Virtual məkanda milli mənlik şüuru: Gəncləri yad təsirlərdən necə qorumalı?
Virtual məkan artıq sadəcə vaxt keçirdiyimiz bir platforma deyil. Bura gənclərin şəxsiyyət kimi formalaşdığı, dəyərlər sisteminin qurulduğu əsas mühitdir. Qlobal rəqəmsal axında milli mənlik şüurunu qorumaq isə gəncləri şüşə qəfəsə salmaqla yox, onların daxili rəqəmsal immunitetini gücləndirməklə mümkündür.
Gəncləri yad və zərərli rəqəmsal təsirlərdən qorumaq, eyni zamanda virtual dünyada milli kimliyimizi yaşatmaq üçün hansı addımlar atılmalıdır?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Elnarə Akimova Operativ Media-ya bildirib ki, informasiya texnologiyalarının sürətli inkişafı dünyanın coğrafi sərhədlərini aradan qaldırmaqla yanaşı, cəmiyyətlər üçün yeni çağırışlar da formalaşdırıb.
Onun sözlərinə görə, bu gün gənclərin böyük hissəsi günün əhəmiyyətli bölümünü sosial şəbəkələrdə, rəqəmsal platformalarda və virtual informasiya mühitində keçirir. İnternet gənclərə bilik, ünsiyyət və inkişaf imkanları qazandırsa da, eyni zamanda onları müxtəlif ideoloji manipulyasiyalara, dezinformasiyaya və milli kimliyin zəifləməsinə səbəb ola biləcək təsirlərə də məruz qoyur. Belə bir şəraitdə milli mənlik şüurunun qorunması artıq yalnız real həyatda deyil, virtual məkanda da strateji əhəmiyyət kəsb edir:
"Müasir dövrdə dövlətlər arasında rəqabət həm də informasiya məkanında aparılır və bu səbəbdən informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib. Lakin gəncləri yad təsirlərdən qorumağın yolu qadağalar tətbiq etmək və ya onları virtual aləmdən uzaqlaşdırmaq deyil. İnternet fəzasında qadağalar demək olar ki, həmişə əks-effekt verir. Əsas hədəfimiz gənclərin sağlam düşüncə tərzinə, yüksək media savadlılığına və güclü milli kimliyə malik vətəndaş kimi formalaşmasına nail olmaqdır.
Bu məqsədə çatmaq üçün dörd əsas istiqamətdə addımlar atılmalıdır.
Birinci növbədə, qadağalardan deyil, cəlbedici alternativlərdən istifadə olunmalıdır. Əsas hədəf yad təsirləri bloklamaq yox, yerli kontentin keyfiyyətini və rəqabət qabiliyyətini artırmaq olmalıdır. Tariximiz, ədəbiyyatımız və mədəniyyətimiz gənclərin anladığı dildə - qısa vizual formatlarda, podkastlarda və rəqəmsal incəsənət vasitəsilə təqdim edilməlidir. Eyni zamanda, milli qəhrəmanlarımız və tarixi hadisələrimiz yerli rəqəmsal oyunların, komikslərin və animasiyaların əsas mövzusuna çevrilməlidir.
İkinci vacib məsələ rəqəmsal media savadlılığının və tənqidi təfəkkürün artırılmasıdır. Yad təsirlərdən qorunmağın ən güclü qalxanı manipulyasiyanı tanımaq bacarığıdır. Gənclərə informasiyanı kor-koranə qəbul etmək yox, faktları yoxlamaq vərdişləri aşılanmalıdır. Sosial şəbəkələrdə feyk xəbərlərin və rəqəmsal manipulyasiyaların necə işlədiyini izah edən maarifləndirmə layihələri artırılmalıdır. Tənqidi düşünmə bacarığı inkişaf etmiş gənc istənilən məlumatı analiz edə və dezinformasiyanı həqiqətdən ayıra bilir.
Üçüncü addım müasir və milli anlayışların sintezini yaratmaqdır. Gənclərdə milli olan hər şeyin köhnəldiyi, müasir olan hər şeyin isə yalnız xaricdən gəldiyi barədə yanlış stereotiplər sındırılmalıdır. Əsas məqsəd qlobal rəqəmsal trendləri mənimsəmək, lakin onları öz milli süzgəcimizdən keçirərək dünyaya təqdim etmək olmalıdır. Yəni rəqəmsal dünyada lokal düşünmək, qlobal hərəkət etmək prinsipi hakim olmalıdır.
Dördüncü istiqamət sağlam rəqəmsal rol modellərinin, yəni intellektual yerli sosial media fəallarının formalaşdırılmasıdır. Bu gün gənclərin dünyagörüşünə ən çox təsir edən qüvvə rəqəmsal məzmun yaradıcılarıdır. Milli-mənəvi dəyərləri, elmi, mütaliəni və sağlam həyat tərzini trendə çevirə bilən yerli yaradıcılara dəstək verilməli, onların virtual məkanda rəy liderlərinə çevrilməsi stimullaşdırılmalıdır.
Şübhəsiz ki, milli mənlik şüurunun formalaşması ilk növbədə ailədən başlayır. Valideynlərin övladlarına milli tariximizi, ana dilimizi və dövlətçilik dəyərlərimizi aşılaması onların gələcəkdə xarici ideoloji təsirlərə qarşı daha dayanıqlı olmasını təmin edir. Bu təməl məktəb və ali təhsil müəssisələrində verilən biliklərlə daha da möhkəmləndirilməlidir. Təhsil sistemi yalnız akademik bilik ötürən deyil, həm də vətəndaş məsuliyyəti və rəqəmsal savadlılıq formalaşdıran mühüm institut kimi çıxış etməlidir.
Bu gün "rəqəmsal vətənpərvərlik" anlayışı da xüsusi aktuallıq qazanır. Sosial şəbəkələrdə ölkənin maraqlarını müdafiə etmək, dezinformasiyaya əsaslandırılmış faktlarla cavab vermək və Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə töhfə vermək müasir vətəndaş məsuliyyətinin mühüm elementidir. Vətən müharibəsi dövründə informasiya cəbhəsində qazanılan təcrübə göstərdi ki, virtual məkan artıq real mübarizə platformalarından biridir.
Yekun olaraq, virtual məkanda milli kimliyi qorumaq passiv müdafiə ilə deyil, yalnız aktiv və yaradıcı rəqabətlə mümkündür. Biz gəncləri internetdən təcrid edə bilmərik, amma onlara internet dənizində milli kompasla hərəkət etməyi öyrədə bilərik".
Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, bu gün dünya rəqəmsal cəmiyyətə çevrilib və sosial şəbəkələr artıq cəmiyyətlərin sosial davranışına, dəyərlərinə, eləcə də milli kimliyinə ciddi təsir göstərən əsas amillərdən biridir.
Onun sözlərinə görə, müxtəlif geosiyasi güclər virtual platformalar vasitəsilə başqa ölkələrin ictimai rəyinə və gənc nəslinə təsir göstərməyə çalışırlar:
“Azərbaycan da bu reallığı nəzərə alaraq informasiya təhlükəsizliyi məsələsinə xüsusi həssaslıqla yanaşır. Bu məqsədlə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Telekommunikasiya haqqında” və “Media haqqında” qanunlara müvafiq əlavə və dəyişikliklər edilib. Eyni zamanda, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması və onların zərərli informasiyadan qorunması istiqamətində də hüquqi baza gücləndirilir.
27 fevral 2026-cı il tarixində dövlət başçısı tərəfindən rəqəmsal mühitdə uşaq və yeniyetmələrin zərərli informasiya və kontentdən qorunmasına dair sərəncam imzalanıb. Həmin sənəddə sosial şəbəkələrin və süni intellekt texnologiyalarının uşaqlara təsirinin araşdırılması, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, yaş məhdudiyyətlərinin tətbiqi imkanlarının qiymətləndirilməsi, həmçinin məktəblərin və məktəbəqədər təhsil müəssisələrinin proqramlarında rəqəmsal təhlükəsizlik mövzularının yer alması nəzərdə tutulur.
Hökumətə internet resursları və sosial şəbəkələrdən istifadə zamanı yaş məhdudiyyətinin tətbiqi ilə bağlı hüquqi mexanizmlərin hazırlanaraq dövlət başçısına təqdim edilməsi də tapşırılıb. Bundan başqa, Milli Məclisdə 16 yaşınadək uşaqların rəqəmsal platformalarda yalnız valideyn və ya qanuni nümayəndələrinin nəzarəti ilə qeydiyyatdan keçməsi məsələsi də müzakirə olunub.
Bu addımların əsas məqsədi yeniyetmə və gənclərin milli-mənəvi dəyərlərinin qorunması, onların vətənpərvərlik ruhunda tərbiyə olunması və zərərli xarici təsirlərdən uzaq saxlanılmasıdır”.
O bildirib ki, qlobal rəqəmsal mühitdə dövlətlərin milli kimliyi və mədəni dəyərləri qoruması getdikcə çətinləşir. Çünki sosial şəbəkələr, internet oyunları, cizgi filmləri və digər rəqəmsal məhsullar vasitəsilə milli kimliyin zəifləməsinə yönəlmiş müxtəlif təsir mexanizmləri mövcuddur. Buna görə də dövlətlər həm hüquqi, həm də maarifləndirici vasitələrlə müdafiə mexanizmləri formalaşdırmağa çalışırlar:
19 mart 2025-ci ildə qəbul edilmiş rəqəmsal inkişafla bağlı milli strategiyada da bu məsələlər öz əksini tapıb. Onun fikrincə, Azərbaycan həm qanunvericilik, həm də ictimai maarifləndirmə istiqamətində mühüm addımlar atır və aidiyyəti qurumlar da bu prosesə töhfə verməlidirlər.
Virtual məkanda milli kimliyin qorunmasının ən effektiv yollarından biri müasir texnologiyalardan istifadə etməklə milli məzmunun artırılmasıdır. Bunun üçün milli nağılların, uşaq ədəbiyyatının, cizgi filmlərinin, kino industriyasının və milli oyunların inkişaf etdirilməsi vacibdir. Onun sözlərinə görə, əgər yerli məzmun istehsalı gücləndirilməzsə, uşaq və yeniyetmələr əsasən xarici məzmunun təsiri altında formalaşacaq ki, bu da uzunmüddətli perspektivdə milli-mənəvi dəyərlərin zəifləməsinə səbəb ola bilər. Bu baxımdan, rəqəmsal mühitdə Azərbaycan cəmiyyətinin milli dəyərlərinə uyğun məzmunun təşviqi xüsusi əhəmiyyət daşıyır”.
Psixoloq Narınc Rüstəmova bildirir ki, virtual məkanda və sosial mediada yeniyetmələrin həm əxlaqi, həm də psixoloji inkişafına mənfi təsir edən zərərli kontentlərin (qəddarlıq səhnələri, bullinq, aqressiv davranışlar və s.) sayı sürətlə artmaqdadır. Bu vəziyyət uşaqların gələcəyi üçün ciddi təhlükə mənbəyinə çevrilir:
"Son illərdə məktəblilər arasında bullinq (həmyaşıdları tərəfindən sıxışdırılma), aqressiya və xoşagəlməz davranışların artmasının əsas səbəblərindən biri məhz nəzarətsiz internet mühitidir. Bu çətinlikdən həm valideynlər, həm müəllimlər, həm də uşaqların özləri əziyyət çəkir. Zamanında aşkarlanıb qarşısı alınmadıqda, bullinq halları ən ağır nəticəyə — yeniyetmənin intiharına qədər gətirib çıxara bilir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələ 2022-ci ildə kompüter oyunlarından asılılığı rəsmi olaraq xəstəlik və psixi pozğunluq növü kimi qəbul edib. İnternet həyatımızın ayrılmaz hissəsi olsa da, onun nəzarətsiz istifadəsi ağır psixoloji və sosial fəsadlar yaradır. İnternet asılılığı özünü əsasən internetdə keçirilən vaxtı idarə və məhdudlaşdıra bilməmək, internetə giriş imkanı olmadıqda həddindən artıq əsəbilik, aqressiya və gərginlik hissi, həmçinin şəxsi öhdəliklərin (dərslər, ailədaxili vəzifələr və s.) virtual aləmə görə arxa plana keçməsi kimi əlamətlərlə göstərir.
Müasir gənclərin sosiallaşmasında ailə və məktəblə yanaşı, sosial şəbəkələrin də rolu böyükdür. Gənclər sosial şəbəkələrdə özlərini ifadə edir, maraqlarını, inanc və fikirlərini bölüşürlər. Lakin bu mühit hər zaman şəffaf olmur. Bəzi gənclər virtual aləmdə öz real kimliklərini təqdim etsələr də, digərləri auditoriyaya görə fərqli üzlərini nümayiş etdirirlər. Gənclər virtual aləmdəki qeyri-real ideallar və mükəmməl həyat tərzləri ilə qarşılaşdıqda onlarda özgüvən əskikliyi və dəyər çatışmazlığı kimi psixoloji problemlər yaranır. Platformaların alqoritmləri yeniyetmələrin dünyagörüşünü həm faydalı, həm də zərərli istiqamətlərə yönləndirə bildiyi üçün valideynlər övladlarının virtual fəaliyyətinə qarşı son dərəcə diqqətli olmalıdırlar.
Yeniyetməlik olduqca həssas bir dönəmdir. 9 yaşından etibarən başlayan cinsi yetişkənlik dövründə hormonal və psixoloji dəyişikliklər səbəbindən uşaqlar kiçik şeylərə belə aqressiv reaksiya verə bilərlər. Bu dönəmdə onların ailəyə qarşı çıxması, fərqli fikirdə olması, həmyaşıdları və ətraf mühitlə münaqişələr yaşaması normaldır. Belə hallarda valideynlər səbirli davranmalı və müəyyən mənada güzəştə getməyi bacarmalıdırlar.
Yeniyetməlik dövründə 14-16 yaş aralığı "böhran dönəmi" hesab olunur. Cinayət meylləri, bullinq və özünəqəsd hallarına ən çox məhz bu yaşlarda rast gəlinir. Bu səbəbdən məktəblərdə "müəllim-şagird-valideyn" üçbucağının yaradılması, psixoprofilaktik tədbirlərin görülməsi və ehtiyac olduqda zamanında peşəkar psixoloji yardımın alınması sonrakı inkişaf mərhələlərinin daha problemsiz keçməsinə kömək edir.
Milli mənlik şüuru fərdin təmsil olunduğu etnik, dini və mədəni xüsusiyyətlərlə yanaşı, həm də bəşəri dəyərləri özündə birləşdirir. Gənc nəslin milli mənlik şüuru ruhunda tərbiyə edilməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması hər birimizin vəzifəsidir. Gəncin mənəvi dünyası nə qədər zəngin olarsa, milli mənlik şüuru və vətəninə bağlılığı da bir o qədər güclü olar. Bu şüur zəif formalaşdıqda isə gənclərdə özünüifadə və sosial adaptasiya çətinliyi, özünü hər hansı bir milli və ya sosial qrupa aid hiss edə bilməmək və cəmiyyətin mədəni həyatına uyğunlaşmaqda çətinlik çəkmək kimi ciddi fəsadlar yaranır. Bu problemlərin qarşısını almaq üçün ailədən başlayaraq, bağça və məktəb mühitində sistemli maarifləndirmə işlərinin aparılması vacibdir".
Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqaməti üzrə hazırlanıb.
