Tural Məmmədov: ABŞ kibercinayətkarlığa qarşı mübarizədə yeni mərhələyə keçir
Əsəd Abbaslı
ABŞ kibercinayətkarlığa qarşı oyunun qaydalarını dəyişir.
Operativ Media xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisinin müavini Tural Məmmədov öz sosial media hesabında etdiyi paylaşımda bildirib.
Onun sözlərinə görə, özəl sektorun fəaliyyəti artıq yalnız kibermüdafiə ilə məhdudlaşmır, şirkətlərin kiberkəşfiyyat və aktiv pozucu əməliyyatlara cəlb olunması gündəmə gəlir.
T.Məmmədov qeyd edib ki, yeni prezident memorandumu ABŞ-ın transsərhəd kibercinayətkarlığa qarşı yanaşmasında ciddi dönüş yaradır. Federal nəzarət altında seçilmiş özəl kibertəhlükəsizlik şirkətləri xarici kibercinayətkar qruplara qarşı kiber müşahidə və aktiv pozucu əməliyyatlara cəlb oluna bilər.
Onun sözlərinə görə, bu, klassik “müdafiə et, blokla, bərpa et” modelindən daha irəli gedən yanaşmadır.
“Söhbət artıq yalnız hücumu aşkar etməkdən yox, hücumçının infrastrukturunu izləmək, fəaliyyətini pozmaq, resurslarını zəiflətmək və əməliyyat qabiliyyətini sıradan çıxarmaqdan gedir”, - deyə T.Məmmədov bildirib.
O vurğulayıb ki, xəbərin ən mühüm tərəflərindən biri kiberməkanda dövlət və özəl sektor arasındakı sərhədin dəyişməyə başlamasıdır.
“İndiyədək özəl şirkətlər əsasən threat intelligence, SOC, incident response və texniki müdafiə rolunda çıxış edirdilər. Yeni model isə onları nəzarət olunan şəkildə dövlətin kiberoperativ imkanlarının bir hissəsinə çevirə bilər”, - deyə T.Məmmədov qeyd edib.
Onun fikrincə, bu yanaşma ransomware şəbəkələri və digər transmilli kibercinayət infrastrukturlarına qarşı daha çevik və sürətli reaksiya imkanı yarada bilər.
Bununla yanaşı, yeni model bir sıra ciddi suallar da doğurur. Səhv identifikasiya halında məsuliyyətin kimin üzərinə düşəcəyi, əməliyyatın üçüncü ölkənin infrastrukturuna təsir göstərməsi zamanı hansı nəticələrin yaranacağı və özəl şirkətin fəaliyyətinin hansı mərhələdə dövlət əməliyyatı hesab olunacağı məsələləri açıq qalır.
T.Məmmədov bildirib ki, burada vacib fərq söhbətin sərbəst “hack-back” hüququndan getməməsidir. Əməliyyatlar dövlət tərəfindən təsdiqlənməli, koordinasiya olunmalı və ciddi hüquqi məhdudiyyətlər çərçivəsində həyata keçirilməlidir.
“ABŞ kibercinayətkarlığa qarşı passiv müdafiədən aktiv disruption modelinə keçir”, - deyə o vurğulayıb.
T.Məmmədovun sözlərinə görə, əgər bu model nəticə verərsə, gələcəkdə kibertəhlükəsizlik şirkətlərinin rolu yalnız sistemləri qorumaqla məhdudlaşmayacaq. Onlar müəyyən hallarda dövlətin kiber gücünün əməliyyat tərəfdaşı olmaq səviyyəsinə qədər genişlənə bilərlər.
O qeyd edib ki, bu yanaşma kibertəhlükəsizlik sənayesində tamamilə yeni mərhələnin başlanğıcı ola bilər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net