Kredit götürən şəxsin borcunu sığorta şirkəti ödəyə bilər?
Kredit götürən şəxs vəfat etdikdə və ya əmək qabiliyyətini itirdikdə borcun necə ödənilməsi sığorta müqaviləsinin şərtlərindən asılıdır.
Operativ Media xəbər verir ki, sığorta ödənişi kredit üzrə qalıq borcun bağlanmasına yönəldilə bilər, müəyyən hallarda isə borcdan artıq qalan məbləğ sığortalının vərəsələrinə və ya digər faydalanan şəxslərə ödənilir.
Sığorta müqaviləsi bağlanarkən sığorta məbləği kredit üzrə əsas borcun qalıq məbləğindən az olmamalı, həmin məbləğin 110 faizini isə aşmamalıdır. Sığorta məbləği sığortaçı ilə sığortalının qarşılıqlı razılığı əsasında iki formada müəyyən edilə bilər: kredit borcunun azalmasından asılı olmayaraq dəyişməyən sabit məbləğdə və ya borc ödəniş qrafikinə uyğun azalan məbləğdə.
Sığorta müqaviləsində sabit sığorta məbləği nəzərdə tutulubsa, borcalan vəfat etdikdə sığorta məbləğinin 100 faizi həcmində ödəniş həyata keçirilir. Borcalan əmək qabiliyyətini itirdikdə isə ödəniş ona təyin edilən orqanizmin funksiyalarının pozulması faizinə uyğun hesablanır.
Bu halda sığorta ödənişinin kredit üzrə qalıq borca aid olan hissəsi borcverənə, yəni kredit verən tərəfə ödənilir. Ödəniş qalıq borcdan çox olarsa, artıq qalan məbləğ borcverən istisna olmaqla digər faydalanan şəxslərə və ya sığortalının vərəsələrinə verilir.
Sığorta məbləği kredit borcunun azalmasına uyğun olaraq dəyişirsə, borcalan vəfat etdikdə sığorta ödənişi kredit üzrə qalıq borc məbləğində həyata keçirilir.
Borcalana müddətsiz əlillik təyin olunduqda ödəniş qalıq borcun onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun hissəsini əhatə edir. Müddətli əlillik təyin edildikdə isə əlillik müddətində kreditin ödəniş qrafikinə əsasən ödənilməli borcun müvafiq hissəsi qarşılanır. Bu ödənişlər kredit qrafikində müəyyən edilmiş dövriliklə həyata keçirilir.
Müddətli əlillik zamanı ümumi sığorta ödənişi əlillik təyin edilən tarixdəki qalıq borcun sığortalıya təyin olunmuş orqanizmin funksiyalarının pozulması faizinə uyğun məbləğindən artıq ola bilməz.
Qaydalarda kredit borcundan əlavə yaranan ödənişlərin qarşılanması da nəzərdə tutulur. Sığorta məbləği əsas borcun qalığından çox olduqda artıq hissə sığorta hadisəsindən əvvəlki son ödənişin edilməli olduğu tarixdən hadisənin baş verdiyi günədək hesablanan faizlərin, hadisədən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faizlərin, dəbbə pulunun və digər haqların ödənilməsinə yönəldilir.
Bu ödənişlərdən sonra vəsait qalarsa, həmin məbləğ borcverən istisna olmaqla digər faydalanan şəxslərə və ya sığortalının vərəsələrinə verilir.
Beləliklə, kredit borcalanının vəfatı və ya əmək qabiliyyətini itirməsi zamanı sığorta şirkətinin ödəyəcəyi məbləğ sığorta müqaviləsində seçilmiş təminat formasına, kredit üzrə qalıq borca və əmək qabiliyyətinin itirilməsi səviyyəsinə uyğun müəyyən edilir.