Vaxtından əvvəl ödənilən kreditin faizləri silinir?
Kredit götürmək bu gün minlərlə insan üçün çıxış yolu sayılsa da, həmin kreditin yaratdığı faiz yükündən xilas olmaq heç də hər zaman asan olmur. Xüsusilə də son illər artan istehlak kreditləri fonunda bir çox vətəndaş borcunu vaxtından əvvəl bağlamağa çalışır. Məqsəd isə sadədir: daha az faiz ödəmək və maliyyə yükündən tez qurtulmaq.
Bəs kredit vaxtından əvvəl ödənildikdə banklar gələcək dövr üçün hesablanmış faizləri silirmi?
Bank məsələləri üzrə mütəxəssis İsmayıl Məmmədov "Xəbər Ertəsi"nə bildirib ki, burada əsas məsələ kredit müqaviləsinin şərtləridir.
Onun sözlərinə görə, kreditlərin vaxtından əvvəl və ya daha yüksək məbləğlərlə ödənilməsi gələcək faiz yükünün azalmasına səbəb ola bilər:
“Ən çox istifadə edilən ödəniş qrafikləri annuitet qrafikləridir. Bu qrafiklər kreditin qalıq məbləği üzərindən hesablanan faizləri nəzərdə tutur. Siz daha çox ödəniş etdikcə qalıq məbləği azalır, qalıq məbləği azaldıqca isə faiz ödənişləri də aşağı düşür. Nəticədə vətəndaş gələcəkdə nəzərdə tutulduğundan daha az faiz ödəmiş olur”.
Mütəxəssis qeyd edir ki, kredit tam bağlanarkən də yalnız istifadə edilən müddətin faizi ödənilir:
“Məsələn, siz krediti 10 ay müddətinə götürmüsünüzsə və onu 6 ayda bağlayırsınızsa, yalnız həmin 6 ayın faizini ödəyirsiniz. Qalan 4 ay üzrə hesablanacaq faizlər isə silinir”.
Ətraflı videoda: