Övladı olan şəxslər övladlığa uşaq götürə və ya himayədar ailə ola bilərmi?
Şəxsin övladının olması onun övladlığa uşaq götürməsinə və ya himayədar valideyn olmasına maneə deyil.
Operativ Media xəbər verir ki, bununla belə, həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməli, uşağın mənafeyi və ailənin maddi imkanları nəzərə alınmalıdır.
Belə ki, ailə üzvlərinin övladlığa götürüləcək uşaq da daxil olmaqla hər birinə düşən orta aylıq gəliri yaşayış minimumundan aşağı olmayan, həmçinin qanunvericilikdə müəyyən olunmuş yaş, sağlamlıq və s. ilə bağlı tələblərə cavab verən şəxslər öz uşaqlarının olub-olmamasına baxmayaraq övladlığa da uşaq götürə bilərlər.
Hər iki valideyni olan himayədar ailədə öz uşaqları da daxil olmaqla, uşaqların ümumi sayı 5-dən, bir valideyni olan himayədar ailədə isə uşaqların ümumi sayı 3-dən artıq ola bilməz.
Qeyd edək ki, ötən dövrdə dövlət uşaq müəssisələrindən övladlığa və himayəyə götürülən uşaqlardan bir hissəsi də öz övladları olan ailələr tərəfindən övladlığa və himayəyə götürülüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin şəxslərə aylıq sosial ödənişlər də təyin edilib.