PSJ Pedri üçün "Barselona"ya 90 milyon avroluq təklif hazırlayır
Fransanın PSJ klubu "Barselona"nın 23 yaşlı yarımmüdafiəçisi Pedrini heyətinə qatmaq niyyətindədir və futbolçunun transferi üçün ilk rəsmi təklifini təqdim etməyə hazırlaşır.
Operativ Media xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb. İddiaya görə, Paris təmsilçisi ispaniyalı yarımmüdafiəçi üçün 90 milyon avro ödənməyə hazırdır.
Məlumata görə, baş məşqçi Luis Enrikenin komandada görmək istədiyi "Mançester Siti"nin futbolçusu Rodri karyerasını "Real Madrid"də davam etdirməyi seçdikdən sonra "PSJ"nin Pedriyə marağı daha da artıb.
Pedri 2020-ci ildən "Barselona"nın şərəfini qoruyur. O, bu müddət ərzində bütün turnirlərdə çıxış etdiyi 245 matçda 28 qol vurub və 33 məhsuldar ötürmə ilə yadda qalıb.
Yarımmüdafiəçinin Kataloniya klubu ilə mövcud müqaviləsinin müddəti 2030-cu ilin yayına kimidir.
"Transfermarkt" portalı oyunçunun transfer dəyərini 150 milyon avro qiymətləndirir.