Aqroparklarda rezidentlər üçün güzəştlər və idarəetmə haqları – MƏBLƏĞ
Azərbaycanda dövlət tərəfindən yaradılan aqroparklarda rezidentlərin idarəetmə haqqı fəaliyyət növündən və təsərrüfatın xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir.
Operativ Media xəbər verir ki, dövlət aqroparkının infrastrukturunun və ümumi istifadədə olan ərazilərinin saxlanılması ilə bağlı xərclər rezidentlər tərəfindən ödənilir. Haqq hər hektar torpaq sahəsinə görə illik hesablanır və məbləğə ƏDV də daxildir.
Yevlax Pilot Aqroparkda birillik əkinlər və yem bitkiləri üzrə haqq sahənin ölçüsündən asılı olaraq müəyyənləşdirilib. Sahəsi 250 hektaradək olan təsərrüfatlar üçün hektara 24 manat, 250-1000 hektar arasında olanlar üçün 16 manat, 1000 hektardan böyük sahələr üçün isə 20 manat ödənilir.
Çoxillik əkmələr, yəni bağçılıq təsərrüfatları üzrə illik haqq hektara 59 manat, tingçilik təsərrüfatları üzrə 64 manat, tərəvəzçilik təsərrüfatları üzrə isə 70,8 manat təşkil edir.
İstixanalar və innovativ bitkiçiliklə məşğul olan təsərrüfatlar üçün hektara illik haqq 160 manat müəyyən edilib.
Müasir heyvandarlıq kompleksləri üzrə bu məbləğ hektara 600 manat, müasir quşçuluq və balıqyetişdirmə təsərrüfatları üzrə isə 1 440 manatdır.
Kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması və müxtəlif xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı ilə məşğul olan obyektlər üçün də illik haqq hektara 1 440 manat müəyyən edilib.
Haqqın məbləği bütün aqroparklarda eyni qaydada tətbiq edilmir və hər dövlət aqroparkı üzrə ayrıca müəyyən olunur. Məbləğ rezidentlərə göstərilən xidmətlərin həcmindən, təsərrüfatdan gəlir əldə edilməyə başlandığı müddətdən, sahibkarlıq fəaliyyətinin növündən və investisiya layihəsinin sosial mahiyyətindən asılı olaraq hesablanır.
Ödəniş mexanizmi də fəaliyyətin ilk illərində fərqlənir. Birillik əkinlər və yem bitkiləri üzrə haqq birinci ildən 100 faiz məbləğində hesablanır. Çoxillik əkmələrdə ilk üç il üçün 20 faiz, dördüncü və beşinci illərdə 60 faiz, altıncı ildən isə tam məbləğ tətbiq edilir.
Sosial bağçılıq təsərrüfatlarında ilk üç il ərzində haqq tutulmur, dördüncü və beşinci illərdə məbləğin 60 faizi, altıncı ildən isə 100 faizi ödənilir.
Tingçilik təsərrüfatlarında birinci il üçün haqqın 18 faizi, ikinci ildən etibarən isə tam məbləği hesablanır. Tərəvəzçilik, istixana və innovativ bitkiçilik təsərrüfatlarında isə ilk il 44 faiz, ikinci ildən 100 faiz ödəniş nəzərdə tutulur.
Müasir heyvandarlıq və quşçuluq kompleksləri, balıqyetişdirmə təsərrüfatları, eləcə də kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması, saxlanılması, çeşidlənməsi və satışı üzrə obyektlər üçün tikinti müddətində haqqın 33 faizi hesablanır, fəaliyyətə başlanılan ildən isə tam məbləğ tətbiq olunur.
Rezidentlər idarəetmə haqqını sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi barədə idarəedici təşkilatla müqavilə bağlandıqdan sonrakı 12 ay başa çatdıqdan sonra 30 təqvim günü ərzində idarəedici təşkilatın bank hesabına köçürməlidirlər.
Qaydalarda investisiya layihəsinin sosial mahiyyəti də nəzərə alınır. Buraya Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq çərçivəsində işaxtaran və işsiz kimi qeydiyyata alınan şəxslərin dövlət aqroparkının rezidenti kimi qeydiyyata alınması və burada sahibkarlıq fəaliyyəti göstərməsi daxildir.