Menyu

Sabahın peşələri: Gənclər üçün karyera yönümlülüyü, gələcəyin bacarıqları və ixtisas seçimi - TƏHLİL

Operativ Media
Sabahın peşələri: Gənclər üçün karyera yönümlülüyü, gələcəyin bacarıqları və ixtisas seçimi - TƏHLİL

Ali məktəblərə qəbul mərhələsinin başlaması ilə minlərlə abituriyent qarşısında ən vacib qərarlardan biri dayanır – hansı ixtisası seçmək. Bir vaxtlar yalnız yüksək bal və ya prestijli peşələrə üstünlük verilsə də, bu gün əmək bazarında baş verən sürətli dəyişikliklər gənclərdən daha fərqli yanaşma tələb edir. Süni intellektin inkişafı, rəqəmsallaşma və avtomatlaşdırma bir sıra ənənəvi peşələrin mahiyyətini dəyişdirir, eyni zamanda tamamilə yeni ixtisas və bacarıqlara ehtiyac yaradır.

Mütəxəssislər hesab edirlər ki, gələcəyin əmək bazarında uğur qazanmaq üçün yalnız universitet diplomu kifayət etmir. Texniki biliklərlə (hard skills) yanaşı, analitik düşüncə, ünsiyyət, komanda işi, yaradıcılıq, problem həll etmə və dəyişikliklərə çevik uyğunlaşma kimi şəxsi bacarıqların (soft skills) inkişaf etdirilməsi də vacib amillərdəndir.

Bəs gələcəyin peşələri hansılardır? Gənclər ixtisas seçərkən nələrə diqqət yetirməlidirlər? Əmək bazarında hansı bacarıqlara tələbat artır?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Operativ Media-ya bildirib ki, əmək bazarı qlobal xarakter daşıyaraq gözlədiyimizdən də sürətlə transformasiyaya uğrayır:

"Dördüncü Sənaye İnqilabı, generativ süni intellekt alətlərinin gündəlik və peşəkar həyatımıza inteqrasiyası və rutin işlərin avtomatlaşdırılması ənənəvi peşə paradiqmalarını kökündən yeniləyir. Bu gün təhsil alan gənclərin gələcəkdə çalışacağı bir çox sahə və funksional idarəetmə mexanizmləri bəlkə də hələ heç mövcud deyil. Belə bir qeyri-müəyyənlik dövründə düzgün ixtisas seçimi etmək sadəcə konkret bir fakültə seçməkdən çıxıb, fərdin ömür boyu öyrənmə və adaptasiya qabiliyyəti qazanması mənasına gəlir.

Gələcəyin əmək bazarında rəqabətədavamlı və dayanıqlı uğur qazanmaq üçün gənclər özlərində iki ana bacarıq istiqamətinin sinerjisini formalaşdırmalıdırlar: texniki kompetensiyalar (hard skills) və fundamental şəxsi keyfiyyətlər (soft skills).

Elmi-texnoloji və funksional aspektdən yanaşsaq, artıq hər hansı bir proqram mühitini birtərəfli bilmək yetərli deyil. Süni intellekt sistemləri ilə effektiv əməkdaşlıq etmək, neyron şəbəkələrə doğru tapşırıqları formalaşdırmaq və gələn böyük verilənləri süzgəcdən keçirmək hər bir mütəxəssis üçün baza komponentinə çevrilir. Bununla yanaşı, qlobal həllər bir çox yenilikləri daha da zəruri edir: böyük məlumat analitikası, kibertəhlükəsizlik memarlığı, həmçinin gələcək iqtisadiyyatın sütunları hesab olunan biotexnologiya və yaşıl enerji kimi innovativ sahələr rəqəmsal dünyanın yeni memarlarını önə çıxaran əsas drayverlərdir.

Şəxsi və sosial-idrak bacarıqları isə texnologiyanın və alqoritmlərin əvəz edə bilmədiyi insani və sosiomədəni keyfiyyətləri əhatə edir. Süni intellekt riyazi və strukturlaşdırılmış tapşırıqlarda nə qədər mükəmməl olsa da;

• Kompleks problemləri həlletmə zəkası,

• Böhran (krizis) anında kritik düşüncə və qərar qəbuletmə,

• Emosional zəka, meta-koqnitiv çeviklik və komanda daxilində sinergetik empati qurmaq qabiliyyəti birbaşa insan beyninin və şüurunun məhsuludur.

Məhz bu səbəbdən müasir dünyada artıq yalnız bir sahəni dərindən bilən "I-formalı" deyil, həm öz sahəsinin eksperti olan, həm də digər disiplinlərlə üfüqi əlaqələr qura bilən "T-formalı” mütəxəssislərə tələbat kritik səviyyədə artır.

İxtisas seçimi və karyera planlaması ərəfəsində olan gənclərə, eləcə də onların valideynlərinə strateji tövsiyəm odur ki, yalnız bu günün populyar və konyunktur peşələrinə qapanıb qalmasınlar. Monoton, təkrarlanan və alqoritmləşdirilə bilən bütün funksional sahələr ciddi avtomatlaşdırılma riski altındadır. Əksinə, yaradıcılıq (kreativlik), strateji/konseptual düşüncə və humanitar münasibət tələb edən inter-, trans- və multidisiplinar sahələrə diqqət yetirmək lazımdır. Ölkəmizdə fənlərarasılığa dair ilk akademik tədqiqat əsəri olan və keçən il işıq üzü görən həmmüəllifi olduğum “Fənn münasibətləri: yeni biliklər istehsalı” adlı monoqrafiyamızda bu mövzudan kifayət qədər bəhs olunmuşdur və düşünürəm bu kitabımız ixtisas seçimi edən abituriyentlər üçün faydalı mənbəə kimi istifadə edilə bilər. 

İxtisas seçimi prosesində valideynlərin üzərinə düşən əsas missiya övladlarını yalnız akademik repetitorluq və imtahan balları çərçivəsinə sıxışdırmaq deyil, onların sosial layihələrdə, könüllülük proqramlarında, debat və dərnəklərdə aktiv iştirakına şərait yaradaraq sosiallaşmasını təmin etməkdir. Çünki gələcəyin qalibləri tək bir ixtisasın dar çərçivəsində qalanlar deyil, müxtəlif sahələri sintez edə bilən və dəyişən dünyaya çevik uyğunlaşan mütəxəssislər olacaqlar.

İnsan resursları və işə qəbul üzrə mütəxəssis Sevda Quliyeva qeyd edib ki, əmək bazarı texnologiyanın inkişafı ilə sürətlə dəyişir. Gələcəkdə süni intellekt, informasiya texnologiyaları, kibertəhlükəsizlik, data analitikası, proqram təminatının hazırlanması, yaşıl enerji, mühəndislik, səhiyyə, logistika, maliyyə, rəqəmsal marketinq və layihələrin idarə olunması kimi sahələrə tələbat daha da artacaq:

"Bununla yanaşı, avtomatlaşdırılması mümkün olmayan insan yönümlü peşələr – psixologiya, təhsil, HR, biznes konsultasiyası və kreativ sahələr də aktuallığını qoruyacaq. İxtisas seçimi yalnız dəb və ya yüksək maaşa görə edilməməlidir. Gənclər ilk növbədə öz maraq və bacarıqlarını düzgün qiymətləndirməli, əmək bazarının real ehtiyaclarını araşdırmalı və seçdikləri sahənin gələcək perspektivlərini nəzərə almalıdırlar. Sevilən peşə ilə bazarın tələbatı üst-üstə düşdükdə uzunmüddətli uğur əldə etmək daha asan olur.

Hard Skills – peşəyə aid texniki bilik və bacarıqlardır. Məsələn, proqramlaşdırma, maliyyə analizi, dizayn proqramlarından istifadə, xarici dillər və digər peşə bilikləri.

Soft Skills isə şəxsi və sosial bacarıqlardır. Bunlara ünsiyyət, komanda işi, liderlik, analitik düşüncə, emosional intellekt, problem həll etmə, vaxtın idarə olunması və çeviklik daxildir. Müasir işəgötürənlər üçün hər iki bacarıq eyni dərəcədə əhəmiyyətlidir. Texniki bilik sizi müsahibəyə aparır, şəxsi bacarıqlar isə karyerada yüksəlməyinizə kömək edir. Artıq yalnız diplom kifayət etmir. İşəgötürənlər öyrənməyə açıq, məsuliyyətli, təşəbbüskar, çevik düşünən, komanda ilə işləməyi bacaran, nəticəyönümlü və yeni texnologiyalara uyğunlaşa bilən namizədlərə üstünlük verirlər. Yeni məzunlardan ilk növbədə öyrənməyə açıq olmaq və inkişaf etmək istəyi gözlənilir. Ən çox qiymətləndirilən kompetensiyalar bunlardır:

- Peşə üzrə baza bilikləri və texniki bacarıqlar (Hard Skills);

- Effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı;

- Analitik və tənqidi düşüncə;

- Problem həll etmə və qərarvermə qabiliyyəti;

- Məsuliyyət və etik davranış;

- Vaxtın düzgün idarə olunması;

- Rəqəmsal savadlılıq və süni intellekt alətlərindən istifadə bacarığı;

- Xarici dil bilikləri, xüsusilə ingilis dili;

- Dəyişikliklərə çevik uyğunlaşmaq və davamlı öyrənmək istəyi.

Müasir işəgötürənlər potensialı yüksək, inkişaf etməyə həvəsli və şirkətin dəyərlərinə uyğun namizədlərə üstünlük verirlər. Universitet illəri yalnız nəzəri bilik toplamaq dövrü deyil, həm də gələcək karyerənin təməlini formalaşdıran mərhələdir. Gənclərə tövsiyə olunur ki:

- Təcrübə proqramlarında (internship) və könüllülük layihələrində iştirak etsinlər;

- Xarici dil biliklərini inkişaf etdirsinlər;

- Beynəlxalq və yerli peşəkar sertifikatlar əldə etsinlər;

- Rəqəmsal bacarıqlarını və süni intellekt alətlərindən istifadə vərdişlərini inkişaf etdirsinlər;

- Universitet layihələrində, yarışlarda və sosial fəaliyyətlərdə aktiv olsunlar;

- CV və LinkedIn profilini peşəkar şəkildə formalaşdırsınlar;

- Peşəkar şəbəkələr qursun, mentorlarla əlaqə saxlasın və əmək bazarını mütəmadi izləsinlər.

Nəticə olaraq, əmək bazarında uğur yalnız diplomla deyil, bilik, bacarıq, praktiki təcrübə və davamlı inkişafla qazanılır. Gənclər universitet illərindən etibarən öz üzərində sistemli şəkildə çalışsalar, məzun olduqdan sonra iş tapmaq və uğurlu karyera qurmaq imkanları əhəmiyyətli dərəcədə artacaq.

Universitet baza bilikləri verir. Lakin uğurlu karyera üçün praktiki təcrübə, təcrübə proqramları (internship), könüllülük fəaliyyəti, beynəlxalq sertifikatlar, xarici dil bilikləri və davamlı özünüinkişaf vacibdir. Əmək bazarında rəqabət üstünlüyü qazanan namizədlər nəzəri biliklə yanaşı praktik bacarıqlara da sahib olanlardır. Valideynlər övladlarını yalnız prestijli hesab edilən peşələrə yönləndirməməlidirlər. Ən doğru yanaşma onların maraqlarını, qabiliyyətlərini və gələcəyin əmək bazarının tələblərini birlikdə dəyərləndirməkdir. Dəstəkverici və məlumatlı yanaşma gənclərin daha doğru seçim etməsinə kömək edir”.

Texnoloq Elvin Həsənov bildirib ki, süni intellektin yaxın illərdə bir çox peşəni tamamilə yox etməsi real deyil, ancaq görünən odur ki həmin peşələrdə işləmə qaydasını ciddi şəkildə dəyişəcək:

“Əvvəllər bir əməkdaşın saatlarla gördüyü standart və təkrarlanan işi süni intellekt bir neçə dəqiqəyə yerinə yetirə biləcək. Məsələn hüquq sahəsində sənədlərin ilkin yoxlanması, marketinqdə mətn və vizual hazırlanması, müştəri xidmətlərində sorğuların cavablandırılması, hətta proqramlaşdırmada sadə kodların yazılması və s. bu gün buna nümunədir. Əlbətdə ki, bunlar insanın prosesdən çıxması demək deyil. Əksinə süni intellektin hazırladığı nəticəni yoxlayan, səhvi görən, qərar verən və məsuliyyət daşıyan mütəxəssis daha da vacib olacaq və olmalıdır.

Düşünürəm ki, yeni peşələr də məhz bu ehtiyacdan yaranacaq. Şirkətlərə süni intellekt həllərini iş proseslərinə uyğunlaşdıran, məlumatların keyfiyyətini yoxlayan, avtomatlaşdırma quran, süni intellektin təhlükəsiz və etik istifadəsinə nəzarət edən mütəxəssislər lazım olacaq. Yəni gələcəkdə yalnız texnologiyanı hazırlayan yox, onu düzgün idarə edən və biznes üçün real faydaya çevirən insanlar da çox tələb olunacaq.

Gənclər isə məncə indidən əsas məsələ kimi hər hansı proqramın düymələrini əzbərləməli deyil. Texnologiyanın necə işlədiyini anlamalı, düzgün sual vermək, alınan cavabı yoxlamaq və məlumatla işləməyi bacaran olmalıdırlar. Amma bununla yanaşı ingilis dili, analitik düşüncə, ünsiyyət, təqdimat və problem həll etmək bacarığı da ciddi üstünlükdür. Çünki texnologiyanı bilmək kifayət etmir, onun yaratdığı nəticəni düzgün izah etmək və real problemə tətbiq etmək də lazımdır. Proqramlaşdırma bilməyən gənclərin texnologiya sahəsində uğur qazana bilməyəcəyi fikrini doğru hesab etmirəm.

Çünki IT sektoru yalnız proqramçılardan ibarət deyil. Sistem - şəbəkə mütəxəssisi, Layihə meneceri, məhsul meneceri, UX/UI dizayneri, texniki dəstək mütəxəssisi, tester, texnoloji satış və s. kimi çoxsaylı istiqamətlər var. Bu peşələrin bəzilərində kod yazmaq tələb olunmur, amma texnologiyanı anlamaq və istifadəçi ehtiyacını düzgün müəyyənləşdirmək vacibdir. Hətta bu gün no-code və low-code alətləri sayəsində dərin proqramlaşdırma biliyi olmayan insanlar da müəyyən prosesləri avtomatlaşdıra və sadə rəqəmsal məhsullar yarada bilirlər”.

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması istiqaməti üzrə hazırlanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər