Menyu

Boşanma zamanı hansı əşyalar bölünmür? - QAYDALAR

Xəbərlər redaksiyası
Boşanma zamanı hansı əşyalar bölünmür? - QAYDALAR
1 dəq oxu

Boşanma zamanı ər-arvad arasında ümumi əmlakın bölünməsində bütün əşyalar eyni qaydada nəzərə alınmır. Bəzi fərdi istifadə əşyaları, uşaqlar üçün alınan əşyalar və uşaqların adına qoyulan əmanətlər bölünmədiyi halda, zinət əşyaları bu qaydadan istisna edilir.

Operativ Media xəbər verir ki, ər-arvadın nikah dövründə ümumi vəsaiti hesabına aldığı geyim, ayaqqabı və digər fərdi istifadə əşyaları, zinət əşyaları istisna olmaqla, kimin istifadəsində olubsa, həmin şəxsə məxsus hesab edilir.

Bu qayda mobil telefon, planşet və noutbuk kimi fərdi istifadə edilə bilən əşyalara avtomatik tətbiq olunmur. Belə əşyaların ər-arvadın ümumi əmlakı sayılıb-sayılmaması müəyyən edilərkən onların nikah dövründə ər-arvaddan birinin fərdi istifadəsində, yoxsa ailənin ümumi istifadəsində olması nəzərə alınır.

Zinət əşyaları isə fərdi istifadə əşyaları üçün nəzərdə tutulan istisnaya daxil edilmir. Üstəlik, zinət əşyası anlayışına yalnız qiymətli metallardan və ya qiymətli daşlardan hazırlanan əşyalar deyil, digər qiymətli bəzək, süs və yaraşıq əşyaları da aid edilir. Buna qol saatları, geyim aksesuarları və digər oxşar əşyalar da daxil ola bilər.

Bununla yanaşı, nikaha daxil olanadək və ya nikah dövründə keçirilən elçilik, nişan, toy və digər mərasimlər zamanı tərəflərdən birinə hədiyyə edilən zinət əşyaları həmin şəxsin ayrıca əmlakı hesab olunur.

Qanunvericiliyə görə, nikaha daxil olanadək ər və ya arvada məxsus olan əmlak, eləcə də nikah dövründə hədiyyə və ya vərəsəlik yolu ilə, həmçinin digər əvəzsiz əqdlər əsasında əldə edilən əmlak həmin şəxsin ayrıca mülkiyyətidir.

Yetkinlik yaşına çatmayan uşaqların tələbatı üçün alınan geyim, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabları və digər əşyalar isə ər-arvad arasında bölünmür. Bu əşyalar əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir.

Ər-arvadın ümumi vəsaiti hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər də ər-arvadın ümumi əmlakının bölünməsi zamanı nəzərə alınmır. Belə əmanətlər uşaqlara məxsus hesab edilir.

Əlaqəli Xəbərlər