Bipolyar pozuntu nədir?
“Bipolyar pozuntu əhval-ruhiyyənin kəskin və bir-birinə zidd dalğalanmaları ilə müşayiət olunan psixi pozuntudur. Adından da göründüyü kimi, “bipolyar” iki qütbü ifadə edir. Bu qütblərdən birində maniya, digərində isə depressiya dayanır. Xəstəlik məhz bu iki hal arasında dəyişən epizodlarla xarakterizə olunur.
Bu barədə Operativ Media-ya həkim-psixiatr Azər Bağırov danışıb.
Onun sözlərinə görə, maniya dövründə insanın enerjisi həddindən artıq artır, əhvalı yüksəlir və bəzən əsəbi olur:
“Özgüvən qeyri-adi dərəcədə yüksəlir, qorxu və risk hissi azalır. Həddindən artıq pul xərcləmək, ani qərarlar vermək, böyük investisiyalara girişmək istəyi yaranır. Məsələn, qəfil bankdan böyük məbləğdə kredit götürərək iri biznes quracağına inanmaq kimi düşüncələr ortaya çıxa bilər. Yuxuya ehtiyac azalır, insan gecələrlə yatmadan aktiv qala bilir. Danışmaq, hərəkət etmək, gəzmək və plan qurmaq ehtiyacı artır. Cinsi istək yüksələ bilər. Eyni zamanda ən xırda səbəbdən aqressivləşmə və hətta zorakılığa meyl də mümkündür.
Bəzi hallarda maniya daha da ağırlaşaraq reallıqla əlaqənin pozulmasına səbəb olur. İnsan özünü seçilmiş, digərlərindən üstün, həddindən artıq ağıllı və ya xüsusi missiyaya malik biri kimi görə bilər. Dini mövzulu böyüklük sayıqlamaları, özünü peyğəmbər elan etmə, Allahla danışdığını düşünmə kimi hallar yarana bilər. Bəzən səslər eşitmə və ya görüntülər görmə kimi hallüsinasiyalar da müşahidə olunur. Bu mərhələdə xəstə özünü xəstə hesab etmədiyi üçün müalicəyə razı salmaq çətinləşir və ağır hallarda xəstəxanaya yerləşdirilərək müalicə aparılması zəruri olur.
Depressiya dövrü isə bunun tam əksidir. İnsan qəfil dərin ümidsizlik və ruh düşkünlüyü yaşayır. Enerji azalır, yataqdan qalxmaq istəyi olmur, həyat mənasız görünür. İşə getmək və gündəlik fəaliyyətləri yerinə yetirmək çətinləşir. Uzun sürən halsızlıq, maraqsızlıq və yaşamaq istəksizliyi meydana çıxa bilər. Müalicə olunmadıqda bu mərhələ aylarla davam edə bilər.
Xəstəliyin yaranmasında genetik faktor mühüm rol oynayır. Ailədə bipolyar pozuntu, şizofreniya, şizoaffektiv pozuntu və ya ağır depressiya halları varsa, risk artır. Ümumi əhali arasında təxminən hər 100 nəfərdən 2–3-də bipolyar pozuntu müşahidə olunur.
Müalicədə əsas məqsəd xəstəni nə maniya, nə də depressiya fazasında saxlamaq, yəni sabit dövrü qorumaqdır. Bunun üçün əhval-sabitləşdirici dərmanlardan istifadə olunur, ehtiyac olduqda antipsixotik və ya antidepressant preparatlar əlavə edilir. Müalicə mütləq həkim nəzarəti altında və davamlı şəkildə aparılmalıdır. Çünki epizodlar təkrarladıqca xəstəliyin gedişi daha ağır və daha tez-tez ola bilər.
Vacib məqam ondan ibarətdir ki, epizoddan çıxmış bipolyar pozuntulu şəxslər tamamilə normal həyata qayıda və sağlam insanlardan fərqlənməyə bilərlər. Lakin xəstəlik xroniki xarakter daşıdığı üçün qoruyucu müalicə və mütəmadi nəzarət vacibdir. Erkən müdaxilə və düzgün terapiya təkrarlanmanın qarşısını almaqda həlledici rol oynayır".
