“SABAH-ın Məzunu 2026” tədbiri keçirilib
İyulun 8-də Heydər Əliyev Sarayında “SABAH-ın Məzunu 2026” tədbiri keçirilib.
Operativ Media xəbər verir ki, tədbirdə dövlət və özəl qurumların rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr, eləcə də digər qonaqlar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları SABAH məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, SABAH qrupları ötən illər ərzində Azərbaycan ali təhsil sisteminin uğurlu layihələrindən birinə çevrilərək ali təhsilin, həm də məzunların keyfiyyətinə müsbət təsir edib.
Nazir qeyd edib ki, SABAH layihəsi ali təhsil müəssisələrində akademik mühitin gücləndirilməsi, istedadlı gənclərin potensialının reallaşdırılması və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması istiqamətində həyata keçirilən ən mühüm təşəbbüslərdən biridir. Onun sözlərinə görə, bu gün SABAH proqramının məzunları ölkənin gələcək inkişafında mühüm rol oynayacaq insan kapitalını formalaşdırır. Nazir vurğulayıb ki, təhsilin bütün mənası insan yetişdirmək və onun öz ölkəsi üçün dəyər yaradan insan kapitalına çevrilməsinə şərait yaratmaqdır.
Çıxışının sonunda Emin Əmrullayev SABAH layihəsinin yaradılmasında əməyi olan hər kəsə təşəkkür edib, məzunları təbrik edərək onların Azərbaycanın davamlı inkişafına və cəmiyyətin rifahına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.
Tədbir SABAH qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş etdirilməsi ilə davam edib.
Tədbirdə SABAH məzun tədbirinin hər il təkrarlanan bir ənənəsi - rəmzi SABAH açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi baş tutub.
Daha sonra ən yüksək göstəriciləri ilə fərqlənən SABAHın məzunları ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar.
Tədbirdə çıxış edən 2018-ci il UNEC SABAH məzunu, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova bildirib ki, SABAH qruplarında təhsil alması onun peşəkar inkişafına mühüm töhfə verib. O, SABAH qruplarının tələbələrə müasir bilik və bacarıqlar qazandıraraq onların gələcək karyera uğurlarına geniş imkanlar yaratdığını vurğulayıb.
Tədbir çərçivəsində SABAH qrupları tələbələrinin ifasında musiqi nömrələri də səsləndirilib.
Qeyd edək ki, 2025/2026-cı tədris ilində 11 ali təhsil müəssisəsi üzrə 1285 bakalavr və 452 magistr SABAH qruplarını bitirir. Hazırda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsi 13 ali təhsil müəssisəsini, 8 ixtisas istiqaməti üzrə 71 ixtisas və ixtisaslaşmanı, bakalavriat və magistratura səviyyələri üzrə 2785 tələbəni və 8212 məzunu əhatə edir.