COP30 Bakıda keçirilən COP29-un uğurunu təkrarlaya bilmədi - SƏBƏBLƏR
"COP29-un Azərbaycanda yüksək səviyyədə və insidentsiz keçirilməsi ölkəmizin böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməyə qadir olduğunu bir daha təsdiqlədi".
Bu sözləri Operativ Media-ya açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov bildirib:
"Məlum olduğu kimi, COP30 tədbiri 10 noyabr tarixindən etibarən Braziliyanın Belim şəhərində davam edir. Konfrans çərçivəsində enerji və nəqliyyatda aşağı karbonlu keçid, meşələr və biomüxtəlifliyin qorunması, kənd təsərrüfatı və ərzaq sistemlərinin transformasiyası, şəhər infrastrukturlarının davamlılığı, insan kapitalının inkişafı, eləcə də iqlim tədbirlərinin sürətləndirilməsi üçün maliyyə və texnologiya imkanları əsas müzakirə mövzuları olub. BMT Baş Assambleyasının Prezidenti Annalena Berbok açılış nitqində xüsusilə vurğulayıb ki, illik 1,3 trilyon dollara qədər iqlim maliyyələşdirməsi ən çox ehtiyacı olan ölkələrə daha sürətli, effektiv və ədalətli şəkildə çatmalıdır.
O, iqlim fəaliyyətinin sosial ədalət anlayışından ayrı deyilmiş kimi təqdim edərək qeyd edib ki, iqlim təhlükəsizliyinin olmaması yoxsulluğu, aclığı və məcburi miqrasiyanı artırır, eyni zamanda münaqişələrin dərinləşməsinə səbəb olur.
COP30 çərçivəsində bəzi fors-major hallar da qeydə alınıb.
Belə ki, Braziliyada keçirilən tədbir zamanı güclü yanğın nəticəsində konfrans iştirakçılarının yerləşdiyi rəsmi binalardan biri zədələnmiş və bu məlumat rəsmi şəkildə təsdiqlənmişdir. Bu il COP30-un keçirilməsi həm də Paris Sazişinin 10 illiyi ilə üst-üstə düşür.
Xatırladaq ki, Paris Sazişi 2015-ci ildə 190 ölkə tərəfindən imzalanmışdı və hazırda bərpa olunan enerjiyə keçid qlobal iqlim gündəliyinin əsas istiqamətlərindən biridir. 2024-cü ildə təmiz enerjiyə qlobal investisiya 2 trilyon dollara yaxınlaşmış və bu göstərici qazıntı yanacaqlarına edilən investisiyaları təxminən 8 milyard dollar üstələmişdir.
Günəş enerjisi isə artıq tarixdə ən ucuz elektrik enerjisi mənbələrindən birinə çevrilib. Bununla belə, konfransda vurğulanıb ki, dünya ölkələri hələ də maliyyə və texnologiya axınını lazımi istiqamətlərə yönəldə bilmir. Bu səbəbdən, məsələn, Afrika qitəsinin bərpa olunan enerji potensialı 2050-ci il üçün qlobal enerji tələbatından 50 dəfə çox gücə malik olmasına baxmayaraq tam istifadə olunmur.
Hazırda 600 milyondan çox afrikalı elektrik enerjisinə çıxış imkanından məhrumdur. Buna görə də inkişaf etmiş ölkələrə iqlim öhdəliklərini yerinə yetirmək, maliyyə institutlarına isə struktur islahatlarını sürətləndirmək çağırışı edilmişdir".
Deputat bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin BMT qarşısında götürdüyü öhdəlikləri ardıcıl yerinə yetirməsinin, eləcə də siyasi-iqtisadi sabitliyin nümunəsidir:
"Azərbaycan yalnız COP29-la məhdudlaşmır; ölkəmiz çoxsaylı regional və qlobal layihələrdə, o cümlədən Qoşulmama Hərəkatında sədrliyində, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sənədlərində və başqa beynəlxalq platformalarda fəal iştirak edir. Həmçinin Azərbaycan dünyada eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa Şurasının üzvü olan nadir ölkələrdəndir. Nəticə etibarilə, COP29-un Azərbaycanda yüksək səviyyədə və insidentsiz keçirilməsi ölkəmizin böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməyə qadir olduğunu bir daha təsdiqlədi. Azerbaycanda COP29-un həm təşkilati baxımdan, həm də təhlükəsizlik təminatı nöqteyi-nəzərindən yüksək səviyyədə keçirildiyi qeyd olunmalıdır. Tədbir çərçivəsində ölkəmizə səfər edən xarici qonaqların və dünya liderlərinin sayı da əhəmiyyətli dərəcədə çox olmuşdur. Müqayisə üçün bildirilir ki, COP30-da bir çox ölkələrin liderləri tədbirdə iştirakdan imtina etmişdir. Bu səbəbdən, COP29-un həm iştirakçı sayı, həm də təşkilati keyfiyyət baxımından daha üstün olduğu xüsusi olaraq vurğulanmalıdır".
Qeyd edək ki, iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan COP29 (Bakı, 2024) və COP30 (Belém, 2025) sammitləri liderlərin iştirakı və ümumi nümayəndə sayı baxımından fərqli mənzərə təqdim edib.
COP29 zamanı təxminən 80 ölkənin dövlət və hökumət başçısı Bakıya toplaşaraq qlobal iqlim gündəliyini müzakirə edib. Bu rəqəm 2025-ci ildə keçirilən COP30-da xeyli aşağı olub. Belə ki, 60-dan az lider tədbirdə şəxsən iştirak edib. Ümumi iştirakçı sayı baxımından isə hər iki tədbir geniş miqyaslı olub. COP29 üçün müxtəlif mənbələr 76 min açıqlasa da, COP30-un BMT tərəfindən təqdim edilən siyahısında 56 118 qeydiyyatdan keçmiş iştirakçı göstərilib.
Braziliya COP30-un təşkilatçılığını zəif etdiyi üçün dünya gündəmindədir.
— Operativ Media (@operativmedia) November 21, 2025
Tədbir başlayan ilk günlərdə ərazini yağış suları basıb.
Tədbirin bitməyinə 1 gün qalmış isə rəsmilərin çıxış etdiyi Blue Zone-da yanğın baş verib.
Ümumilikdə COP30-da dünya liderlərinin də iştirakı… pic.twitter.com/FpmQjwCsHA
