Bakıda liseydə şagird müəllimi güllələyib - VİDEO - YENİLƏNİB 3
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Kliniki Tibbi Mərkəzin məlumatı:
06.02.2026-ci il tarixində saat 09:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu İdrak liseyindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.
Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
***
11:07
Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Baş Prokurorluğun mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfində tutulub.
Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.
Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.
***
10:47
Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
Faktla bağlı araşdırma aparılır.
***
10:32
Bakıda liseydə silahlı insident baş verib.
Operativ Media Unikal-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki liseydə qeydə alınıb.
Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb.
Müəllim dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.