Kran suyu təhlükəsizdirmi? - ARAŞDIRMA

Bakıda kran suyunun keyfiyyəti əhalinin gündəlik narahatlıqlarından biridir. Bir çox vətəndaş sudan qum, palçıq və çöküntü gəldiyini bildirir. Ekspertlər qeyd edir ki, su texniki baxımdan təmiz olsa da, köhnə infrastruktur və borulardakı nasazlıqlar səbəbindən bəzi hallarda keyfiyyətə təsir edən problemlər yaranır.
Məsələ ilə bağlı Operativ Media-ya açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, əsas problem su infrastrukturunun həddindən artıq köhnə və yararsız vəziyyətdə olmasıdır:
"Tez-tez qəzalar baş verir və təmir işləri zamanı şəbəkədə çirklənmələr yaranır. Nəticədə vətəndaşlar kranı açarkən sudan qum, palçıq və digər çöküntülərin gəldiyini bildirirlər.
Məhz buna görə bir çox istehlakçılar kran suyunu daimi olaraq dəyişdirərək içməyə üstünlük veririk. Hətta təmizlənmiş suya belə tam etibar etməyənlər var.
Hazırda paytaxta su verən qurumlar müəyyən standartlar çərçivəsində suyun keyfiyyətini təmin etməyə çalışır. Düşünürəm ki, əgər şəbəkədə qəzalar və əlavə çirklənmələr baş verməzsə, Bakıya verilən su ümumilikdə normal və istifadəyə yararlıdır”.
Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev isə bildirib ki, evlərdə krandan gələn içməli suyun keyfiyyəti sağlamlıq üçün risk yarada bilər:
“Amma risk hər dəfə su zəhərlidir səviyyəsində olmur. İçməli su adətən standartlara uyğun hazırlanır və dezinfeksiya olunur. Problem daha çox iki yerdə çıxır. Bəzi hallarda mənbə, su kəmərində qısa müddətli nasazlıq olur. Bəzən də su binaya çatandan sonra köhnə borular, pas, çənlər, kran ucluqları kimi amillər suyun dad-iyinə, təhlükəsizliyinə təsir edir. Azərbaycanda istehlakçıya verilən suyun keyfiyyət göstəricilərinin standartı var.
Ev şəraitində təhlükəsiz içməli su üçün nə etmək lazımdır?
Ev şəraitində suyun təhlükəsizliyini artırmaq üçün ən praktik yanaşma problemi müəyən etməkdir. Dad-iy problemi ayrıdır, mikrobioloji risk ayrıdır, kimyəvi risk ayrı isə ayrıdır. Əgər su uzun müddət kranda qalıbsa 30 saniyə-2 dəqiqə axıdıb sonra istifadə etmək bəzən kifayət edir. Bu boruda qalan durğun suyu yeniləyir. Kranın ucluğunu da təmizləmək çox vaxt faydalı olur. Orada çöküntü yığılır, iy və dada təsir edir. Binada su çəni varsa, onun təmizlənməsi və qapağının bağlı qalması vacibdir. Çənləri baxımsız saxlandıqda problem oradan başlayır.
Dad, iyi üçün bir neçə sadə üsul var. Suyu açıq qabda 20-30 dəqiqə saxlayıb sonra soyuducuda tutduqda xlor iyi bir qədər uçub azalır. Bəzi həssas insanlar xloru çox az miqdarda belə hiss edə bilir. Hiss etmək zərərli demək deyil.
Daha sonra filtri nə üçün seçdiyimizi də bilməliyik. Aktiv kömür filtr bir şeydir, ağır metallara, duzlara görə daha güclü sistem başqa şeydir. Filtrin ən zəif yeri vaxtında dəyişilməməsidir. Filtr var deyə Rahat olmamalıyıq. Əsas problem vaxtında dəyişmədikdə baş verir. Bir çoxlarımız suyun dadından iyindən narazı qalırıq. Əsas səəblərdən biri suyu zərərli mikroorqanizmlərdən qorumaq üçün dezinfeksiya maddəsinin vurulmasıdır. Hər kəsinin həssaslığı fərqli olduğu üçün qoxu bəzən normada olsa da hiss olunur. Təmir işləri zamanı, təzyiqin dəyişməsi ilə əlaqədar kəmərdə axın rejimi dəyişəndə çöküntü qalxa bilir. Su bir müddət bulanıq görünür, torpaq və ya metalabənzər dad verir. Xüsusilə də köhnə binalarda boruların paslı olması ilə əlaqədar çöküntü suyun rənginə və dadına təsir edə bilir. Bu hal hər evdə eyni olmur. Bəzi məqamlara diqqət etməliyik. İy kəskin benzin, solvent kimi gəlirsə, su davamlı qəhvəyi çöküntülü qalırsa, evdə hamıda mədə-bağırsaq şikayətləri eyni vaxtda başlayırsa, o zaman artıq problem ola bilər. Belə hallarda su nümunəsi verib analiz etdirmək və xidmət göstərən quruma müraciət etmək daha məntiqlidir”.
Mövzu ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən saytımıza bildirilib ki, Bakı, Abşeron yarımadası və regionlarda suyun içməli səviyyəyə çatdırılması və təhlükəsizliyinin təmin olunması üçün su təmizləyici qurğular və 12 kimyəvi-bakterioloji laboratoriya fəaliyyət göstərir:
"Bakı şəhəri, Abşeron yarımadasının və eyni zamanda regionların su təchizatı sistemlərində mənbələrdən (yerüstü və yeraltı) qəbul edilən suyun içməli su səviyyəsinə çatdırılması, suyun təhlükəsizliyinin təmin edilməsi, AZS 929:2023 “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” dövlət standartının tələblərinə riayət olunması məqsədi ilə bir sıra su təmizləyici, zərərsizləşdirci qurğular, o cümlədən mənbədən – istehlakçıya qədər suyun keyfiyyətinin və təhlükəsizliyinin müəyyənləşdirilməsi üçün 12 sayda kimyəvi – bakterioloji təhlil laboratoriyaları fəaliyyət göstərir.
Əhaliyə verilən içməli su öncə mexaniki təmizləyici üsulla qum süzgəcindən, ardından mərhələli şəkildə yeni texnologiya olan ultrasüzgəcli qurğulardan keçirilir. Bütün xətlərdən gələn emal olunan sular Bakı şəhərində yerləşən 23 mərkəzi su anbarları və nasos stansiyalarına ötürülür.
Emal olunan su hər bir nöqtədə xlor tərkibli reagentlər vasitəsilə zərərsizləşdirilərək magistral paylayıcı kəmərlərə ötürülür.
Bütün qurğular üzrə təmizlənmə prosesləri yekunlaşdıqdan sonra 38 nöqtədən su nümunəsi götürülür və gündəlik olaraq Ceyranbatan içməli su fiziki-kimyəvi və bakterioloji laboratoriyasında yoxlanılır.
Su əhaliyə verildikdən sonra da mütəmadi olaraq kənd, qəsəbə və şəhərlər üzrə analizlər aparılır.
Mərkəzi Laboratoriyada həm Bakı şəhərinin mərkəzi su anbarlarından, həm də məhəllədaxili anbarlardan gündəlik götürülən 44 sayda su nümunəsi üzərində də analizlər həyata keçirilir. Həm bakterioloji, həm də fiziki-kimyəvi göstəricilər üzrə təhlillər edilir. Əgər nəticələrdə müəyyən göstəricilər normalara uyğun olmazsa, anındaca müdaxilə edilir və problem aradan qaldırılır.
Bakı şəhəri, Abşeron yarımadası üzrə Ceyranbatan gölündən qəbul edilən su həm açıq tipli qum süzgəcli sutəmizləyici qurğuları, həm də innovativ su təmizləmə metodlarına əsaslanan Ultrasüzgəcli su təmizləyici qurğuları komplekslərində emal edilərək və qurğu daxili su anbarlarında xlor tərkibli reagentlər ilə zərərsizləşdirilərək su təchizatı şəbəkəsinə, mərkəzi su anbarları – nasos stansiyalarına və sonda istehlakçılara ötürülür.
Bundan əlavə “Xaçmaz” və “Şollar” su mənbələrindən (yeraltı) əldə edilən və Xaçmaz şəhərindən nəql edilən su 1 saylı və 2 saylı H.Z.Tağıyev adına nasos stansiyalarında zərərsizləşdirilərək istehlakçıların içməli su təminatı aparılır. Digər mənbələrdən biri isə Oğuz Qəbələ Bakı Su kəməri vasitəsi ilə Oğuz rayonunda yerləşən və subartezian, artezian quyulardan əldə edilən, 264,5 km məsafədən 8 rayon ərazisindən keçərək diametri 2000 mm-lik magistral boru vasitəsilə Bakı şəhərinə ötürülür, mənbə ərazisində və Atyalı qəsəbəsi ərazisində zərərsiləşdirilərək şəhərin su təchizatını qidalandırır.
Eyni zamanda 5-ci su mənbəyi qismində Hacıqabul ərazisində Kür çayından əldə edilən su Kür Su Təchizatı açıq tipli qum süzgəcli su təmizləyici qurğularda 3 mərhələli emaldan sonra içməli su Bakı şəhərinə, Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Neftçala, Saatlı, Sabirabad şəhərlərinin və ətraf kənd, qəsəbələrini zərərsiləşdirilmiş içməli su ilə təmin edir.
Bakı şəhəri, Abşeron yarımadası, eyni zamanda Regionlarda mövcud 875 sayda, ümumi həcmi 1260000 m3 tutumlu mərkəzi və məhəllədaxili su anbarları, içməli suyun təhlükəsizliyinin təmin edilməsi, AZS 929:2023 “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” dövlət standartının tələblərinə riayət edilməsi məqsədi ilə hər ilin əvvəlində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış anbarların yuyulması və zərərsizləşdirilməsi planına əsasən, il ərzində ən azı bir dəfə olmaq şərti ilə yuyularaq zərərsizləşdirilir.
Respublikanın regionlarında isə yerüstü su mənbələrindən əldə edilən su həcmləri müxtəlif su təmizləmə texnologiyalarına əsaslanan qurğular vasitəsi ilə emal edilir və zərərsizləşdirilir. Bunlardan qapalı qum süzgəcli su təmizləyici qurğular Quba, Lənkəran (eni zamanda Astara şəhərini qidalandırır), Lerik, Masallı (eni zamanda Cəlilabad şəhərini qidalandırır), Mingəçevir, Yevlax şəhərlərinin içməli su təchizatını təmin edir. Açıq tipli qum süzgəcli su təmizləyici qurğular isə Şəmkir (eyni zamanda Gəncə şəhərinin bir hissəsini, Samux şəhərini qidalandırır), Xankəndi, Şuşa şəhərlərində istismar edilir. Əks osmos sistemli su təmizləyici qurğular isə Ağstafa, Qobustan şəhərlərində istismar edilərək yeraltı su mənbələrindən əldə edilən yüksək minerallıqda suyun AZS 929:2023 dövlət standartının tələblərinə çatdıraraq əhalini yüksək keyfiyyətli içməli su ilə təmin edir.
Əlavə olaraq, Göygöl və Goranboy şəhərinin və ətraf yaşayış məntəqələrinin içməli su tələbatının təmin edilməsi üçün infiltrasiya qurğularından istifadə edilir. Digər rayonların şəhər və ətraf yaşayış məntəqələrinin su təminatında dövlət standartının tələblərinə cavab verən yeraltı quyulardan, drenaj və kaptaj tipli su qəbuledici qurğulardan istifadə edilir. O cümlədən, Kür ətrafı, suvarma kalları, dağ çayları ətrafında mövcud yaşayış məntəqələrinin su təminatının aparılması üçün qum süzgəcli və suyun keyfiyyətindən asılı olaraq əks osmos tipli kiçik məhsuldarlıqlı 412 sayda modul su təmizləyici qurğular istismar edilir".


