Menyu

Fransadakı qondarma "Artsax nümayəndəliyi"nin fəaliyyəti Azərbaycan-Ermənistan sülh prosesinə kölgə salır

Operativ Media
Fransadakı qondarma "Artsax nümayəndəliyi"nin fəaliyyəti Azərbaycan-Ermənistan sülh prosesinə kölgə salır

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm irəliləyişlərin əldə olunduğu, sülh sazişinin mətni üzrə razılığın təmin edildiyi bir vaxtda revanşist dairələrin informasiya müstəvisində fəallaşması təsadüfi deyil. Mövcud olmayan qondarma "Artsax"ın Fransadakı nümayəndəsi Hovanes Gevorkianın “Atlantico.fr” portalında dərc olunan məqaləsi də regionda formalaşmış yeni reallıqları şübhə altına almağa və Azərbaycan-Ermənistan sülh gündəliyinə kölgə salmağa yönəlmiş növbəti cəhd kimi qiymətləndirilə bilər.

Bu cür iddiaların mahiyyətini anlamaq üçün Ermənistanın uzun illər həyata keçirdiyi işğal siyasətinə nəzər salmaq kifayətdir.

Operativ Media bununla bağlı məqaləni təqdim edir.

Ermənistan Azərbaycan ərazilərini təxminən 30 il işğal altında saxladığı dövrdə beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq qondarma "Dağlıq Qarabağ Respublikası" adlı separatçı rejim yaratmışdı. Bu qeyri-qanuni qurumun yaradılmasında əsas məqsəd Ermənistanın işğalçı dövlət kimi məsuliyyətini gizlətmək, işğal faktını pərdələmək, münaqişəni guya "daxili öz müqəddəratını təyinetmə" məsələsi kimi təqdim etmək və beynəlxalq ictimaiyyəti çaşdırmaq idi.

Lakin bu cəhd tamamilə iflasa uğradı. Dünyanın heç bir dövləti qondarma rejimi tanımadı. BMT Təhlükəsizlik Şurasının qətnamələrində və digər beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü birmənalı şəkildə dəstəkləndi, işğal altındakı bütün ərazilər ölkəmizin ayrılmaz tərkib hissəsi kimi qəbul olundu. Beləliklə, Ermənistanın separatçı rejim yaratmaq cəhdi heç vaxt beynəlxalq hüquqi legitimlik qazanmadı.

Şanlı Zəfər - 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi regionda yeni siyasi-hüquqi reallıq formalaşdırdı. Azərbaycan BMT Nizamnaməsindən irəli gələn özünümüdafiə hüququndan istifadə edərək işğal altında olan ərazilərinin böyük hissəsini azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkənin bütün suveren ərazisində konstitusiya quruluşu tam təmin olundu, qanunsuz silahlı birləşmələr tərksilah edildi və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Bununla da "Artsax Respublikası" adı altında hər hansı qurumun mövcudluğundan danışmaq üçün hüquqi və siyasi əsas qalmadı.

Məhz buna görə də bu gün özünü "Artsax Respublikası"nın nümayəndəsi kimi təqdim edən şəxslərin bəyanatları hüquqi baxımdan heç bir status daşımır. Onların çıxışları artıq mövcud olmayan bir qurumun adından səsləndirilən siyasi iddialardan başqa məna ifadə etmir və regionda yeni reallıqları qəbul etmək istəməyən revanşist dairələrin informasiya kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir.

Münaqişənin başa çatmasından dərhal sonra isə məhz Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüsü ilə çıxış etdi və sülh müqaviləsinin əsas prinsiplərini irəli sürdü. Aparılan danışıqlar nəticəsində tərəflər sülh sazişinin mətni üzrə razılığa gəldilər və sənəd Vaşinqtonda paraflandı. Bu, Cənubi Qafqazda uzunmüddətli sülh və təhlükəsizliyin təmin olunması istiqamətində mühüm mərhələ oldu.

Lakin sülh gündəliyinin irəliləməsi revanşist qüvvələrin fəaliyyətini daha da intensivləşdirdi. Xaricdə fəaliyyət göstərən erməni diasporu və ona bağlı lobbi dairələri müxtəlif informasiya kampaniyaları vasitəsilə normallaşma prosesini pozmağa, artıq hüquqi və siyasi baxımdan mövcud olmayan separatçı qurumun adından çıxış edərək beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür yaratmağa çalışırlar. Hovanes Gevorkianın məqaləsi də bu cəhdlərin növbəti nümunəsidir.

Bu xüsusda Fransadakı erməni diasporu və ona bağlı fransız lobbistləri xüsusi olaraq seçilirlər. Son illər məhz Fransa artıq mövcud olmayan qondarma qurumun nümayəndələrinin çıxışları üçün əsas platformalardan birinə çevrilib. Müxtəlif media orqanlarında, siyasi dairələrdə və ictimai tədbirlərdə bu şəxslərə tribuna verilməsi, onların əsassız iddialarının tirajlanması regionda formalaşmış yeni reallıqları qəbul etmək istəməyən revanşist qüvvələrin fəaliyyətinin davamı kimi qiymətləndirilə bilər.

Paradoks ondan ibarətdir ki, son 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyasını üzərinə götürmüş Fransa işğal dövründə Ermənistanın beynəlxalq hüquqa zidd siyasətinə münasibətdə prinsipial mövqe nümayiş etdirmədi. Münaqişə başa çatdıqdan sonra isə Parisin sülh prosesini təşviq edəcəyi gözlənilsə də, müşahidə olunan mənzərə bunun əksini göstərir. Bu gün Fransanın rəsmi siyasəti bir çox hallarda erməni diasporunun revanşist mövqeyi ilə üst-üstə düşür.

Bu ziddiyyət xüsusilə Fransanın Ermənistanla hərbi əməkdaşlığında özünü göstərir. Uzun illər vasitəçi kimi çıxış etmiş bir dövlətin hazırda Ermənistanın hərbiləşdirilməsində fəal iştirakı, onu müasir silahlarla təmin etməsi və əsas silah tədarükçülərindən birinə çevrilməsi regionda etimad mühitinin möhkəmlənməsinə deyil, əksinə, yeni gərginlik risklərinin artmasına xidmət edir. Belə siyasət Ermənistan daxilində revanşist meyilləri gücləndirir və sülh prosesinə mənfi təsir göstərir.

Narahatlıq doğuran digər məqam isə hüquqi baxımdan mövcud olmayan qondarma "Artsax nümayəndəliyi"nin Fransa ərazisində fəaliyyətini davam etdirməsinə şərait yaradılmasıdır. Heç vaxt beynəlxalq hüququn subyekti kimi tanınmamış, 2023-cü ildə isə mövcudluğuna birdəfəlik son qoyulmuş bir qurumun "nümayəndəliyinin" fəaliyyət göstərməsi beynəlxalq hüquqdan irəli gələn öhdəliklərlə uzlaşmır və dövlətlərin suverenliyi ilə ərazi bütövlüyünə hörmət prinsipi ilə ziddiyyət təşkil edir.

Bu baxımdan haqlı suallar yaranır: necə ola bilər ki, hüquqi baxımdan mövcud olmayan bir qurumun nümayəndəsi Fransa daxilində müxtəlif görüşlər keçirir, tədbirlərdə iştirak edir və yerli media orqanlarında Azərbaycan əleyhinə məqalələrlə çıxış edir? Əgər söhbət beynəlxalq hüququn tanımadığı bir təsisatdan gedirsə, onun fəaliyyətinə göstərilən bu münasibət Parisin bəyan etdiyi beynəlxalq hüquqa hörmət prinsipi ilə necə uzlaşır?

Belə bir yanaşma Fransanın Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərinə dair bəyanatları ilə də ziddiyyət təşkil edir. Başqa bir dövlətin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, hüquqi əsası olmayan təsisatın fəaliyyətinə imkan verilməsi dostluq və qarşılıqlı hörmət prinsipləri ilə bir araya sığmır.

Qeyri-qanuni şəkildə mövcud olmuş və bu gün artıq tamamilə tarixə qovuşmuş separatçı qurumun "nümayəndəliyinin" fəaliyyətini davam etdirməsi Fransanın həqiqi niyyətləri ilə bağlı haqlı suallar doğurur. Belə bir fəaliyyətə şərait yaradılması Azərbaycana qarşı əsassız ərazi iddialarının informasiya müstəvisində yaşadılmasına, revanşist qüvvələrin ruhlandırılmasına və regionda yeni qarşıdurma risklərinin qorunub saxlanmasına xidmət edir. Əks halda, heç bir dövlət öz ərazisində başqa bir dövlətin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, hüquqi əsası olmayan bir təsisatın fəaliyyət göstərməsinə imkan verməz.

Bu gün Cənubi Qafqazda yeni reallıq formalaşıb. Azərbaycanın suverenliyi bütün ərazisində tam bərpa olunub, separatizmə son qoyulub və regionun əsas gündəliyi sülh, əməkdaşlıq və sabitliyin möhkəmləndirilməsidir. Bu reallıqları inkar etməyə yönəlmiş informasiya kampaniyaları, artıq mövcud olmayan qondarma qurumun yenidən gündəmə gətirilməsi və revanşist çağırışların təşviqi nə tarixin gedişini, nə də beynəlxalq hüququn təsbit etdiyi həqiqətləri dəyişə bilər. Davamlı sülhün təmin olunmasının yeganə yolu regionda formalaşmış yeni siyasi-hüquqi reallıqların qəbul edilməsi, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət göstərilməsi, revanşist siyasətdən və separatizmi təşviq edən bütün yanaşmalardan imtina olunmasından keçir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər