Menyu

Valdas Dambrauskas: Fəxr edirəm ki, bu cür oyunçularım var

Operativ Media
Valdas Dambrauskas: Fəxr edirəm ki, bu cür oyunçularım var

Bu gün Azərbaycan Kubokunun final görüşü keçirilib. Həlledici görüşdə "Sabah" və "Zirə" komandaları qarşılaşıb. Matç Masazır təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Operativ Media xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb:

"Oyunçularımı təbrik edirəm. Onlara bugünkü oyuna görə yox, mövsüm ərzində keçirdikləri oyunlara görə təbrik edirəm. Onlar qəhrəmandırlar. Bu mövsüm biz mükəmmələ yaxın mövsüm keçirdik. İki titulu da əldə etdik, 33 oyunda məğlubedilməzlik seriyamız var idi. Liqada dominant oyun göstərdik. Liqanın bitməsinə bir ay qalmış çempion olduq. Hamısı oyunçuların əməyidir. Onlar meydanda can qoyurlar. Mövsüm boyu necə ac olduqlarını, necə can yandırdıqlarını göstərdilər. Onlar bütün qalibiyyətlərə layiq idilər. 

Məşqçi heyətimə, həkimlərə, bizim meydançalara qulluq edənlərə, xadimələrə, mövsüm ərzində çalışan hər kəsə təşəkkür edirəm. Xüsusilə də klub rəhbərliyinə minnətdaram. Hər zaman yanımızda idilər. Ramin Həsənova xüsusi təşəkkür edirəm, həmişə yanımızda oldu, bizə dəstək oldu. Çalışdığım 10-cu klubdur. Bu cür gözəl klubda necə xüsusi insanlar işləyir, möhtəşəm atmosfer var, inanılmaz klubdur. "Zirə"ni təbrik edirəm. Çox yaxşı komandadır. Bu gün baş məşqçi işi görünən komandadır. Hesabı açsalar da, öz qapılarına doğru çəkilib müdafiə olundular. Matçdan həzz aldım. Qalib tərəf də biz olduq. Sizlərə də təşəkkür edirəm, hər zaman mətbuat konfranslarına gəlirsiz. Əziyyət çəkirsiz, Azərbaycan futbolu haqda məlumatlar çatdırırsız".

- Özünüz seçsəydiniz, hansı qolu daha çox qiymətləndirərdiz? Hansı qolunuz daha gözəl idi?

- Çox yaxşı sualdır. Təşəkkür edirəm. Yaxşı oyun göstərmək oyunçularımın vəzifəsidir. Çalışıram ki, həmişə yaxşı oynayaq, azarkeşlər üçün hücumameyilli oyun göstərək. Azarkeşlərimiz futbolumuzdan həzz alsın. Hansı rəqibə qarşı oynayırıq, fərqi yoxdur. Seçim etsəm, hər iki qol çox önəmlidir. Biri olmasaydı, qələbə qazanmayacaqdıq. Hər ikisi fantastik qol idi. Bu qələbələrin arxasında komanda işi var. Məsələn, Mikels mövsüm boyu möhtəşəm oynadı, o olmayanda Kahim Parris, Xəyal Əliyev var idi, onu çox yaxşı əvəzlədi, çox önəmli qollar vurdular. Futbolçularım həqiqətən qəhrəmandırlar. Yer üzərində ən xoşbəxtəm, fəxr edirəm ki, bu cür oyunçularım var.

- Karyeranızda 5 müxtəlif ölkədə titul qazanmısınız. Yerlərə bölsəniz, "Sabah"ı neçənci pilləyə yerləşdirərdiniz?

- Müqayisə etmək istəməzdim. Çünki hər bir klub mənim üçün əziz olub. Çempion olmaq, titullar qazanmaq hər kəs istəyir. Ola bilər ki, bu sənin son titulun olsun, bunu Allah bilir. "Hayduk"la qazandığım kubok çox həyəcanverici idi. Azərbaycanda da çempion oldum, özəl duyğulardır. Mövsüm ərzində iki titul qazanmaq duyğuları daha da özəlləşdirir. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. İnanıram ki, gələcəkdə onları daha da xoşbəxt edəcəyik, daha da gözəl duyğular verəcəyik.

Əlaqəli Xəbərlər