“Azərişıq” ASC-də Zəfər Günü münasibətilə tədbir təşkil olunub
8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə "Azərişıq" ASC-nin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.
Operativ Media xəbər verir ki, əvvəlcə Səhmdar Cəmiyyətin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib. Burada yerləşən Zəfər Tağı abidəsinin önünə gül dəstələri düzülərək şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Daha sonra "Azərişıq" ASC-də Zəfər Gününə həsr olunan tədbir təşkil edilib. Tədbir Vətənimizin bütövlüyü və azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonra "Azərişıq" ASC-nin azad olunan ərazilərdə həyata keçirdiyi yenidənqurma işlərini əks etdirən videoçarx nümayiş olunub.
Çıxış edənlər kollektivi Zəfər bayramı münasibətilə təbrik edib. 44 günlük Vətən müharibəsində əldə olunan şanlı qələbədən və bu qələbədən sonra azad olunan ərazilərdə həyata keçirilən yenidənqurma işlərindən bəhs ediblər. Qeyd olunub ki, hələ müharibə davam edərkən qəhraman energetiklərimiz şanlı ordumuzun arxasınca irəliləyərək azad olunan rayonlarda, kənd və qəsəbələrdə strateji obyektləri Azərbaycan işığı ilə təmin edib. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Qarabağ və Şərqi Zəngəzurda elektrik təsərrüfatının yenilənməsi istiqamətində görülən işlər bu gün də uğurla davam etdirilir.
Həmçinin "Azərişıq" ASC-də çalışan Vətən müharibəsi qaziləri çıxış edərək bildiriblər ki, istər "Azərişıq" ASC-də işlədikləri müddətdə, istərsə də vətən uğrunda gedən döyüşlərdə iştirak etdikləri dövrdə hər zaman Müzəffər Ali Baş Komandanın əsgəri olublar və bununla da qürur duyublar.
Tədbirin sonunda "Azərişıq" ASC-nin əməkdaşı olan Vətən müharibəsi qazilərinə fəxri fərman və müxtəlif hədiyyələr təqdim edilib.