İngiltərə millisinin futbolçusu zorakılıqda ittiham olunur
Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun və İngiltərə milli komandasının hücumçusu İvan Toniyə fiziki zorakılıq tətbiq etməsi ilə bağlı rəsmi ittiham irəli sürülüb.
Operativ Media xəbər verir ki, bu barədə Skotland-Yardın mətbuat xidməti məlumat yayıb.
Verilən məlumata görə, 30 yaşlı futbolçu 2025-ci il dekabrın 6-da Londonun mərkəzində yerləşən gecə klublarından birində ziyarətçiyə hücum etməkdə təqsirləndirilir. İddia olunur ki, birlikdə şəkil çəkdirmək istəyən şəxslə idmançı arasında münaqişə baş verib. Qarşı tərəfin futbolçunun boğazından tutmasından sonra Toninin ona zərbə endirdiyi bildirilir. Xəsarət alan şəxs daha sonra xəstəxanaya müraciət edib və ona burnun sınığı diaqnozu qoyulub.
Təcrübəli hücumçunun məsələ ilə bağlı sentyabrın 24-də Vestminster Maqistrat Məhkəməsi qarşısına çıxacağı gözlənilir.
Qeyd edək ki, Toni 2024-cü ilin avqustunda "Brentford"dan "Əl-Əhli"yə transfer olunub. O, İngiltərə yığmasının heyətində keçirdiyi 10 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.