Menyu

Şəxsin ödəniş qabiliyyəti yetərsizdirsə, kredit hansı şərtlərlə verilir? - AÇIQLAMA

Ayşən Sadıxzadə
Şəxsin ödəniş qabiliyyəti yetərsizdirsə, kredit hansı şərtlərlə verilir?  - AÇIQLAMA

İmkanı məhdud, yəni gəliri aşağı olan şəxslərə böyük məbləğdə kredit verilməsi müəyyən risklər yaradır. Çünki şəxsin gəliri kredit öhdəliyini qarşılamağa kifayət etmirsə, həmin borcun geri qaytarılmaması ehtimalı da artır. Bu baxımdan bankların kredit verərkən müştərinin ödəmə qabiliyyətini qiymətləndirməsi vacibdir.

Bu sözləri Operativ Media-ya bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib. 

O bildirib ki, əgər gəliri aşağı olan şəxsə kredit verilməsi nəzərdə tutulursa, bunun üçün əlavə təminat mexanizmləri tətbiq oluna bilər:

"Məsələn, borcalanın ödəmə qabiliyyəti yüksək olan zamininin olması və ya kreditin müvafiq əmlakla təmin edilməsi tələb oluna bilər. Bu halda borcalan öhdəliyini yerinə yetirmədikdə bankın zaminə və ya girov qoyulmuş əmlaka yönəlmək imkanı yaranır.

Burada bankların məsuliyyəti məsələsinə də bu çərçivədən yanaşmaq lazımdır. Bank kredit verərkən riskləri əvvəlcədən hesablamalıdır. Əgər bank borcalanın maliyyə imkanlarını düzgün qiymətləndirmədən kredit ayırır və nəticədə həmin vəsait geri qaytarılmırsa, bu, ilk növbədə bankın öz kredit siyasəti və risklərin idarə olunması ilə bağlı məsələdir.

Ona görə də “bankın məsuliyyəti” dedikdə, yalnız borcalanın krediti qaytarmaması nəzərdə tutulmamalıdır. Əsas məsələ bankın kredit qərarını hansı meyarlarla qəbul etməsi, müştərinin ödəmə qabiliyyətini nə dərəcədə düzgün qiymətləndirməsi və riskləri necə idarə etməsidir”.

Onun sözlərinə görə, şəxsin rəsmi gəliri və ya ödəniş qabiliyyəti az olduqda, banklar kredit verməkdən tamamilə imtina etmək əvəzinə risklərini azaltmaq üçün müəyyən əlavə şərtlər qoyurlar:

"Azərbaycan Mərkəzi Bankının qaydalarına görə, bir şəxsin aylıq kredit ödənişləri onun xalis gəlirinin təxminən yarısından çox olmamalıdır. Gəlir yetərsiz olduqda isə aşağıdakı yollardan biri və ya bir neçəsi tətbiq edilir.

İlk növbədə, bank sizdən zamin tələb edə bilər. Zamin duran şəxsin rəsmi iş yeri, kifayət qədər gəliri və təmiz kredit tarixçəsi olmalıdır. Əgər siz ödənişi edə bilməsəniz, borc tam şəkildə zaminin üzərinə düşür.

İkinci yol, girov təqdim etməkdir. Gəliriniz az olsa da, adınıza olan mənzil, torpaq, avtomobil, qızıl və ya bankdakı əmanətinizi girov qoymaqla kredit götürə bilərsiniz. Bank üçün girov mövcud olduqda kreditin təsdiqlənməsi xeyli asanlaşır.

Digər bir üsul həmmüvəkkil, yəni müştərək borcalan cəlb etməkdir. Xüsusilə ipoteka və ya böyük məbləğli kreditlərdə həyat yoldaşı, valideyn və ya övladların gəlirləri sizinki ilə toplanır və ümumi gəlir kimi nəzərə alınır.

Bundan başqa, əsas əməkhaqqınızdan əlavə gəlirlərinizi də sənədləşdirə bilərsiniz. Məsələn, ev və ya obyekt icarəsindən gələn pullar, sahibkarlıq gəlirləri və ya əlavə mülki müqavilələr gəlirinizə əlavə olunur.

Son olaraq, bank ödənişi rahat edə bilməyiniz üçün kreditin müddətini uzada bilər. Müddət uzandıqda aylıq ödəniş məbləği azalır və sizin az olan gəliriniz bu ödənişə bəs edir. Yaxud da bank istədiyiniz məbləği deyil, yalnız sizin gəlirinizin ödəməyə çatdığı daha kiçik bir məbləği təsdiqləyir".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər