Xəzər dənizində 14 Qazaxıstan hərbçisi həlak olub - YENİLƏNİB
Qazaxıstanın Manqistau vilayətində təlimlər zamanı həlak olan hərbçilərin sayı 14-ə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Xəzər dənizində axtarış işləri başa çatıb, itkin düşmüş iki hərbçinin meyitləri aşkar edilib.
Eyni zamanda, ümummilli matəmlə əlaqədar Qazaxıstanın dövlət qurumlarının binalarında bayraqlar endirilib, əyləncə tədbirləri təxirə salınıb və ya ləğv edilib.
24.09.2026
Qazaxıstanın Manqistau vilayətində baş vermiş hadisə nəticəsində həlak olan hərbi qulluqçuların sayı 12-yə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəsmi "Telegram" kanalında bildirilib.
Məlumata görə, təlim-döyüş tapşırığının icrası zamanı hava şəraitinin kəskin pisləşməsi səbəbindən 17 hərbi qulluqçunu dənizdə axın aparıb. Üç nəfəri xilas etmək mümkün olub, iki nəfərin axtarışları davam edir.
Hadisə yerində axtarış-xilasetmə işləri Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayevin rəhbərliyi altında gücləndirilmiş rejimdə davam etdirilir.
13:10
Qazaxıstanın Manqistau bölgəsində keçirilən hərbi-dəniz təlimləri zamanı Xəzər dənizi sahilində fövqəladə hadisə baş verib.
Operativ Media xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.
Məlumata görə, Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizi sahilində keçirdiyi təlimlər zamanı hərbçilər döyüş təlimi tapşırığını yerinə yetirərkən hava şəraiti kəskin şəkildə pisləşib.
"Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizi sahilində keçirdiyi təlim zamanı hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi səbəbindən hərbçilər dənizə atılıblar. İlkin məlumatlara görə, 19 hərbçi dənizə atılıb. Doqquz hərbçinin öldüyü təsdiqlənib, üçü xilas edilib, biri isə xəstəxanaya yerləşdirilib. Qalan şəxsi heyətin axtarışı davam edir", - Qazaxıstan Respublikası Müdafiə Nazirliyi bildirib.
Axtarış-xilasetmə əməliyyatı davam edir.