"Neftçi"nin baş məşqçisi “Dinamo” məğlubiyyətinin səbəbini açıqladı
Yuri Vernidub Minsk “Dinamo”suna məğlubiyyətin səbəblərindən və komandadakı son vəziyyətdən söz açıb.
Operativ Media xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub klubun rəsmi TV kanalına müsahibəsində bildirib.
Ukraynalı mütəxəssis Konfrans Liqasından kənarlaşmalarına görə məsuliyyəti tamamilə öz üzərinə götürdüyünü və əsas səbəbin psixoloji faktordan qaynaqlandığını vurğulayıb:
“Dinamo”ya uduzub mərhələni keçə bilməməyimizə gəlincə, məsuliyyət tamamilə mənim üzərimdədir. Məğlubiyyət fiziki vəziyyətlə yox, psixoloji hazırlıq və mentalitetlə bağlı idi. 8-ci dəqiqədə 2:0 öndə olduğumuz halda oyunu 2:4 hesabı ilə uduzdıq, buraxdığımız 4 qolun hamısı uşaq səhvləri idi. Bir çox futbolçumuz əvvəllər belə turnirlərdə çıxış etməyib. Növbəti mərhələyə yüksələ bilmədiyimizə görə çox məyusam”.
Səfər matçında komandanın xarakter nümayiş etdirdiyini bildirən Vernidub, statistik göstəricilərin də bunu sübut etdiyini deyib. O, həmçinin mətbuatda daxili münaqişələrlə bağlı yayılan iddiaları təkzib edib:
“İlk oyundan sonra düzgün nəticələr çıxardıq, cavab görüşündə uşaqlar meydana böyük istəklə çıxdılar. Breno Almeydanın ayağındakı qıcolma da onun bütün gücünü meydanda qoyduğunun göstəricisi idi. Qaçış həcmi və sprint göstəriciləri ilk matçla müqayisədə xeyli yüksek idi. Çox təəssüf ki, cavab görüşündə bizə cəmi bir qol çatmadı. Artıq avqustun 16-da başlayacaq çempionata hazırlaşırıq. Mətbuatda futbolçularla gərginlik yaşamağımla bağlı yazılanlar yalandır, mən münaqişə sevən insan deyiləm. Komandada ab-hava yaxşıdır, azarkeşlərimizdən isə çətin məqamda da yanımızda olmalarını xahiş edirəm”.