Vətəndaş borca görə həbs oluna bilərmi? – Vəkildən hüquqi izah

Azərbaycanda vətəndaşın kredit və ya digər borc öhdəliklərinə görə birbaşa həbs olunması qanunvericilikdə nəzərdə tutulmur. Lakin məhkəmə qərarının qəsdən icra edilməməsi müəyyən hallarda inzibati və ya cinayət məsuliyyəti yarada bilər.
Bu barədə Operativ Media-ya açıqlamasında vəkil Asif Mustafayev məlumat verib.
Onun sözlərinə görə, bankdan və ya bank olmayan kredit təşkilatından götürülmüş borcun ödənilməməsi avtomatik olaraq cinayət və ya inzibati məsuliyyət demək deyil. Məsuliyyət yalnız borclunun real maddi imkanı olduğu halda ödənişdən qəsdən yayınması zamanı yarana bilər.
Borcunu ödəyə bilməyən şəxs həbs edilə bilərmi?
Vəkil bildirib ki, əgər şəxs maddi çətinlik səbəbindən borcunu ödəyə bilmirsə, kredit təşkilatı birbaşa cəza tədbiri tətbiq edə bilməz. Bu halda məsələ məhkəmə qaydasında həll olunur.
Məhkəmə qərarı qüvvəyə mindikdən sonra iş icra orqanına göndərilir. İcra məmuru borcluya borcu könüllü şəkildə icra etməsi üçün 10 gün müddət verir.
Əgər bu müddətdə:
• borclunun real maddi imkanlarının olduğu,
• lakin qəsdən ödənişdən yayınması
• və ya işləmək imkanı olduğu halda əmək fəaliyyətindən bilərəkdən imtina etməsi sübuta yetirilərsə, icra məmuru məhkəməyə müraciət edir.
Hansı hallarda inzibati həbs tətbiq oluna bilər?
Asif Mustafayev İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə istinad edərək bildirib ki, borclu:
• icra sənədində göstərilən tələbləri üzrsüz səbəbdən icra etmədikdə,
• icra məmurunun qanuni tələblərinə əməl etmədikdə cərimə oluna və ya bir aya qədər inzibati həbs cəzasına məruz qala bilər.
Qeyd olunub ki, borclu məhkəmə qərarı çıxarılana qədər borcu ödədikdə, inzibati məsuliyyətdən azad olunur.
Cinayət məsuliyyəti nə zaman yaranır?
Vəkilin sözlərinə görə, borclu şəxs inzibati tədbirlərdən sonra da məhkəmə qərarını qəsdən icra etməzsə, bu zaman artıq Cinayət Məcəlləsinin 306-cı maddəsi üzrə məsuliyyət yarana bilər.
Həmin maddəyə əsasən, məhkəmə aktlarının qərəzli şəkildə icra edilməməsinə görə:
• 2 000 – 4 000 manat cərimə,
• 320–480 saat ictimai işlər,
• 2 ilədək islah işləri,
• 3 ilədək azadlığın məhdudlaşdırılması
• və ya azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Borca görə həbs beynəlxalq hüquqa ziddir
Asif Mustafayev vurğulayıb ki, sadəcə borcun mövcudluğuna görə şəxsin həbs edilməsi qanunsuzdur və bu, Avropa İnsan Hüquqları Konvensiyasına ziddir.
Avropa Konvensiyasının 4-cü Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs yalnız müqavilə öhdəliyini yerinə yetirə bilməməsinə görə azadlığından məhrum edilə bilməz.
Vəkil bu mövqeni Avropa İnsan Hüquqları Məhkəməsinin “Kərimov və başqaları Azərbaycana qarşı” işi ilə də əsaslandırıb. Həmin qərarda AİHM borca görə həbsin qanunsuz olduğunu və borclunun real maddi imkanlarının düzgün araşdırılmadığını qeyd edib.
