Novruzun ilk müjdəçisi: Su çərşənbəsi
Bu gün Novruzun ilk müjdəçisi – Su çərşənbəsidir. Bu gün suyun oyanışı, təbiətin dirçəlişə ilk addımı kimi qəbul olunur. İnanca görə, suya hərarət gəlir, həyat yenidən canlanmağa başlayır və insan ruhu da bu təmizlənmə ilə yenilənir.
Operativ Media xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılovun sözlərinə görə, çərşənbələr xalqın mənəviyyatından və dünyagörüşündən doğaraq əsrlər boyu formalaşmış ənənələrdir:
“Qədim təsəvvürlərdə su həyat mənbəyi sayılıb. Canlanma, oyanış və dirçəliş su ilə əlaqələndirilib. Bütün canlıların inkişafı suya bağlıdır. Yazın gəlişi ilə təbiətin oyanması da məhz su ilə başlanır. Bu baxımdan su xalq düşüncəsində müqəddəs və mötəbər anlayış kimi qəbul edilib.
Novruz ərəfəsində su ilə bağlı müxtəlif adətlər formalaşıb. Su həyatımızın, mədəniyyətimizin ayrılmaz hissəsinə çevrilərək əsrlərdir yaşayıb və bu günə gəlib çatıb.
Təəssüf ki, su ilə bağlı bir çox qədim deyimlər, inanclar və ənənələr zaman keçdikcə unudulur. Halbuki suya hörmət və ehtiram Azərbaycan xalqının, eləcə də ümumilikdə türk dünyasının ortaq mədəni dəyərlərindəndir. Bu ənənə tarixən içimizdən gələn, bizimlə yaşayan mədəni yaddaşdır”.
Tarix üzrə fəlsəfə doktoru Hicran Mahmudova isə qeyd edib ki, Novruz yaradılış və dirçəliş bayramıdırsa, bu dirçəlişin başlanğıcı məhz su ilə əlaqələndirilir:
“Su çərşənbəsinin mahiyyəti suya olan inamla bağlıdır. Su təmizləyici, arındırıcı və dirildici gücün simvolu hesab olunur. Həm insan, həm də bütün canlılar üçün həyat su ilə başlayır. Əgər Novruz yaradılış və dirçəliş bayramıdırsa, bu dirçəlişin başlanğıcı da məhz su ilə bağlıdır.
Qədim inanclara görə, Su çərşənbəsinin səhəri insanlar heç kəslə danışmadan, heç nə yemədən axar su üstünə gedərdilər. Oradan “lal su” deyilən su götürülərdi. Bu su evə səpilər, ağacların dibinə tökülərdi. Həmin sudan xəmir yoğrular, çörək bişirilər, plov dəmlənərdi. İnanca görə, bu su evə ruzi-bərəkət gətirərdi.
Eyni zamanda su əkin sahələrinə səpilərdi ki, torpaq oyansın, məhsul bol olsun. Bu, torpağın dirçəlişinə simvolik çağırış kimi qəbul edilirdi.
Sonrakı dövrlərdə, o cümlədən İslam mədəniyyətində də suyun təmizləyici və müqəddəs simvolikası qorunub saxlanılıb.
Novruzla bağlı mühüm məqamlardan biri də səməni ilə əlaqədardır. Artıq Su çərşənbəsindən başlayaraq buğda isladılır ki, İlaxır çərşənbəyə və Novruz bayramına qədər səməni yetişsin. Bu da oyanışın və həyatın yenilənməsinin rəmzidir.
Qədim inanclara görə, xəstə insanın üstünə su səpmək onun dirçəlməsinə kömək edərdi. İnsanlar inanırdılar ki, su canlıların oyanmasına səbəb olan əsas qüvvədir.
Bəzi bölgələrdə Su çərşənbəsində axar suyun üzərindən atlanmaq adəti də var. İlaxır çərşənbədə tonqal üstündən tullanıldığı kimi, burada da insanlar axar suyun üzərindən atlanaraq “ağırlığım, xəstəliyim bu su ilə getsin” deyirlər. İnanca görə, axar su bütün dərdi yuyub aparır”.
Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova isə bildirib ki, Novruza qədərki dörd çərşənbə – su, od, yel və torpaq – baharın təməl daşlarıdır:
“Hər çərşənbə yenilənməni, başlanğıcı, bərəkəti və bolluğu simvolizə edir. Baharın gəlişi isə ‘yeni gün’ mənasını daşıyan Novruzun ruhunu tamamlayır. Əsrlər boyu insanları bir-birinə yaxınlaşdıran, xoş ovqat bəxş edən, türk dünyasının dirçəliş və oyanış rəmzi sayılan bu bayramın ilk müjdəçisi Su çərşənbəsidir.
Su çərşənbəsi bölgələrə görə müxtəlif adlarla tanınır: Güllü çərşənbə, Sulu çərşənbə, İlk çərşənbə, Çillə çıxan çərşənbə, Xəbərçi çərşənbə və nəhayət, Su çərşənbəsi. Adlar dəyişsə də, mahiyyət eynidir – həyatın başlanğıcı sudur.
İnanca görə, bu gün suya hərarət gəlir, su oyanır. İnsanlar suyun müqəddəsliyinə inanaraq bulaq başına, çay kənarına gedərdilər. Gətirdikləri sudan evin künc-bucağına, həyətə, bar verməyən ağacların dibinə, hətta xəstənin üstünə çiləyərdilər. Bu mərasim ‘çiləmə’ adlanardı və ağırlıqdan, azar-bezdən təmizlənmək niyyəti daşıyardı.
Xalq arasında belə bir inanc da var: bir qarı səhəngini götürüb çaya gedir, amma su donmuş olur və səhəng batmır. Bir qədər sonra yenidən gedəndə görür ki, çay axır. Anlayır ki, su artıq oyanıb. O zaman suyun sahiblərinə salam verib sudan götürür. İnanca görə, suyun üzərində bəddua etmək olmaz. Çünki su müqəddəsdir və deyilən sözləri, edilən niyyətləri yadda saxlayır.
Evlərə gətirilən təzə su ilə köhnə su əvəz edilərdi. Nənələrimiz həmin sudan xəmir yoğurar, çay dəmləyərdilər ki, il boyu süfrə bərəkətli olsun. Bəzi bölgələrdə su çilədikdən sonra qab sındırmaq da adət idi – çətinliklərin sınması niyyətilə.
Həyatda hər şeyin alternativi var, amma suyun alternativi yoxdur. Qız tərif ediləndə ‘aydan arı, sudan duru’ deyilməsi də suyun paklıq rəmzi olmasındandır. ‘Qabağından duru su axsın’, ‘Ömrün su kimi uzun olsun’ kimi dualar da bu inancın davamıdır. Su həm də ehsan sayılır – birinə su vermək savabdır.
İnsan ana bətnində su içində dünyaya gəlir, bu dünyadan köçərkən də su ilə yuyularaq son mənzilə yola salınır. Həyatın başlanğıcı da, sonu da su ilə bağlıdır.
Su çərşənbəsinin oyanışı təbiətin oyanışına işarədir. Əgər suya istilik gəlibsə, deməli torpağa da can gələcək, həyat yenidən boy atacaq”.
AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı isə bildirib ki, Azərbaycan xalqının minilliklərdən süzülüb gələn dünyagörüşünün, təbiətə münasibətinin və mənəvi təmizlənmə anlayışının ifadəsi kimi Novruz bayramının ilk mərhələsi Su çərşənbəsi hesab olunur:
“Su, od, yel və torpaq kimi dörd ünsürü özündə birləşdirən bu ənənədə su ilkin başlanğıc, həyatın mənbəyi və dirçəlişin rəmzi kimi qəbul edilir. Su çərşənbəsi təkcə mövsümi mərasim deyil, milli-mədəni yaddaşın davamlılıq göstəricisidir.
Qədim türk mifoloji təsəvvürləri ilə səsləşən bu ənənə suya müqəddəs varlıq kimi yanaşmanı, axar suyun paklaşdırıcı gücünə inamı əks etdirir. Zərdüştlük dövründə də su paklıq elementi kimi dəyərləndirilib və bu, mərasimlərin məna qatını daha da zənginləşdirib. Su burada sadəcə fiziki substansiya deyil, mənəvi saflığın və yenilənmənin simvoludur.
Xalq arasında Su çərşənbəsinin ‘Əzəl çərşənbə’ adlandırılması da təsadüfi deyil. Qədim inanclara görə, məhz bu gündən etibarən təbiətdə hərəkət başlayır, sular oyanır, torpağa can gəlir. İnsan da təbiətin bir parçası olaraq daxili aləmini saflaşdırmağa çalışır. ‘Ağırlığım-uğurluğum suya’ ifadəsi bu mənəvi yükdən azad olma arzusunun poetik ifadəsidir.
Su çərşənbəsi ilə başlayan yaz təmizliyi təsadüfi məişət işi deyil, yenilənmənin sosial formasıdır. Axar su üzərindən atlanmaq, səhər tezdən bulaq başına getmək, üz-gözü axar suda yumaq, ev-eşikdə təmizlik işlərinə başlamaq – bütün bu mərasimlər həm simvolik, həm də praktik məna daşıyır.
Bulaq başında toplaşmaq, birgə ayin icra etmək, niyyət tutmaq və dua etmək sosial həmrəyliyin möhkəmlənməsinə xidmət edir.
Bu gün urbanizasiya və həyat tərzinin dəyişməsi bəzi mərasim formalarını dəyişsə də, regionlarda, xüsusilə kənd yerlərində ənənə daha canlı şəkildə yaşadılır. Bu isə göstərir ki, Su çərşənbəsi folklor nümunəsi kimi deyil, yaşayan mədəni institut kimi mövcuddur.
Su çərşənbəsi Azərbaycan xalqının təbiətə bağlılıq fəlsəfəsini, həyatın dövri yenilənməsi ideyasını və mənəvi paklanma ehtiyacını ifadə edir. O, keçmişin yadigarı olmaqla yanaşı, bu günün də mənəvi dayağıdır. Su axır, zaman dəyişir, lakin suyun təmizləyici və dirildici rəmzi məzmunu milli kimliyimizin ayrılmaz hissəsi olaraq qalır. Biz Su çərşənbəsini qeyd edərkən təkcə bir mərasimi deyil, mədəni yaddaşımızı, tarixi davamlılığımızı və mənəvi bütövlüyümüzü yaşadırıq”.



