Bolonya prosesi Azərbaycan təhsilinə nə verib? - AÇIQLAMA

"Azərbaycan 2005-ci ildən Bolonya prosesinə qoşulub, lakin 21 il keçməsinə baxmayaraq, tətbiq ilə gözlənilən nəticələr arasında ciddi boşluq qalmaqdadır".
Bu sözləri Operativ Media-ya açıqlamasında fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.
O qeyd edib ki, Bolonya sisteminin uğursuzluğu tez-tez iddia edilsə də, bu yanaşma birtərəflidir:
"Eyni sistem bir sıra Avropa ölkələrində real və müsbət nəticələr verir. Deməli, problem sistemin özündə deyil, onun yerli mühitə inteqrasiyasında və tətbiq mexanizmlərindədir.
Məsələn, Azərbaycan Avropa Kredit Transfer Sistemini (ECTS) formal olaraq qəbul edib, lakin tədris metodologiyası hələ də klassik auditoriya və seminar modelindən kənara çıxa bilmir. Tələbənin müstəqil tədqiqatına ayrılan kredit saatları əksər hallarda sadəcə əlavə auditoriya yükü kimi qəbul olunur ki, bu da Bolonya sisteminin əsas fəlsəfəsinə ziddir.
Digər mühüm problem əmək bazarında bakalavr diplomunun “natamam ali təhsil” kimi dəyərləndirilməsidir. Halbuki Bolonya sistemində bakalavr pilləsi dörd il ərzində tam ixtisaslı kadr hazırlığını nəzərdə tutur. Bu yanaşma, sistemin yanlış tətbiqinin açıq göstəricisidir.
Akademik azadlıq məsələsi də ayrıca vurğulanmalıdır. Universitet idarəçiliyində rektordan dekana qədər səlahiyyətlərin həddən artıq mərkəzləşməsi tələbələrin seçim azadlığını ciddi şəkildə məhdudlaşdırır. Tələbə nə müəllimi, nə də fənni sərbəst seçə bilir. Halbuki Bolonya modelində tələbə təhsil trayektoriyasını özü formalaşdırır. Məsələn, Almaniyada tələbələr həm müəllim, həm də fənn seçimində sərbəstdirlər və dörd il ərzində öz akademik planlarını özləri müəyyənləşdirirlər. Azərbaycan reallığında isə bu akademik azadlıq kağız üzərində qalır.
Ekspertin sözlərinə görə, Azərbaycan Bolonya prosesinə qoşulsa da, öz milli Bolonya modelini formalaşdıra bilməyib. Beynəlxalq tanınmanı qorumaq şərti ilə təhsilin məzmunu yerli sənaye, texnologiya və iqtisadi tələblərə uyğunlaşdırılmalıdır:
“Azərbaycan üçün Bolonya sistemindən imtina çıxış yolu deyil. Əksinə, beynəlxalq elmi və təhsil mühitinə inteqrasiyanın dərinləşməsi ölkəmiz üçün faydalıdır və Bolonya prosesi hələ də böyük imkanlar vəd edir. Bunun üçün islahatlar real və dərin olmalı, universitetlərin akademik və maliyyə müstəqilliyi artırılmalı, qiymətləndirmə sistemi isə bilikdən daha çox bacarıq və səriştə əsaslı olmalıdır. Yalnız bu halda Bolonya prosesi Azərbaycan üçün formal öhdəlik deyil, real inkişaf mexanizminə çevrilə bilər”, deyə ekspert bildirib.
