Menyu

Qəzaya düşən sürücülərin sığorta pulu necə ödənilir? - QAYDALAR

Xəbərlər redaksiyası
Qəzaya düşən sürücülərin sığorta pulu necə ödənilir? - QAYDALAR
2 dəq oxu

Yol-nəqliyyat hadisəsi zamanı zərərçəkənin avtomobilinə dəyən zərərin ödənilməsi ilə bağlı sığorta şirkətləri arasında hesablaşmaların necə aparılması, pul vəsaitlərinin hansı müddətlərdə köçürülməsi və öhdəliklərini yerinə yetirməyən şirkətlərə qarşı hansı tədbirlərin görülməsi müəyyən edilib.

Operativ Media xəbər verir ki, zərərçəkənin sığortaçısı ilə hadisəni törədən şəxsin sığortaçısı arasında hesablaşmalar nağdsız formada həyata keçirilir.

Zərərvuranın sığortaçısının zərərçəkənin sığortaçısı qarşısında öhdəliyinin məbləği isə zərərçəkənin sığortaçısı tərəfindən irəli sürülən bütün subroqasiya tələblərinin orta məbləğlərinin cəminə bərabər olur. Bu orta məbləğlərin hesablanması qaydası müvafiq sığortaçıların bağladığı kollektiv sazişlə müəyyən edilir.

Hesablaşmalar həftəlik dövrlər üzrə aparılır. Hər hesablaşma dövrü həftənin ilk iş günü başlayır və ən çoxu 3 iş günü davam edir. Həftə ərzində iş günlərinin sayı 3 gündən az olduqda həmin dövr üzrə hesablaşma növbəti hesablaşma dövrü ilə birlikdə həyata keçirilir.

Sığortaçılar üçün pul köçürmələri ilə bağlı konkret vaxt məhdudiyyətləri də müəyyən edilib. Belə ki, Azərbaycan Sığortaçılar Bürosu hesablaşma dövrünün ilk iş günü saat 10:00-dək hər bir iştirakçıya subroqasiya tələblərinin reyestrini təqdim etməlidir.

Reyestrdə göstərilən pul vəsaitinin Büronun xüsusi hesabına köçürülməsi isə hesablaşma dövrünün ilk iş günü saat 17:00-dək təmin edilməlidir. Əgər bu müddətdə tələb olunan vəsait hesaba köçürülməzsə, Büro həmin iştirakçını dərhal məlumatlandırır.

Bununla belə, sığorta şirkəti ödənişi gecikdirdikdə əlavə tədbirlər görülə bilər. İştirakçı hesablaşma dövrünün ikinci iş günü saat 15:00-dək reyestrdə göstərilən məbləği xüsusi hesaba köçürməzsə, Büro kollektiv sazişə və nəzarət haqqında müqaviləyə uyğun olaraq həmin iştirakçının təminat hesabından tələb olunan vəsaitin xüsusi hesaba köçürülməsi barədə sərəncam verir.

Toplanan vəsaitlərin digər sığortaçılara çatdırılması üçün də müddət müəyyən olunub. Büro hesablaşma dövrünün üçüncü iş günü saat 17:00-dək xüsusi hesabdakı vəsaitləri subroqasiya tələblərinin reyestrinə uyğun olaraq iştirakçıların hesablaşma bankında bu məqsədlə açılmış hesablarına köçürür.

Qaydalarda bank köçürmələri zamanı yarana biləcək problemlər də nəzərə alınıb. Hesablaşma bankı hər hansı səbəbdən iştirakçının pul vəsaitini qəbul edə bilmədikdə, həmin iştirakçı bu barədə Büroya məlumat verməlidir. Büro isə vəsaitin qəbul edilməsi üçün başqa bankda açılmış hesabının rekvizitlərini iştirakçıya təqdim edir.

Bundan əlavə, Büro iştirakçıların hesablaşma məqsədilə açılmış bank hesablarının reyestrini aparır. Sığorta şirkəti Büronu məlumatlandırmaqla reyestrə daxil etdiyi hesabı növbəti hesablaşma dövrü başlamazdan əvvəl hesablaşma bankında açılmış başqa bank hesabı ilə əvəz edə bilər.

Beləliklə, sığorta şirkətləri arasında yol-nəqliyyat hadisələri ilə bağlı qarşılıqlı ödənişlərin həyata keçirilməsi konkret müddətlərə və müəyyən edilmiş prosedurlara əsaslanır. Vəsaitlərin vaxtında köçürülməməsi isə iştirakçının təminat hesabından tələb olunan məbləğin tutulması üçün tədbirlərin görülməsinə səbəb ola bilər.

Əlaqəli Xəbərlər