Menyu

Sosial şəbəkələrdə fikir azadlığı ilə məsuliyyət arasındakı sərhəd - TƏHLİL

Ayşən Sadıxzadə
Sosial şəbəkələrdə fikir azadlığı ilə məsuliyyət arasındakı sərhəd - TƏHLİL
8 dəq oxu

Sosial şəbəkələrdə hər kəs öz fikrini sərbəst ifadə etmək, ictimai hadisələrə münasibət bildirmək və müxtəlif məsələləri müzakirə etmək imkanına malikdir. Lakin bu azadlıq başqalarının hüquq və ləyaqətinə hörmət, məlumatların düzgünlüyü və ictimai məsuliyyət kimi prinsiplərlə sıx bağlıdır. Xüsusilə yanlış məlumatların sürətlə yayıldığı, müzakirələrin bəzən təhqir və qarşıdurmaya çevrildiyi rəqəmsal mühitdə fikir azadlığı ilə məsuliyyət arasındakı sərhədin müəyyənləşdirilməsi aktuallıq qazanır.

İnternet istifadəçilərinin sayı və sosial platformaların gündəlik həyatdakı rolu artdıqca, sosial şəbəkələr yalnız ünsiyyət vasitəsi deyil, həm də ictimai rəyin formalaşdığı mühüm məkana çevrilib. Burada səsləndirilən fikirlər ictimai müzakirələrə, insanların qərarlarına və ayrı-ayrı şəxslərin nüfuzuna təsir göstərə bilir. Bu səbəbdən virtual mühitdə ifadə azadlığının qorunması ilə məsuliyyətli davranışın təşviqi arasında tarazlığın yaradılması vacibdir.

Fikir və ifadə azadlığı demokratik cəmiyyətin əsas prinsiplərindən biridir. İnsanlar ictimai məsələlər barədə düşüncələrini bölüşmək, dövlət qurumlarının fəaliyyətini tənqid etmək, mövcud problemlərə diqqət çəkmək və fərqli mövqelər irəli sürmək hüququna malikdirlər. Sosial şəbəkələr bu baxımdan vətəndaşların səsini daha geniş auditoriyaya çatdırmasına şərait yaradır.

Əvvəllər yalnız məhdud auditoriyaya çatan fikirlər indi qısa müddətdə minlərlə insana yayıla bilir. Vətəndaşlar sosial problemləri gündəmə gətirir, ictimai təşəbbüslər ətrafında birləşir, müxtəlif məsələlərin həlli üçün müzakirələr aparırlar. Bu imkanlar ictimai fəallığın artmasına və cəmiyyətin müxtəlif təbəqələrinin öz mövqelərini ifadə etməsinə şərait yaradır.

Bununla yanaşı, fikir azadlığı bütün deyilənlərin hüquqi və mənəvi baxımdan məsuliyyətdən kənarda qalması demək deyil. İfadə azadlığının məqsədi yalnız danışmaq imkanını təmin etmək deyil, həm də fərqli fikirlərin qorxu və təzyiq olmadan ifadə edilə bildiyi mühitin formalaşmasına xidmət etməkdir.

Tənqid harada bitir, təhqir harada başlayır?

Sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri sərt tənqidlə təhqir arasındakı fərqdir. İstənilən şəxs qərarı, ictimai fəaliyyəti, xidmətin keyfiyyətini və ya müəyyən mövqeni tənqid edə bilər. Lakin müzakirənin konkret məsələ ətrafında aparılması əvəzinə, qarşı tərəfin şəxsiyyətini alçaltmağa, onu təhdid etməyə və ya mənsub olduğu qrupa görə hədəfə almağa çevrilməsi sağlam fikir mübadiləsinə mane olur.

Məsələn, hansısa dövlət qurumunun fəaliyyətindəki nöqsanları faktlarla əsaslandıraraq tənqid etmək ictimai nəzarətin bir formasıdır. Eyni məsələ ilə bağlı yoxlanılmamış iddialar yaymaq, insanları təhqir etmək və ya onların şəxsi məlumatlarını razılıqları olmadan paylaşmaq isə fərqli hüquqi və etik nəticələr doğura bilər.

Burada əsas meyar tənqidin nə qədər sərt olması deyil, onun məzmunu, məqsədi və ifadə formasıdır. Fərqli fikir bildirmək, hətta çoxlarının razılaşmadığı mövqeni müdafiə etmək özlüyündə məsuliyyətsiz davranış sayılmır. Əsas məsələ fikir ayrılığının təhdidə, ayrı-seçkiliyə və başqalarının hüquqlarının pozulmasına çevrilməməsidir.

Yanlış məlumatın yayılması və rəqəmsal məsuliyyət

Sosial şəbəkələrdə məsuliyyət məsələsi yalnız ünsiyyət mədəniyyəti ilə məhdudlaşmır. Məlumatın dəqiqliyi də mühüm əhəmiyyət daşıyır. Emosional başlıqlar, kontekstdən çıxarılmış görüntülər, saxta hesabların paylaşdığı iddialar və süni intellekt vasitəsilə yaradılmış saxta materiallar istifadəçilərin hadisələr haqqında yanlış təsəvvür formalaşdırmasına səbəb ola bilər.

Bəzən insanlar məlumatın doğruluğunu yoxlamadan onu paylaşır, nəticədə ilkin mənbəyi bəlli olmayan iddialar geniş auditoriyaya çatır. Belə paylaşımlar ayrı-ayrı şəxslərin nüfuzuna zərər vura, cəmiyyətdə narahatlıq yarada və ictimai müzakirələri yanlış istiqamətə yönəldə bilər.

Bu səbəbdən istifadəçilərin məlumatı paylaşmazdan əvvəl mənbəni yoxlaması, hadisənin tarixini və kontekstini dəqiqləşdirməsi, şübhəli iddiaları etibarlı mənbələrlə müqayisə etməsi vacibdir. Məlumatı paylaşmaq texniki baxımdan asan olsa da, onun mümkün nəticələrini nəzərə almaq rəqəmsal məsuliyyətin əsas şərtlərindəndir.

Mövzu ilə bağlı Operativ Media-ya danışan deputat Bəhruz Məhərrəmov bildirib ki, rəqəmsal texnologiyaların sürətli inkişafı və sosial şəbəkələrin cəmiyyətin ayrılmaz hissəsinə çevrilməsi müasir dövlətçilik və hüquqi nizam qarşısında yeni mühüm çağırışlar qoyur:



"İfadə azadlığı demokratik cəmiyyətin və hüquqi dövlətin təməl sütunlarından biridir. Lakin heç bir azadlıq mütləq və hüdudsuz ola bilməz. Məhz buna görə də fikir azadlığının qorunması ilə rəqəmsal məsuliyyətin təmin olunması arasında optimal tarazlığın tapılması müasir siyasi və hüquqi düşüncənin ana xəttini təşkil edir.

Konstitusiya və beynəlxalq hüquq normaları hər bir vətəndaşa öz fikrini sərbəst ifadə etmək hüququ verir. Müasir rəqəmsal platformalar vətəndaşların ictimai-siyasi proseslərdə iştirakını genişləndirir, ictimai nəzarət mexanizmlərini gücləndirir və şəffaflığı artırır. İnternet mühiti vətəndaş cəmiyyətinin səsini daha effektiv şəkildə çatdırmasına imkan yaradır. Lakin hüquqi dövlət prinsipinə əsasən, bir şəxsin azadlığı başqa bir şəxsin hüquq və azadlıqlarının başladığı yerdə bitir. Siyasi pozisiya baxımından, ifadə azadlığının məhdudlaşdırılması yalnız müstəsna hallarda - milli təhlükəsizlik, ictimai qayda və başqalarının hüquqlarının qorunması məqsədilə, qanunla müəyyən olunmuş çərçivədə həyata keçirilməlidir.

Siyasi mədəniyyətin və rəqəmsal debatsiyanın sağlamlaşdırılması üçün tənqid ilə təhqir arasındakı fərq dəqiq müəyyən olunmalıdır. Sərt tənqid fəaliyyətin və ya ideyanın faktlara əsaslanaraq təhlil edilməsidir və konstitusion hüquq sayılaraq ictimai nəzarətə xidmət edir. Təhqir, böhtan və nifrət nitqi isə şəxsiyyətin alçaldılmasına yönəlir və hüquqi məsuliyyət yaradan əməldir. Konstruktiv tənqid dövlət idarəçiliyinin və ictimai institutların inkişafı üçün zəruri olduğu halda, təhqir cəmiyyətdə qütbləşməyə gətirib çıxarır.

Müasir dövrdə yoxlanılmamış məlumatların, saxta xəbərlərin və süni intellekt vasitəsilə yaradılan manipulyativ materialların yayılması təkcə fərdlərin reputasiyasına deyil, həm də milli təhlükəsizliyə və ictimai sabitliyə bilavasitə təhdiddir. Bu səbəbdən istifadəçilərdə rəqəmsal gigiyena və məlumatı faktlarla yoxlama vərdişlərinin formalaşdırılması dövlət siyasətinin prioritetinə çevrilməlidir. Eyni zamanda, sosial şəbəkə nəhəngləri və tənzimləyici qurumlar saxta hesablar və dezinformasiya ilə mübarizədə şəffaf alətlər tətbiq etməlidirlər.

Sosial şəbəkələrdə fikir azadlığı ilə məsuliyyət arasındakı sərhəd senzura ilə anarxiya arasında yerləşən balansdır. Dövlətin və cəmiyyətin əsas məqsədi vətəndaşların söz azadlığını inzibati təzyiqlərlə məhdudlaşdırmaq deyil, hüquqi maarifləndirmə, media savadlılığının artırılması və effektiv hüquqi tənzimləmə vasitəsilə cavabdeh rəqəmsal vətəndaşlıq mədəniyyətini formalaşdırmaq olmalıdır”.

Deputat Hikmət Məmmədovun sözlərinə görə, sosial media bugünkü günümüzün reallığıdır və əslində, hər bir cəmiyyət üçün ictimai münasibətlərin formalaşdığı paralel bir məkandır.

“Bu gün hər bir insan eyni vaxtda iki məkanda mövcuddur: biri real, digəri isə virtual məkan.

Ona görə də virtual məkanla real yaşadığımız məkanın müqayisəsində ortaya çıxan əsas zərərverici faktor məsuliyyətsizlik məsələsidir. Sosial mediada vətəndaş məsuliyyətinin kəskin şəkildə azalması istifadəçilərin anarxist davranışlarına gətirib çıxara bilir. Çünki insanlar orada cəzasızlıq mühitinin mövcud olduğunu düşünürlər. Hesab edirlər ki, nə desələr, hansı təxribatları törətsələr, kimin alətinə çevrilsələr belə, heç kim bundan xəbər tutmayacaq və heç bir məsuliyyət daşımayacaqlar. Beləliklə, bu istiqamətdə müəyyən boşluq yaranır.

Bunun qarşısının alınması üçün son günlər vahid məktəbli geyim forması ətrafında yaradılan dini spekulyativ vəziyyətlər də nəzərə alınmalıdır. Buna görə də biz sosial şəbəkələrdə müəyyən yaş məhdudiyyətləri tətbiq etməyə başlamalıyıq. Avropanın bir sıra ölkələrində olduğu kimi, qardaş Türkiyədə də artıq bu məsələ ilə bağlı müvafiq addım atılıb.

İkinci məsələ sosial şəbəkə istifadəçilərinin real hüquqi identiklik əsasında tanınmasının təmin edilməsidir. Yəni hər bir şəxs sosial şəbəkələrdə rəsmi kimliyi ilə təmsil olunmalıdır ki, məsuliyyət hissi artsın və onların fəaliyyəti, eləcə də qanunsuz fəaliyyəti hüquqi nəzarətdən kənarda qalmasın.

Nəhayət, sosial şəbəkələrin Azərbaycandakı fəaliyyətinə hüquqi status müəyyənləşdirməliyik. Bu şirkətlər kimə məxsusdur? Azərbaycan ərazisində fəaliyyət göstərərkən hansı məsuliyyəti daşıyırlar? Bu məsuliyyət pozulduğu halda hansı hüquqi cəzalar tətbiq edilə bilər?

Bir sıra ölkələrdə Facebook və Instagram kimi platformaların məhkəməyə verildiyini və böyük məbləğdə cərimələndiyini görürük. Biz də belə bir mexanizm qurmalıyıq. Düşünürəm ki, bu halda daha intizamlı və məsuliyyətli sosial media mühiti formalaşdıra bilərik”.

Media eksperti Yadigar Məmmədli isə qeyd edib ki, sosial şəbəkələrdə fikir azadlığı və məsuliyyət prinsipləri yalnız sosial şəbəkələrə aid deyil:

"Bu prinsiplər ümumiyyətlə, həmişə mövcud olub. Müxtəlif informasiya vasitələri yaranandan və fəaliyyətə başlayandan jurnalistikada əməl olunmalı xüsusi qaydalar və prinsiplər formalaşıb. Söhbət həm jurnalistlərdən, həm də müxtəlif informasiya vasitələrində çıxış edən digər şəxslərdən gedir.

Sonradan inkişaf baş verdi, elektron dünya yarandı, internet və rəqəmsal media vasitələri daha da inkişaf etdi, platformalar dəyişdi, amma prinsiplər dəyişmədi. Eyni qaydalar sosial şəbəkələrə də aiddir.

Sosial şəbəkələrə nəzər salsaq, görərik ki, əvvəllər burada daha az ciddi xəbərlər yayılırdı. Sosial şəbəkələr daha çox gündəlik həyat səviyyəsində, sərbəst bir məkan kimi fəaliyyət göstərirdi. Hər kəs bu məkanda gördüyünü, bildiyini, dəqiqləşdirmədiyini və düşündüyünü yazırdı. Amma artıq elə bir dövrə gəlib çatmışıq ki, sosial şəbəkələr hər kəsin həyatının bir hissəsinə çevrilib. Hamı oradadır, bütün fikirlər orada bildirilir, ciddi mənbələr də artıq bu platformalarda təmsil olunur.

Ona görə də sosial şəbəkələrdə müəyyən nizamın yaradılmasına ehtiyac yaranıb. Bu ehtiyacla əlaqədar bir çox ölkələrdə məhdudlaşdırıcı deyil, nizamlayıcı tədbirlər görülür.

Bildiyiniz kimi, ölkəmizdə də son zamanlar müvafiq qanunvericilik aktları, o cümlədən media haqqında qanun qəbul edilib. Sosial şəbəkələrdə fikirlər ifadə edilərkən müvafiq qaydalara, etik prinsiplərə əməl olunması, qadağan edilən fikirlərin və çağırışların qarşısının alınması nəzərdə tutulur. Hətta bu sahədə qanunvericiliklə müəyyən edilmiş cəzalar da var. Söhbət, təbii ki, maliyyə sanksiyalarından da gedir. Hər hansı bir şəxs qanuna uyğun olmayan, qanundan kənar hərəkətlərə yol verirsə, buna görə məsuliyyət daşıyır.

Artıq biz buna alışırıq. Bir çox Avropa ölkələrində bu prosesə daha əvvəl başlanılıb. Ölkəmizdə də son bir neçə ay ərzində sosial şəbəkələrdə qanunvericiliyin tətbiqi istiqamətində proses gedir. Bununla bağlı nəzarəti həyata keçirən müvafiq qurumlar da var.

Bu, çox yaxşıdır və məhdudlaşdırıcı yanaşma deyil. Sosial şəbəkələrin, dediyim kimi, çox böyük üstünlükləri var. Hər kəs öz fikrini operativ şəkildə, hamı üçün əlçatan formada ifadə edə bilir. Heç bir senzura yoxdur, amma bununla yanaşı, insanın özünə qarşı tətbiq etməli olduğu daxili senzura da var.

Hər kəs sosial şəbəkədə öz fikrini bildirərkən düşünməlidir: dediyi fakt doğrudurmu, dəqiqdirmi, onu əsaslandıra bilərmi? Yoxsa kimsə nəyisə görüb və olduğu kimi, dəqiqləşdirmədən yayıb? Əgər yayılan məlumat ictimai rəyin yanlış istiqamətə yönəldilməsinə, insanların aldadılmasına, kiminsə böhtana məruz qalmasına və ya linç edilməsinə xidmət edirsə, bu, qətiyyən yolverilməzdir. Bununla bağlı müvafiq qanunvericilik normaları mövcuddur.

Bu baxımdan, həmin məsuliyyət jurnalistlərin də üzərinə düşür. Fikir azadlığı, təbii ki, hər kəsin hüququdur. Hər kəs öz fikrini sərbəst ifadə edə bilər. Lakin eyni zamanda, müəyyən qaydalara, etik prinsiplərə və digər qanunvericilik aktlarının tələblərinə əməl edilməlidir. İnsan ifadə etdiyi fikirlərin əsaslı olmasına diqqət yetirməlidir ki, sabah həmin fikirlər tənqid olunduqda və ya hüquqi mübahisə yarandıqda məsuliyyətlə üzləşməsin.

Yanlış məlumatlarla bağlı məsələyə də toxunmaq istəyirəm. Yalan və böhtan xarakterli məlumatların yayılması, kiminsə nüfuzuna xələl gətirilməsi məsələləri qanunvericilikdə öz əksini tapıb. Belə hallarda məsul şəxslərin müəyyən edilməsi və qanunvericiliyə uyğun şəkildə cəzalandırılması nəzərdə tutulur.

Ona görə də jurnalistlər daim diqqətli olmalıdırlar. Burada əsas məsələ bütün bu prinsipləri hər zaman nəzərə almaqdır.

Sosial şəbəkələr jurnalistlər üçün çox böyük imkanlar yaradır. Onlar çalışdığımız media qurumlarından daha sürətli və operativ şəkildə məlumat yaymağa, daha geniş auditoriyaya çatmağa, dünyanın müxtəlif yerlərində insanlara xitab etməyə imkan verir. Lakin sürət və operativliyin yaratdığı üstünlüklərlə yanaşı, müəyyən məsuliyyət də yaranır. Əgər fəaliyyətimiz qanunsuz xarakter daşıyarsa və qeyri-etik davranışlara yol verilərsə, bunun müəyyən nəticələri ilə üzləşə bilərik. Təbii ki, qanun qarşısında cavabdeh olacağıq”.

Qeyd: material Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqaməti üzrə hazırlanıb.

Əlaqəli Xəbərlər