Quterreş Suriya lideri ilə görüşüb - YENİLƏNİB
Suriyada səfərdə olan BMT-nin Baş katibi Antonio Quterreş Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşüb.
Operativ Media SANA agentliyinə istinadla xəbər verir ki, görüşdə Suriya Ərəb Respublikası ilə Birləşmiş Millətlər Təşkilatı arasında humanitar və inkişaf sahələrində əməkdaşlığın gücləndirilməsi, həmçinin postmüharibə dövründə bərpa və yenidənqurma işlərinin dəstəklənməsi yolları müzakirə edilib.
BMT rəhbəri Suriyanın ərazi bütövlüyü və suverenliyinə hörmətini ifadə edib və rəhbərlik etdiyi təşkilatın ölkənin sosial-iqtisadi inkişafına, qaçqınların evlərinə qayıtmalarına töhfə verməyə davam edəcəyini bildirib.
Antonio Quterreş və Əhməd Əl Şaraa Yaxın Şərq böhranını, regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.
Qeyd edək ki, bu, 2009-cu ildən bəri təşkilatın rəhbərinin Suriyaya ilk səfəridir.
10:46
BMT-nin baş katibi Antonio Quterreş Suriyaya rəsmi səfərə gəlib.
Operativ Media xəbər verir ki, bu barədə "SANA" məlumat yayıb.
O, Suriya liderləri ilə Yaxın Şərqdə sabitliyin möhkəmləndirilməsi və ölkənin yenidənqurma prosesini müzakirə edəcək.
Onun səfəri çərçivəsində 1974-cü ildə İsrail və Suriya arasında atəşkəsi izləmək üçün yaradılan BMT-nin Ayrılma Müşahidəçi Qüvvələrinin (UNDOF) sülhməramlılarının qərargahı olan Quneytraya səfər də nəzərdə tutulub.