Menyu

Uşaqlar niyə aqressivləşir? Rəqəmsal mühit və nəzarət problemi

Ayşən Sadıxzadə
Uşaqlar niyə aqressivləşir? Rəqəmsal mühit və nəzarət problemi

Bu gün “İdrak” liseyində baş verən hadisə cəmiyyətdə ciddi narahatlıq doğurub. Şagirdin kompüter oyunlarına mütəmadi marağı və bu oyunların aqressiv məzmun daşıması hadisənin mümkün səbəbləri sırasında göstərilir. Bu fakt uşaqların və yeniyetmələrin sosial şəbəkələrə və rəqəmsal oyunlara artan məruz qalmasının, psixoloji gərginliklərin, davranış pozuntularının, eləcə də ailə və məktəb nəzarətinin əhəmiyyətini bir daha gündəmə gətirir.

Sosial məsələlər üzrə ekspert Üzeyir Şəfiyev Operativ Media-ya  bildirib ki, son illər məktəblərdə və ümumilikdə sosial şəbəkələrdə yeniyetmə və gənclərin davranışlarında aqressivləşmənin artdığı müşahidə olunur:

“Bunun səbəbləri çoxdur, lakin əsas amillərdən biri uşaqların erkən yaşlardan internet oyunları ilə intensiv təmasda olmasıdır. Xüsusilə aqressiyanı təşviq edən bəzi onlayn oyunlar – məsələn, Roblox və oxşar platformalar uşaqlarda zorakı davranış meyillərini gücləndirə bilir. Bu tip oyunlarda zorakılığın normallaşdırılması, aqressiv davranışların təşviqi hallarına rast gəlinir.

Nəticədə uşaq psixologiyasında ciddi dəyişikliklər baş verir. Uşaq oyunda gördüklərini real həyata köçürməyə, onları imitasiya etməyə və ətrafına yönəltməyə başlayır. Bu isə davranış pozuntularının formalaşmasına səbəb olur.

Qeyd etmək lazımdır ki, müəllimə qarşı silahlı hücum kimi hadisələr Azərbaycan üçün nadir haldır. Bu cür hadisələr daha çox Avropa və Qərb ölkələrində müşahidə olunur. Lakin hadisənin xarakteri göstərir ki, zorakı davranışlar əsasən ailədaxili psixoloji gərginlik yaşayan, münaqişəli mühitdə böyüyən və ya travma almış uşaqlarda ortaya çıxır. Belə uşaqlar çox zaman aqressiyanı məktəb mühitinə – müəllimlərə və ya sinif yoldaşlarına yönəldirlər.

Bu tip hallar sosial şəbəkələrdə də tez-tez yayılır. Qərb ölkələrində baş verən zorakı hadisələrin mediada geniş işıqlandırılması istər-istəməz bizim cəmiyyətə də təsir göstərir. Bu baxımdan sosial şəbəkələrdə nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir ki, aqressiya, zorakılıq və qeyri-etik davranışları təşviq edən paylaşımların yayılmasının qarşısı alınsın.

Xatırlatmaq yerinə düşər ki, ölkə başçısı 2018-ci ildə uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanun imzalayıb və bu sahədə kifayət qədər hüquqi baza mövcuddur. Lakin bu mexanizmlərdən daha effektiv istifadə edilməlidir.

Nəticə etibarilə problem bir neçə amilin üst-üstə düşməsindən qaynaqlanır: ailədaxili tərbiyədəki boşluqlar, məktəb mühitində tərbiyəvi və psixoloji işlərin yetərli səviyyədə aparılmaması, uşaqların yaşadığı travmalar və sosial şəbəkələrdə yayılan mənfi nümunələr. Cəmiyyətimiz üçün xarakterik olmayan, daha çox Qərb ölkələrində rast gəlinən zorakı davranış modelləri artıq internet və sosial media vasitəsilə bizə də sirayət edir.

Bu da onu göstərir ki, Z nəsli, Alfa nəsli və gələcəkdə formalaşacaq Beta nəsil üçün əsas sosiallaşma agenti getdikcə ailə və məktəb deyil, internet resursları və sosial şəbəkələr olur. Buna görə də rəqəmsal platformaların sağlam sosiallaşmaya xidmət etməsi üçün ciddi nəzarət və geniş maarifləndirmə tədbirləri həyata keçirilməlidir.”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov da məsələyə münasibət bildirərək qeyd edib ki, uşaqların və yeniyetmələrin sosial media və rəqəmsal oyunların təsirinə məruz qalması ciddi narahatlıq doğurur:

“Təəssüf ki, bir sıra oyunlar – məsələn, “Mavi Balina” və oxşar platformalar uşaqların psixologiyasına, düşüncə tərzinə və davranışına mənfi təsir göstərir. Bu səbəbdən belə oyunların ciddi şəkildə qadağan olunması zəruridir.

Uşaqların böyük əksəriyyəti məlumat və bilikləri artıq internet və sosial media vasitəsilə əldə edir. Təəssüf ki, müasir ailələrin bir çoxu axşam saatlarında belə övladlarının təhsil və inkişafına kifayət qədər vaxt ayırmır. Bu boşluğun doldurulması üçün həm ailələrin, həm də məktəblərin məsuliyyəti artırılmalıdır.

16 yaşına qədər uşaqlar üçün sosial media istifadəsinə müəyyən məhdudiyyətlərin tətbiqi, məktəblərdə psixoloq xidmətinin gücləndirilməsi və uşaqlarla daha sıx işlənilməsi vacibdir. Eyni zamanda davamlı maarifləndirmə və təbliğat işləri aparılmalı, gənclər təhlükəli informasiya və mənfi təsirlərdən qorunmalıdır.”

Psixoloq Zeynəb Eyyubova isə bildirib ki, bu cür hadisələr cəmiyyətdə haqlı olaraq ciddi narahatlıq yaradır, lakin kompüter oyunlarını zorakı davranışın yeganə səbəbi kimi göstərmək düzgün deyil:

“Elm sübut edir ki, aqressiv məzmunlu oyunlar risk faktorlarından biri ola bilər, lakin zorakılıq davranışı adətən bir neçə amilin üst-üstə düşməsi nəticəsində formalaşır. Buraya uşağın emosional və psixoloji durumu, ailədaxili münasibətlər, valideyn nəzarətinin zəifliyi, məktəbdə yaşanan zorbalıq, təcridolunma və ya konfliktlər daxildir.

Araşdırmalar göstərir ki, aqressiv oyunlar qısa müddətli həyəcan və aqressiv reaksiyaları artıra bilər, lakin sağlam ailə mühiti, düzgün sosiallaşma və psixoloji dəstək olan uşaqlarda bu təsir zorakı davranışa çevrilmir.

Əsas problem risk siqnallarının vaxtında görünməməsidir. Valideynlər və məktəblər uşaqlarda davranış dəyişikliklərinə  kəskin aqressiya və ya qapanma, zorakılığa həddindən artıq maraq, silah mövzularına obsesiv yanaşma, empati hissinin azalması, davamlı konfliktlər, yuxu pozuntuları və emosional partlayışlara – xüsusi diqqət yetirməlidirlər.

Burada əsas məsələ qadağalar deyil, nəzarət və ünsiyyətdir. Valideyn bilməlidir ki, övladı nə oynayır, nə izləyir, kimlə ünsiyyətdədir və ən əsası, özünü necə hiss edir. Məktəblərdə psixoloq xidməti formal deyil, aktiv və profilaktik rol oynamalıdır.

Nəticə olaraq demək olar ki, bu faciə təkcə bir oyun məsələsi deyil. Bu, psixoloji dəstək sistemlərinin, ailə–məktəb əməkdaşlığının və erkən xəbərdarlıq mexanizmlərinin zəifliyinin acı nəticəsidir. Uşağın davranışı bizə həmişə nəsə deməyə çalışır. Əsas məsələ onu vaxtında eşitməkdir.”

Sosial məsələlər üzrə ekspert Fatimə Hacıbəyli isə bildirib ki, hadisəyə yalnız fərdi psixoloji problem kimi yanaşmaq doğru deyil:

"Müəllimə qarşı silahlı zorakılıq təkcə bir şagirdin davranışı deyil, ailə nəzarətinin zəifləməsi, rəqəmsal mühitin nəzarətsizliyi və psixoloji mexanizmlərin vaxtında işləməməsi fonunda formalaşan daha geniş sosial problemin göstəricisidir. Şübhəsiz ki, hadisəni törədən şəxsin psixoloji durumu ciddi araşdırılmalıdır, lakin bu cür hallar əksər hallarda mühitdən, tərbiyədən və nəzarətsizlikdən kənar yaranmır".

O bildirib ki, son illər uşaqların və yeniyetmələrin sosial şəbəkələrə və kompüter oyunlarına nəzarətsiz çıxışı onların psixoloji vəziyyətinə təsirsiz ötüşmür:

“Xüsusilə zorakılığı normallaşdıran və aqressiyanı təşviq edən məzmunlara uzunmüddətli məruz qalma, ailə və məktəb nəzarəti zəif olduqda riskləri artırır. Burada problemin mənbəyi oyunların və rəqəmsal platformaların mövcudluğu deyil, onların yaşa uyğunluğuna və istifadəsinə nəzarətin olmamasıdır.

Eyni zamanda, ailə-valideyn məsuliyyəti məsələsi də xüsusi vurğulanmalıdır. Uşağın davranışındakı dəyişikliklərə vaxtında reaksiya verilməməsi, emosional boşluqların görməzlikdən gəlinməsi bu cür faciəvi nəticələrə yol aça bilər. Məktəblərdə psixoloji xidmətlərin formal deyil, real və preventiv şəkildə işləməsi isə bu risklərin qarşısını almaqda mühüm rol oynayır.

Bu hadisə nə təkcə bir şagirdin psixoloji problemi, nə də yalnız rəqəmsal mühitin təsiri kimi dəyərləndirilməlidir. Bu, ailə, məktəb və cəmiyyətin birgə məsuliyyət daşıdığı, sistemli yanaşma tələb edən ciddi sosial problemdir. Problemin kökünə enilmədiyi və preventiv addımlar atılmadığı təqdirdə, bu cür hadisələrin təkrarlanma riski qalmaqda davam edəcək”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Elnarə Akimovanın sözlərinə görə, burada əsas məsələ uşağın bu həddə necə gəlib çatmağıdır:

"Onu bu nöqtəyə gətirən nə oldu və niyə vaxtında dayandırılmadı? Hadisə ilə bağlı kompüter oyunlarının təsiri, sosial şəbəkələrin rolu, ailə nəzarətinin zəifliyi ön plana çəkilir. Bütün bunlar müzakirə olunmalıdır, amma məsələni yalnız oyunların üzərinə atmaqla məsuliyyətdən yayınmaq olmaz. Çünki zorakılıq meyli tək bir amilin yox, sistemli boşluqların nəticəsidir.

Bu gün uşaqların böyük hissəsi virtual dünyada yaşayır. Sosial şəbəkələr, aqressiv məzmunlu oyunlar onların emosional dünyasını formalaşdırır, real həyatla empati qurmaq qabiliyyətini zəiflədir. Amma əsas problem ondadır ki, bu proseslər ailə və məktəb tərəfindən nəzarətsiz buraxılıb. Valideyn çox vaxt uşağın psixoloji vəziyyətini deyil, yalnız qiymətini və ya imtahan nəticəsini izləyir. Məktəb isə uşağın daxilində baş verənləri görəcək və vaxtında müdaxilə edəcək mexanizmlərdən məhrumdur və ya mövcud mexanizmlər formal xarakter daşıyır. Psixoloq anlayışı bir çox təhsil müəssisəsində kağız üzərində qalıb, real erkən müdaxilə sistemi isə işləmir.

Digər tərəfdən, cəmiyyətdə müəllim nüfuzunun sürətlə aşağı düşməsi də bu böhranın mühüm səbəblərindən biridir. Müəllim artıq tərbiyə edən, yol göstərən, emosional dayaq olan fiqur kimi deyil, yalnız proqram çatdırmalı icraçı kimi qəbul olunur. Uşağın gözündə müəllimin sözünün çəkisi azalanda, müəllimlə şagird arasında emosional bağ qırılır. Empati hissi formalaşmır, qarşılıqlı hörmət yox olur. Müəllim şagird üçün avtoritet olmayanda, onu anlayan və dinləyən insan da olmur. Bu boşluğu isə çox vaxt virtual dünya, zorakılıq dolu məzmun və yanlış rol modelləri doldurur.

Uşaqların mütaliədən uzaq düşməsi də bu prosesin tərkib hissəsidir. Kitab oxumayan uşaq düşünməyi, hiss etməyi, başqasının ağrısını anlamağı öyrənmir. Mütaliə empati yaradır, səbr aşılayır, daxili dünyanı zənginləşdirir. Bunun əvəzində uşaqlar sürətli, səthi, aqressiv informasiya axınının içində böyüyür. Məktəb isə bu boşluğu doldura bilmir, çünki şagirdin əsas təhsil yükü artıq sinif otağından kənara – repetitor yanına daşınıb. Uşaq məktəbi bilik məkanı kimi yox, formal bir mərhələ kimi görür. Müəllimlə gündəlik, canlı ünsiyyət azalır, emosional bağ daha da zəifləyir.

Müəllimlərin üzərinə qoyulan həddindən artıq yük də diqqətdən kənarda qalmamalıdır. Hesabatlar, sənədlər, əlavə tapşırıqlar, proqram təzyiqi müəllimi şagirdə vaxt ayırmaqdan məhrum edir. Müəllim şagirdin daxili dünyasını dinləməyə, davranışındakı təhlükəli dəyişiklikləri izləməyə zaman tapmır. Halbuki bir çox faciənin qarşısı məhz bu diqqət və vaxt hesabına alına bilərdi. Şagirdlə müəllim arasında qırılan emosional bağ, əslində, təhlükəsizlik zəncirinin ən vacib halqasının qırılmasıdır.

Bu mənzərədə sual artıq fərdi hadisələrlə bağlı deyil. Sual budur: niyə məktəblərdə psixoloji vəziyyətə erkən müdaxilə mexanizmləri işləmir və niyə qanunvericilik bu reallıqlara uyğunlaşdırılmır? Təhsil müəssisələrində psixoloji təhlükəsizlik, ailə nəzarəti, sosial şəbəkə və oyun məzmununa nəzarət, müəllimin statusunun bərpası bir-birindən ayrı yox, kompleks şəkildə həll olunmalıdır. Əks halda, hər hadisədən sonra günahkar axtaracaq, amma problemi doğuran səbəblərə toxunmayacağıq.

Bu gün baş verənlər sabahın daha ağır xəbərlərinin xəbərçisi olmamalıdır. Məktəb qorxu yox, güvən məkanı olmalıdır. Müəllim yenidən nüfuz sahibi, şagird üçün dayaq nöqtəsinə çevrilməlidir. Uşaqlar virtual aləmdən real insani münasibətlərə qaytarılmalıdır. Əks halda, susqunluq və biganəlik daha ağır nəticələr doğuracaq və bu nəticələrin məsuliyyəti artıq tək bir ailənin, bir məktəbin yox, bütün cəmiyyətin üzərində qalacaq”.

Əlaqəli Xəbərlər