Prezident: Bu gün 2 mühüm sənəd imzalanacaq
Abşeron qaz yatağının ikinci mərhələsinin işlənməsi ilə bağlı müqavilə bu gün imzalanacaq. Layihənin üç-dörd ildən sonra Azərbaycanda qaz hasilatını əlavə 5 milyard kubmetr artıracağı gözlənilir.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
“Qazla bağlı isə bu gün Abşeron yatağının ikinci mərhələsinin işlənməsi haqqında müqavilə imzalanacaq. Bu layihə üç-dörd ildən sonra Azərbaycanda qaz hasilatının əlavə 5 milyard kubmetr artmasına səbəb olacaq”, - deyə dövlət başçısı vurğulayıb.
İlham Əliyev qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük işlər görülsə də, neft və qaz sektoru ölkə iqtisadiyyatında mühüm rolunu qoruyub saxlayacaq.
Prezident bildirib ki, bu gün iki mühüm müqavilə imzalanacaq. Onlardan birinin “Exxon” şirkəti ilə Azərbaycanda böyük potensiala malik qeyri-ənənəvi neft və qaz ehtiyatlarının işlənməsi ilə bağlı olduğunu deyib.
“Kəşfiyyat işləri uğurlu olarsa, bu, Azərbaycanda yeni neft-qaz bumuna səbəb ola bilər”, - deyə Prezident bildirib.
Dövlət başçısı hazırda Avro-Atlantik məkanda qalıq yanacaqlara münasibətdə əsas tendensiyanın dəyişdiyini qeyd edib.
“Buna görə Prezident Trampa təşəkkür edirəm”, - İlham Əliyev əlavə edib.
Prezident müqavilələrin bu il keçirilən Bakı Enerji Həftəsi çərçivəsində də imzalandığını xatırladıb. Onun sözlərinə görə, neft-qaz sektoru uzunmüddətli perspektivdə də ən cəlbedici sahələrdən biri və investisiyaların həcminə görə ən böyük seqment olaraq qalacaq.
İlham Əliyev bildirib ki, regionda, eləcə də daha geniş coğrafiyada əlavə enerji istehsalı gücünə malik ölkələrin sayı çox deyil. Onun sözlərinə görə, ölkələrin əksəriyyəti enerji çatışmazlığı ilə üzləşir və enerji resurslarını, o cümlədən Azərbaycandan alır.
Prezident qeyd edib ki, Azərbaycanın enerji sahəsindəki imkanları rəqəmsal inkişaf, məlumat mərkəzləri və süni intellektin inkişafı üçün də istifadə oluna bilər. O bildirib ki, bu istiqamətdə dünyanın aparıcı şirkətləri ilə fəal danışıqlar aparılır.
Dövlət başçısı bərpaolunan enerji dedikdə yalnız enerji istehsalının deyil, onun ötürülməsi və saxlanmasının da nəzərdə tutulduğunu bildirib.
“Artıq 250 meqavat gücündə enerji saxlama sistemlərimiz var. Lakin bu, yalnız başlanğıcdır. Biz elektrik enerjisinin çox mühüm təchizatçısına çevrilmək istəyirik”, - Prezident vurğulayıb.
İlham Əliyev əlavə edib ki, Azərbaycanın ixrac etdiyi neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları və gübrələrlə yanaşı, elektrik enerjisinin, xüsusilə Avropa bazarına ixracının artırılması enerji təhlükəsizliyini, bağlantıları və qarşılıqlı asılılığı daha da gücləndirəcək.
“Biz regionda bütün bu məhsulları ixrac edən azsaylı ölkələrdən biriyik”, - deyə dövlət başçısı qeyd edib.
dəqiqələr içində saytın olsun.