ADY sədri: Yeni qatar marşrutları ilə gündəlik sərnişin sayı 200 minə çatacaq
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Abşeron dairəvi dəmir yolu marşrutunun genişləndirilməsi ilə bağlı planları açıqlayıb.
Operativ Media xəbər verir ki, o, bu barədə REAL Televiziyası və AZƏRTAC-a müsahibəsində danışıb.
R.Rüstəmov bildirib ki, Abşeron dairəvi marşrutu əvvəllər 14 stansiyanı əhatə edirdi və marşruta yeni Dərnəgül dayanacağı əlavə olunub:
“Bununla da dairəvi dəmir yolunda sərnişin coğrafiyamız bir qədər də genişləndi. Mövcud dairəvi marşrutun daha da genişləndirilməsi və yeni istiqamətlərin əhatə olunması önəmli məsələlərdəndir”.
Onun sözlərinə görə, ötən ilin əvvəlində Prezident tərəfindən təsdiqlənmiş Dövlət Proqramına əsasən Yeni Suraxanı-Hövsan, Bakıxanov-Binə-Qala və Maştağa-Bağlar istiqamətlərində yeni qatar marşrutları açılacaq.
ADY sədri qeyd edib ki, bu layihələr nəticəsində hazırda gündəlik 42 min nəfər olan sərnişin daşınmasının təxminən 200 min nəfərə çatdırılması nəzərdə tutulur.
O əlavə edib ki, mövcud 15 stansiyanın sayı da 40-a çatdırılacaq:
“Bu, sərnişinlərin dəmir yolu bağlantıları ilə daha yaxşı və daha çevik şəkildə təmin olunmasına imkan verəcək”.