Hansı yeni sözlər lüğətə əlavə edilməlidir? - ARAŞDIRMA
Dillərin inkişaf dinamikası göstərir ki, hər bir dil zaman keçdikcə yeni anlayışlar, sosial-mədəni yeniliklər və texnoloji dəyişikliklərin təsiri altında yeni sözlərlə zənginləşir. Lüğət tərkibinə daxil ediləcək sözlər isə təsadüfi şəkildə deyil, müəyyən elmi meyarlar əsasında müəyyənləşdirilir. Bu prosesin əsas məqsədi dilin real istifadəsini əks etdirmək, kommunikasiya səmərəliliyini artırmaq və leksik sistemin təbii inkişafına uyğun normativ baza yaratmaqdır.
Müasir dilçilikdə yeni sözlərin lüğətə əlavə olunması onların geniş istifadə qazanması, mənaca dəqiqliyi, dilə uyğunlaşması və cəmiyyətin kommunikativ ehtiyaclarını ödəməsi kimi kriteriyalar üzrə qiymətləndirilir. Bu meyarlara cavab verən leksik vahidlər yalnız gündəlik nitqin deyil, həm də elmi, texniki, sosial və mədəni sahələrin inkişaf tələblərinin nəticəsi kimi normativ lüğətlərə daxil edilir.
Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli Operativ Media-ya açıqlamasında bildirib ki, hazırda görülən işlərlə bağlı cəmiyyətdə müəyyən yanlış təsəvvürlər mövcuddur:
“Bəzən nitq mətnlərini hazırlayan şəxslər bu nüansları nəzərə almırlar. Əslində, dilçilikdə mətnin və nitqin formalaşdırılması üçün bir neçə elmi model mövcuddur və bu modellər əsasında müxtəlif nitq formaları yaranır. Lakin söylənilən fikirlərin bir hissəsi bu sistemlərə uyğun gəlmir.
Bizim əsas məqsədimiz intellektual platformamızı sürətli və düzgün şəkildə qurmaqdır. Bu prosesdə emosional yanaşmalar deyil, ardıcıl elmi meyarlar əsas götürülməlidir. Cənab Prezidentin də vurğuladığı kimi, dil sahəsində ən mühüm məsələlərdən biri dilin bütün imkanlarından səmərəli şəkildə istifadə edilməsidir.
Əgər hər hansı sözlə bağlı narahatlıq yaranırsa, onu “xoşuma gəlir” və ya “xoşuma gəlmir” kimi subyektiv yanaşmalarla dildən çıxarmaq doğru deyil. Çünki əlifba və leksik fond təsadüfi şəkildə deyil, tarixi-linqvistik əsaslar üzərində formalaşır. Buna görə də dilimizdəki bütün sözlərin bazası yaradılmalı, sözlərin aktiv və ya passiv işləkliyi müəyyən edilməlidir.
Yeni sözlərin dilə daxil edilməsi də elmi prosedurlara əsaslanmalıdır. Biz artıq yeni termin və ifadələri xüsusi proqramlar vasitəsilə (test mühitində) yoxlayırıq. Əgər söz geniş istifadə sahəsi qazanırsa və çoxsaylı nitq nümunələrində işlənirsə, onun dil fondundan çıxarılması yolverilməzdir. Əksinə, əgər söz istifadə olunmursa və dilə uyğunlaşmırsa, yalnız o halda onun passivləşməsi barədə düşünmək mümkündür.
Bəzi fikirlərə görə, guya şair və yazıçıların yaratdıqları sözlər dil üçün yararsızdır. Halbuki dilin tarixi göstərir ki, bir çox uğurlu yeniliklər yaradıcı şəxslərin təşəbbüsündən sonra geniş yayılıb və leksik fondun tərkib hissəsinə çevrilib. Biz bu tarixi təcrübəni nəzərə almalıyıq.
Hazırda 220 min söz emal olunub. 2004, 2013 və 2021-ci illərdə aparılmış islahatlar da göstərdi ki, bəzi terminlər əvvəlki dövrlərdə mövcud olmuş, lakin sonradan unudulmuşdur. İndi həmin leksik vahidlərin bir qismi bərpa edilir. Dilin inkişafı prosesində əsas sual budur: hansı söz saxlanılmalı, hansı söz isə çıxarılmalıdır?
Bu qərarlar artıq süni intellektin dəstəyi ilə daha elmi şəkildə verilir. Mövcud modellər göstərir ki, yaxın gələcəkdə dilimizdə daha sistemli və elmi əsaslara söykənən bir leksik struktur formalaşacaq”.
Professor Nizami Cəfərov isə bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində dilə daxil olan hər yeni söz qısa müddətdə nüfuzlu və nümunəvi lüğətlərə salınır:
“Bu ölkələrdə elə lüğətlər mövcuddur ki, yeni söz ortaya çıxan kimi qısa müddətdə, hətta bəzən ertəsi gün həmin söz elektron Oxford lüğətinə və ya digər nüfuzlu lüğətlərə daxil edilir. Bir çox ölkələrdə bu, artıq oturuşmuş bir ənənədir. Məsələn, Türkiyədə uzun illər boyunca hər il yeni sözlərin siyahısı Türk Dil Qurumu tərəfindən açıqlanırdı və bu sözlərin hansının dilə tam oturduğu, hansının isə hələ eksperimental xarakter daşıdığı ayrıca göstərilirdi.
Bizdə isə “yeni sözlərin lüğəti” deyiləndə əsasən orfoqrafiya lüğəti nəzərdə tutulur. Yeni sözlər də, əsasən, orfoqrafiya lüğətinin yeni nəşri zamanı həmin kitaba daxil edilir. Azərbaycan qanunvericiliyinə görə, orfoqrafiya lüğəti beş ildən bir yenilənməlidir. Lakin bu, bütün yeni sözlərin həmin nəşrə mütləq şəkildə daxil ediləcəyi demək deyil; sözün normativləşmə prosesi də nəzərə alınmalıdır.
Məsələn, “kiberpolis” kimi sözlər təkcə obrazlı ifadə deyil, artıq həyatımıza daxil olan, normativ xarakter daşıyan anlayışlardır. Ola bilsin ki, bu anlayış Azərbaycanda hələ geniş tətbiq olunmur, lakin beynəlxalq səciyyəli termindir və digər ölkələrdə işlənir. Yeni sözün lüğətə düşməsi üçün onun yalnız Azərbaycan reallığına aid olması tələb olunmur; beynəlxalq anlayışlar da dilə daxil ola və normativləşdirilə bilər.
Bizdə yeni sözlərin qeydə alınması və cəmiyyətə təqdim olunması mexanizmi mövcud olsa da, hələ kifayət qədər mükəmməl deyil. Cəmiyyət yeni sözün nə qədər “yeni” olduğunu və onun normativ dəyərini dəqiq bilməlidir. Bu sahədə müəyyən həssaslıq mövcuddur, lakin mexanizmin özü hələ istənilən səviyyədə deyil”.
Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlı isə qeyd edib ki, neologizmlər yeni predmetləri, hadisələri və ya anlayışları ifadə etmək üçün istifadə olunan və hələ geniş yayılmamış yeni sözlər, mənalar və ya ifadələrdir:
“Bu gün elmi-texnoloji, mədəni tərəqqi və sosial dəyişikliklər yüksək sürətlə inkişaf edir. Cəmiyyətin və fərdlərin həyatına daxil olan, hətta müəyyən sahələr üzrə yenilik sayılan hər bir anlayış yeni “söz qılafı” tələb edir. Bu artım çox sürətlə gedir. Hesablamalara görə, hazırda hər 87 dəqiqədən bir neologizm yaranır və Oxford lüğətinə daxil edilir. Bütün ölkələrdə sözyaratma intensivliyi eyni deyil. Burada urbanizasiya, sənayeləşmə, mədəni inkişaf və digər amillərin rolu var.
İndiyədək Azərbaycanda söz yaradıcılığı ilə əsasən ictimai əsaslarla məşğul olunub. Buna görə də 2024-cü ildə bir qrup ziyalı Prezidentə müraciət edərək ölkədə ədəbi dilin zənginləşməsi prosesini tənzimləyən ayrıca quruma ehtiyac olduğunu bildirib. Dövlət başçısının AMEA-nın 80 illik yubileyində çıxışı da göstərir ki, bundan sonra söz yaradıcılığı prosesinə daha çox diqqət yetiriləcək.
Ədəbi dilin lüğət tərkibinə daxil ediləcək yeni sözlərin siyahısını heç kim təkbaşına müəyyən edə bilməz. Elmin, mədəniyyətin və iqtisadiyyatın bütün sahələri üzrə beynəlxalq leksikada işlənməyə başlayan və dilimizdə yüksək işlənmə tezliyinə malik olan terminlərin siyahısını həmin sahənin mütəxəssisləri müəyyən etməlidir. Son illər xüsusən elektron mediada oxucuları manipulyasiya tendensiyası genişlənib. Bununla bağlı, artıq populyarlaşan “klikbeyt” termininin də lüğətə daxil edilməsinin vaxtıdır.
“Klikbeyt” (ingiliscə clickbait — «klikləmə üçün yem, tələ») oxucuları manipulyasiya etmək və çoxsaylı baxış qazanmaq üçün cəlbedici, təxribatçı başlıqlardan istifadə edilməsinə deyilir. Klikbeytdən reklam gəliri əldə etmək, vebsayta trafik artırmaq və istifadəçi məlumatları toplamaq üçün istifadə olunur".
"Qanunvericiliyə əsasən, orfoqrafiya lüğətləri beş ildən bir yenidən nəşr edildiyi üçün aralıq dövrlərdə ədəbi dilə daxil edilməsi nəzərdə tutulan yeni sözlərin siyahısının cəmiyyətə təqdim olunması məqsədəuyğun olardı", - o, qeyd edib.