Təhsil eksperti: Müəllimlər üçün vahid geyim deyil, geyim standartı nəzərdə tutulur
Son günlər “Təhsil haqqında” qanuna təklif olunan dəyişikliklər müəllimlər üçün vahid geyim tətbiq ediləcəyi ilə bağlı müzakirələrə səbəb olub. Lakin məsələ ilə bağlı verilən açıqlamalarda vurğulanır ki, söhbət bütün müəllimlərin eyni formada geyinməsindən getmir. Müzakirə olunan dəyişiklik daha çox müəllimlərin peşəkar görünüşünü və təhsil mühitinə uyğun geyim mədəniyyətini tənzimləyən ümumi geyim standartlarının, yəni dress-kod qaydalarının müəyyənləşdirilməsini nəzərdə tutur. Bu yanaşmanın məqsədi isə müəllimlərin fərdi seçimlərini məhdudlaşdırmaq deyil, təhsil mühitində vahid peşə etikası və səliqəli görünüşün təmin edilməsidir.
Bu barədə Operativ Media -ya təhsil eksperti Elçin Əfəndi danışıb.
O bildirib ki, burada söhbət müəllimlər üçün məcburi vahid formadan deyil, geyimlə bağlı müəyyən standartların müəyyənləşdirilməsindən gedir. Yəni məqsəd bütün müəllimlərin eyni geyimi geyinməsi deyil, onların peşəkar və etik görünüşünü təmin edən ümumi çərçivənin yaradılmasıdır:
“Bu standartlar müəllimlərin geyim rəngi, ətək və ya şalvarın ölçüsü, eləcə də ümumi görünüşlə bağlı müəyyən meyarları əhatə edə bilər. Məsələn, şalvarın dar deyil, klassik və ya geniş formada olması, geyimin təhsil mühitinə uyğun seçilməsi kimi prinsiplər müəyyən edilə bilər. Əsas məqsəd müəllimlərin fərdiliyini məhdudlaşdırmaq deyil, peşə etikasına uyğun səliqəli və nüfuzlu görünüşü təşviq etməkdir.
Düşünürəm ki, belə standartların tətbiqi məktəblərdə həm nizam-intizamın və estetik görünüşün formalaşmasına, həm də müəllim nüfuzunun daha da möhkəmlənməsinə müsbət təsir göstərə bilər. Bununla yanaşı, bu yanaşmanı müəllimlər üçün məcburi vahid forma kimi təqdim etmək düzgün olmazdı.
Qeyd etmək lazımdır ki, bu təcrübə yalnız Azərbaycana xas deyil. Dünyanın müxtəlif ölkələrində, eləcə də bəzi region və təhsil müəssisələrində müəllimlərin geyimi ilə bağlı oxşar qaydalar və standartlar tətbiq olunur. Bu baxımdan, peşəkar və etik geyim standartlarının müəyyənləşdirilməsi müəllim peşəsinə olan hörmətin artırılmasına, təhsil mühitində müsbət atmosferin formalaşmasına və ümumilikdə tədris prosesinə müsbət təsir göstərə bilər”.
