Uşaqlar neçə yaşından bağçaya getməlidir? - Psixoloq danışır
Uşağın neçə yaşından etibarən bağçaya başlaması mövzusu hər bir valideynin qarşılaşdığı en həssas və mübahisəli məsələlərdən biridir. Xüsusilə 2–3 yaş aralığı uşağın psixoloji və sosial inkişafında kritik bir mərhələ hesab olunduğundan, onun məktəbəqədər təhsil müəssisəsinə verilib-verilməməsi cəmiyyətdə fərqli yanaşmalar doğurur.
Ətraflı düşündürən bu mövzuda fikirlər də kəskin bölünür: bir tərəf *"Hələ balacadır, bağçaya tezdir, ana qayğısına ehtiyacı var"* deyərək tələsməməyi məsləhət görürsə, digər tərəf uşağın yaşıdları ilə ünsiyyət qurması və sərbəstləşməsi üçün *"Nə qədər tez getsə, bir o qədər yaxşıdır"* qənaətindədir. Bəs bu məsələdə həqiqət nədir və düzgün yaş həddi necə müəyyən edilməlidir?
Mövzu ilə bağlı Operativ Media-ya danışan psixoloq Leyla Əli bildirib ki, əslində, bağçaya başlamaq üçün bütün uşaqlara uyğun tək bir universal yaş yoxdur. 2–3 yaş bir çox uşaq üçün bağçaya başlamaq baxımından əlverişli dövr sayıla bilsə də, yaş faktorundan daha vacib olan məqam uşağın emosional hazırlığıdır.
O, uşağın bağçaya hazır olub-olmadığını müəyyən etmək üçün bu sualların cavablandırılmasının vacibliyini vurğulayıb:
- Emosional asılılıq: Uşaq anadan və ya əsas baxıcısından ayrılmağa nə qədər hazırdır?
- Sosiallıq: Yeni insanlarla, xüsusən yaşıdları ilə ünsiyyət qura və ya maraq göstərə bilirmi?
- İfadə bacarığı: Ehtiyaclarını (acıqmasını, susamasını, narahatlığını) müəyyən qədər sözlə və ya hərəkətlərlə ifadə edə bilirmi?
- Adaptasiya mühiti: Yeni mühitə, yad insanlara uyğunlaşmaq üçün ona kifayət qədər vaxt və dəstək verilirmi?
Psixoloqun sözlərinə görə, bağçaya getmək sadəcə uşağı günün müəyyən saatlarında başqa bir məkana aparmaq deyil. Bu, onun həyatındakı ilk böyük ayrılıq və müstəqillik təcrübələrindən biridir. Ona görə də uşağı bir günün içində yeni mühitə adaptasiya etməyə məcbur etmək əvəzinə, bu prosesi tədricən və addım-addım aparmaq lazımdır.
Proses zamanı uşağın ağlaması hər zaman onun "bağçaya hazır deyil" demək olmadığını bildirən Leyla Əli əlavə edib ki, bəzən uşaq sadəcə anasından ayrılmağın gətirdiyi təbii hissləri yaşayır və bu yeni standarta vərdiş etmək üçün zamana ehtiyac duyur.
Lakin uşaqda uzun müddət davam edən güclü narahatlıq, yuxu pozuntuları və kəskin davranış dəyişiklikləri müşahidə olunarsa, bu siqnalları görməzdən gəlmək doğru deyil.
