İşğaldan azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı keçirilib
Zəngilan rayonunda Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Xüsusi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə investorlarla görüş keçirilib.
Bu barədə Operativ Media-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Tədbirin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə yaradılması planlaşdırılan aqroparklar və istixana aqroparkı layihələrinə özəl investisiyaların cəlb edilməsi, investorların mövcud investisiya imkanları, dövlət dəstəyi mexanizmləri və tətbiq olunan təşviq alətləri barədə məlumatlandırılması olub.
Tədbirdə yaradılması nəzərdə tutulan aqroparklar və istixana aqroparkı layihələrinin investisiya potensialı təqdim edilib. Bununla yanaşı, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlər, investorlara təqdim olunan dövlət dəstəyi alətləri, güzəştli subsidiya mexanizmləri, maliyyə təşviqləri və digər stimullaşdırıcı tədbirlər barədə ətraflı məlumat verilib. Dövlət Proqramının işğaldan azad edilmiş ərazilərdə müasir aqrar istehsalın genişləndirilməsinə, yüksək əlavə dəyər yaradan istehsal sahələrinin formalaşdırılmasına və ixracyönümlü kənd təsərrüfatının inkişafına verəcəyi töhfələr xüsusi vurğulanıb.
Kənd Təsərrüfatı Nazirliyinin Azad olunmuş ərazilərlə və aqroparklarla iş şöbəsinin müdiri İlqar Məhərrəmov və Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Cahid Mövlayev işğaldan azad edilmiş ərazilərin zəngin aqrar potensialı, dövlət tərəfindən yaradılan əlverişli investisiya mühiti və həyata keçirilən tədbirlər barədə fikirlərini bölüşüblər.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, Nazirliyin Aqroparklarla iş sektorunun müdiri Nurlan Verdiyev, eləcə də “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin bölmə rəhbəri Elvin Ağayev təqdimatlarla çıxış edərək aqroparklar və istixana aqroparkı layihələrinin üstünlükləri, investisiya imkanları, innovativ yanaşmalar və perspektiv inkişaf istiqamətləri barədə ətraflı məlumat veriblər.
Təqdimatlardan sonra investorları maraqlandıran suallar aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Daha sonra tədbir iştirakçıları yaradılması planlaşdırılan aqropark layihələrinin həyata keçiriləcəyi ərazilərə baxış keçirib. Sahə səfəri çərçivəsində investorlar layihələrin icra ediləcəyi ərazilərin mövcud vəziyyəti, infrastruktur təminatı və gələcək inkişaf perspektivləri ilə yerində tanış olublar. İşğaldan azad edilmiş ərazilərin investisiya potensialının sərmayədarlara daha geniş tanıdılması məqsədilə analoji görüşlərin gələcəkdə digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.