Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağının təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxışlarda Döyüş Bayrağının təqdim olunmasının tarixi Zəfərimizin 6-cı ildönümünə təsadüf etməsinin rəmzi məna daşıdığı xüsusi vurğulanmış, bu əlamətdar hadisənin şəxsi heyət üçün böyük şərəf, yüksək məsuliyyət və mühüm vəzifələr müəyyən etdiyi bildirilmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, müdrik siyasəti və sərkərdəlik məharəti, Azərbaycan əsgərinin qəhrəmanlığı, xalqımızın sarsılmaz birliyi nəticəsində Vətən müharibəsində qazanılmış tarixi Qələbə dövlətimizin qüdrətini, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirmişdir.
Vətən müharibəsində Azərbaycan sərhədçilərinin üzərlərinə düşən döyüş tapşırıqlarını məsuliyyətlə yerinə yetirdikləri, torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda yüksək peşəkarlıq, fədakarlıq və qəhrəmanlıq nümunələri göstərərək tarixi Zəfərin qazanılmasına mühüm töhfələr verdikləri xüsusi vurğulanmışdır.
Müzəffər Ali Baş Komandanın əmr və tapşırıqlarının yüksək səviyyədə icrasının hər bir hərbi qulluqçunun başlıca vəzifəsi olduğunu diqqətə çatdıran Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev dövlət sərhədlərinin etibarlı mühafizəsi və müdafiəsi, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin ardıcıl xarakter daşıdığını bildirmiş, şəxsi heyətin döyüş hazırlığının, peşəkarlığının və hərbi intizamının daim yüksək səviyyədə saxlanılmasının vacibliyini diqqətə çatdırmışdır.
Tədbirin davamında Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hərbi şərəfin, qəhrəmanlığın, əsgəri ləyaqətin, Vətənə və dövlətə sədaqətin rəmzi olan Döyüş Bayrağını hərbi hissənin rəhbərliyinə təqdim etmişdir.
Təqdimetmə mərasimi başa çatdıqdan sonra Şanlı Zəfərin 6-cı ildönümü münasibətilə hərbi hissənin ərazisində Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyətin iştirakı ilə 15 000 ağac əkilib.