə verilən təhsillə qəbul imtahanının tələbləri arasında uyğunluğun yaradılmasıdır. Bu uyğunluq təmin edilməlidir ki, şagird məktəbdə aldığı təhsillə ali məktəbə qəbul imtahanına hazırlaşa bilsin.
Bu gün valideynlər övladlarını beşinci, altıncı, hətta yeddinci sinifdən hazırlıqlara qoyurlar. Bəzi hallarda isə bu proses ibtidai siniflərdən başlayır. Bunun əsas səbəbi qəbul imtahanlarının çətinliyindən və yüksək tələblərindən yaranan narahatlıqdır. Valideyn düşünür ki, yalnız məktəbdə verilən təhsillə övladının universitetə qəbul olması çətin olacaq və buna görə də əlavə hazırlıqlara müraciət etməyə məcbur qalır.
Beləliklə, imtahan yönümlülüyü artıq ciddi problemə çevrilib. Bu vəziyyət həm valideynlərdə, həm də abituriyentlərdə ciddi psixoloji təzyiq və qorxu formalaşdırır. Bu narahatlığı müəyyən mənada normal qəbul etmək olar, çünki mövcud vəziyyət valideynləri və şagirdləri əlavə hazırlıq imkanları axtarmağa sövq edir.
Məsələ yalnız bakalavriat səviyyəsinə qəbul imtahanları ilə də məhdudlaşmır. Eyni yanaşma magistratura imtahanlarında da özünü göstərir. Ümumilikdə, təhsil sistemində və qəbul mexanizmlərində bir-birini tamamlayan dəyişikliklərə ehtiyac var.
Əgər biz təhsilin inkişafını və daha sağlam təhsil mühitinin formalaşmasını istəyiriksə, ilk növbədə məktəb təhsili ilə qəbul sistemi arasında ciddi uyğunluq yaratmalıyıq. Əks halda, valideynlərin əlavə maliyyə yükü, şagirdlərin erkən yaşlardan hazırlıqlara cəlb olunması və imtahan stressi ilə bağlı problemlər davam edəcək.
Ona görə də düşünürəm ki, həm təhsil sistemində, həm də qəbul imtahanlarının təşkili və məzmununda müəyyən dəyişikliklər edilməlidir. Bu dəyişikliklər həyata keçirilmədiyi müddətdə mövcud problem də davam edəcək”.
